Azərbaycan Trans-Adriatik Boru Kəməri (TAP) vasitəsilə sabit qaz təchizatını təmin etməklə Cənub-Şərqi Avropa üçün qaz təchizatının şaxələndirilməsində əsas tərəfdaş kimi rolunu möhkəmləndirib.
Bu barədə Qaz İxrac edən Ölkələr Forumunun (Gas Exporting Countries Forum – GECF) illik hesabatında (Qaz Bazarı üzrə İllik Hesabat – 2026) qeyd olunub.
Hesabata əsasən, 2025-ci ildə Avrasiya üzrə qaz hasilatı 1,8 faiz azalaraq 868 milyard kubmetr təşkil edib. Bu azalma əsasən Rusiyada hasilatın aşağı düşməsi ilə bağlı olub.
“Rusiya dünyada ikinci ən böyük qaz istehsalçısı olaraq qalmaqla yanaşı, Avrasiyada ümumi hasilatın 77 faizini təmin edərək regional bazarda dominant mövqeyini qoruyur. Rusiyadan sonra regionun qaz mənzərəsi Türkmənistan, Özbəkistan, Azərbaycan və Qazaxıstanın birgə töhfələri ilə formalaşıb”, - hesabatda qeyd olunur.
Hesabatda bildirilir ki, ötən il Azərbaycanda qaz hasilatı 2,4 faiz artaraq 39 milyard kubmetrə çatıb. Bu artım əsasən ölkənin aparıcı dəniz yataqlarında sabit hasilat hesabına təmin olunub. Hasilatın əsas hissəsi 27,9 milyard kubmetr ilə “Şahdəniz” yatağının, həmçinin 3,5 milyard kubmetr ilə “Azəri-Çıraq-Günəşli” (AÇG) blokunun payına düşüb. Eyni zamanda, “Abşeron” qaz yatağında hasilat ilkin mərhələdə 7 faiz artaraq 1,6 milyard kubmetrə yüksəlib.
XQ

