Azərbaycan – Türkiyə – Avropa enerji körpüsü

post-img

Zəngəzur dəhlizindən keçəcək yüksək gərginlikli xətt “qoca qitə”yə güc daşıyacaq

Naxçıvan Muxtar Respublikasının ölkənin əsas enerji sistemi ilə birləşdirilməsi və Azərbaycan–Türkiyə–Avropa enerji dəhlizinin formalaşdırılması istiqamətində işlər sürətlə davam edir.

“AzərEnerji” Açıq Səhmdar Cəmiyyətinin məlumatın görə, hazırda bu məqsədlə Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıldan başlayaraq ikidövrəli olmaqla 1000 meqavat yükötürmə qabiliyyətinə malik 330 kilovoltluq yüksək gərginlikli ötürmə xətti inşa olunur. Layihənin növbəti mərhələsində Zəngəzur dəhlizini keçməklə 44 kilometr məsafədə əlavə ötürmə xətti inşa ediləcək. Bununla da muxtar respublikanın beynəlxalq enerji dəhlizində strateji mövqeyi ən yüksək səviyyəyə çatdırılacaq.

Bununla yanaşı, Naxçıvanda enerji infrastrukturu köklü şəkildə yenilənir, rəqəmsal və intellektual idarəetməyə əsaslanan müasir enerji sistemi qurulur. Layihə çərçivəsində regionun enerji təchizatında mühüm rol oynayan 110 kilovoltluq “Naxçıvan”, 154 kilovoltluq “Babək” və kilovoltluq “Çeşməbasar” yarımstansiyaları tam yenidən tikilir və işlər yekun mərhələyə çatıb. Xüsusilə, “Naxçıvan” yarımstansiyası regionda ilk qapalı tipli yarımstansiya olaraq inşa edilir ki, bu da təhlükəsizlik və operativ idarəetməni əhəmiyyətli dərəcədə artıracaq.

Eyni zamanda, enerji sisteminin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılır. Hazırda “AzərEnerji” tərəfindən bu məqsədlə Regional Rəqəmsal İdarəetmə Mərkəzi inşa olunur. Layihə çərçivəsində mövcud stansiya və yarımstansiyalar vahid SCADA şəbəkəsinə inteqrasiya olunacaq. Bütün bu yeniliklər isə enerji şəbəkəsinin məsafədən operativ və tam rəqəmsal idarə olunmasını təmin edəcək.

Bununla yanaşı, muxtar respublika üzrə ötürücü şəbəkə də mərhələli şəkildə yenilənir. Ötən əsrin 50-ci illərindən qalan 110 kilovoltluq hava xətləri müasir ötürmə xətləri ilə əvəz edilir. İlkin mərhələdə ümumi uzunluğu 69 kilometr olan “Culfa”, “Ordubad-1” və “Ordubad-2” elektrik verilişi xətləri ikidövrəli olmaqla yenidən qurulub. Hazırda isə yaşayış ərazilərindən keçən bəzi hava xətlərinin 5,2 kilometrlik hissəsi müasir şəhər üslubuna uyğun olaraq yeraltı kabel xətləri ilə əvəz olunur.

XQ

İqtisadiyyat