“907-ci düzəliş” qüvvədən salındı

post-img

Bunu ABŞ–Azərbaycan strateji əməkdaşlığının yeni səviyyəsi tələb edir 

Avqustun 8-də ABŞ-da Azərbaycanın ən müasir tarixi üçün olduqca mühüm bir hadisə baş verdi. ABŞ Prezidenti Donald Trampın iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında məhsuldar və nəticəli görüş keçirildi. Ölkə ictimaiy­yəti gecənin bir aləmində “Azərbaycan Respublikası və Ermənistan Res­publikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş”in razılaşdırılmış mətninin xarici işlər nazirləri tərəfindən paraflanmasına şahidlik etdi. Azərbaycan lideri İlham Əliyevin ABŞ-a bu səfəri artıq təkcə ölkəmizdə deyil, beynəlxalq aləmdə də Vaşinqton Zəfəri kimi qiymətləndirilir. 

Şübhəsiz ki, ABŞ Konqresinin 1992-ci il avqustun 6-da qəbul etdiyi “Azadlığı mü­dafiə Aktı”na 907-ci düzəlişin ləğvi səfər çərçivəsində əldə olunmuş çox mühüm uğurlardan biridir. Bu düzəliş 33 il əvvəl müstəqilliyini yenicə qazanmış Azərbayca­na qarşı tətbiq olunmuş ən böyük ədalətsiz­lik idi. Prezident Donald Tramp tərəfindən onun ləğv edilməsi xüsusi əhəmiyyət daşı­yır. Xatırlatmaq yerinə düşər ki, Azərbay­can torpaqlarının Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə – 1992-ci ildə ABŞ Konqresi tərəfindən rəsmi Vaşinqtonun Azərbaycana dövlət yardımı ayırmasına qadağa qoyması başa düşülmə­si olduqca çətin bir qərar idi. Elə çətin bir dövrdə Ermənistan tərəfindən işğala məruz qalmış Azərbaycan bir tərəfdən ərazilərini itirir, insanları qaçqın və məcburi köçkünə çevrilir, digər tərəfdən isə SSRİ-nin dağıl­dığı, iqtisadi əlaqələrin pozulduğu, sosial vəziyyətin sıfır həddinə düşdüyü bir vaxt­da ABŞ-ın dövlət yardımından da məhrum edilirdi. Amma təcavüzkar, Azərbaycanın abad şəhər və rayonlarını viranəyə çevirən Ermənistan bu illər ərzində ABŞ-dan mil­yardlarla dollar dövlət yardımı aldı. Bu ədalətsizliyin sonu gəlməli idi,.. 

Azərbaycan uzun illər bu ədalətsiz qəra­rın dayandırılması uğrunda mübarizə apar­malı oldu. Doğrudur, ABŞ-ın bəzi liderləri müxtəlif illərdə bədnam 907-ci düzəlişin tətbiqinin dayandırılması ilə bağlı addımlar atdı. Amma bu qərarlar müvəqqəti xarakter daşıyır, düzəliş sonra yenidən bərpa olunur­du. Elə ABŞ-ın Trampdan əvvəlki prezi­denti, demokrat Co Baydenin hakimiyyəti dövründə də düzəliş qüvvəsində saxlanıldı.

Şübhəsiz ki, 907-ci düzəliş təkcə Azər­baycana zərər vurmadı. Bu qərar ABŞ-ın da strateji maraqlarına uyğun deyildi və ölkələr arasında qarşılıqlı əlaqələr və əməkdaşlığın daha yüksək səviyyəyə qal­dırılması üçün böyük əngəl oldu. Son onil­liklər ərzində “Domokl qılıncı” kimi hər iki ölkənin başı üstündə asılmış bu qadağa həm də Azərbaycan ictimaiyyəti tərəfindən ədalətsizlik və ikili standartlar nümunəsi kimi qitmətləndirildi.

İndi bu bədnam düzəlişin ortadan qal­dırılması iki ölkənin münasibətlərini stra­teji müttəfiqlik səviyyəsinə qaldırır. Buna görə də Prezident İlham Əliyevin bu səfəri beynəlxalq aləmdə haqlı olaraq Vaşinqton Zəfəri adını alıb. 

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan media təmsilçilə­rinə müsahibəsində dedi ki, ədalətsiz 907-ci düzəlişin ləğv edilməsi, bunun məhz Ağ Evdə onun iştirakı ilə baş tutması rəmzi xarakter daşıyır. Yəni, ABŞ Prezidenti Do­nald Tramp bununla bağlı sənədi “başqa bir formatda da” imzalaya bilərdi. “Amma o, mənim iştirakımla bunu etməyə qərar ver­mişdi”, – deyə Azərbaycan Prezidenti əlavə edib.

Fərhad MƏMMƏDOV,
Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, politoloq

Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtondakı çıxışında ədalətsiz 907-ci düzəlişlə bağlı fikirlərini bildirdi. Onu əlavə edə bilərik ki, bu düzəliş 2001-ci ildən bəri ABŞ prezidentlərinin müstəsna səlahiyyətləri daxilində birillik müddətə dayandırılırdı. Son illər Bayden–Blinken administrasiyası bundan Azərbaycana qarşı şantaj, təzyiq vasitəsi kimi istifadə edirdi. Amma onlar bundan heç nə əldə edə bilmədilər. 

İndi isə Prezident Donald Tramp özü­nün müstəsna səlahiyyətlərindən istifadə edərək, 907-ci düzəlişin qüvvəsini birillik dayandırdı. Əlbəttə, bu, həmin maddənin tam ləğvi demək deyil. Bununla belə, biz anlayırıq ki, Trampın prezidentliyi döv­ründə bu trend qorunub saxlanacaq. Çünki Azərbaycanla ABŞ arasında imzalanmış strateji tərəfdaşlıq münasibətlərinə dair xartiya haqqında memorandum bu düzə­lişlə uyğun gəlmir. 

Deməli, ikitərəfli münasibətlərə dair memorandum imzalanıbsa, işçi qrup ya­radılıbsa və yaxın gələcəkdə xüsusi sənəd olacaqsa, o zaman 907-ci düzəlişin qüvvə­sinin dayandırılması ilə bağlı hər il qərar qəbul edilməlidir. Belə olan halda Azər­baycan üçün çox vacibdir ki, bu düzəliş tamamilə ləğv edilsin. 

Bunun üçün ABŞ-Azərbaycan mü­nasibətləri kifayət qədər dərinləşməli və genişlənməlidir ki, Prezident, Senat və Konqres tərəfindən yekdil bir qərara gə­linmiş olsun. 907-ci düzəlişin ləğvi haki­miyyətin bu üç qanadından asılıdır. Bun­dan əlavə, Ermənistanla da normallaşma prosesi dərinləşməli və genişlənməlidir ki, düzəlişin saxlanması üçün əsas qalma­sın. 

Düşünürəm ki, yaxın gələcəkdə, yəni, Donald Trampın hakimiyyətinin davam edəcəyi qarşıdakı 3 il yarım ərzində bu düzəlişin tamamilə ləğvi ilə bağlı tarixi qərar qəbul oluna bilər.

Paşa ƏMİRCANOV
XQ



Siyasət