Cənubi Koreyada Xocalı soyqırımına həsr olunmuş üçüncü simpozium keçirilib

post-img

Azərbaycanın Koreya Respublikasındakı səfirliyi və DGIEA Koreya-Azərbaycan Assosiasiyasının birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 34-cü ildönümünə həsr olunmuş növbəti simpozium keçirilib.

Seul şəhərinin Yonqsan rayon bələdiyyəsinin binasında təşkil olunan tədbirdə ölkəmizin Koreyadakı səfiri Ramin Həsənov giriş nitqi ilə açaraq, Xocalı soyqırımının təfərrüatları barədə məlumat verib, onu insanlığa qarşı cinayət adlandırıb.

Ədalət və hüququn bərpası naminə soyqırımı və müharibə cinayətlərinə hüquqi qiymət verilməsinin, onları törədənlərin cəzalandırılmasının əhəmiyyətini vurğulayan səfir bu xüsusda Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyasının əhəmiyyətini vurğulayıb.

Diplomat qeyd edib ki, 30 il keçəndən sonra Xocalıya ədalətin bərpasında əhəmiyyətli irəliləyişlər əldə edilib.

DGIEA Koreya-Azərbaycan Assosiasiyasının sədri Li Min Yonq Xocalı qətliamının qurbanlarının dərin kədərlə yad edildiyini qeyd edərək, onların yaxınlarına dözüm və səbir arzulayıb. O qeyd edib ki, belə ağır günlərdə Koreya xalqı özünə dost hesab etdiyi Azərbaycanın yanındadır. Natiq iki ölkə arasında dostluq və tərəfdaşlığın daha da dərinləşəcəyinə ümidini ifadə edib və rəhbərlik etdiyi təşkilatın bunun naminə əlindən gələni edəcəyini vurğulayıb.

Tədbir panel müzakirələri ilə davam edib.

Koreya Respublikasının Bakıdakı keçmiş səfiri Li Eun Yonq ölkəsinin Xocalı faciəsinin yaralarını yaxşı anladığını, dost Azərbaycan xalqının ağrısını bölüşdüyünü, hər iki ölkənin öz tarixində çətin dövrlərdən keçdiyini vurğulayıb. Koreyalı diplomat regionda davamlı sülhün bərqərar olmasının Azərbaycan-Koreya əməkdaşlığının dərinləşməsinə də böyük təkan verəcəyinə əminliyini ifadə edib.

Hankuk Xarici Dillər Universitetinin Beynəlxalq Regionşünaslıq Mərkəzinin professoru, politoloq Qivunq Canq Şuşa Qlobal Media Forumunun daimi iştirakçısı olduğunu bildirərək, Prezident İlham Əliyevin sözügedən tədbirlərdə iştirakını xatırlayıb. O, Forumda iştirak edərkən, işğaldan azad olunmuş əraziləri görmək imkanına malik olduğunu bildirib və həmin ərazilərdə ildən ilə müşahidə etdiyi abadlaşmanı məmnunluqla qeyd edib.

Donqduk Qadınlar Universitetinin Avrasiya Türk Dilləri İnstitutunun professoru Oh Eun Kyunq Xocalı şəhidlərini yad edərək, belə faciəvi gündə Azərbaycan xalqının kədərinə şərik çıxdıqlarını bildirib və ölkəmizə sülh arzulayıb. Türkoloq alim bildirib ki, Avropa və Asiya arasında mühüm körpü və Orta Dəhlizdə aparıcı qovşaq olan Azərbaycana aid mövzuların Koreyada tədris olunması vacibdir.

Seul Milli Universitetinin Müasir Koreya Ədəbiyyatı departamentinin professoru Banq Min Ho Azərbaycan və Koreyanın xalq ədəbiyyatında müəyyən etdiyi oxşarlıqlardan danışıb, bunun iki xalqın milli-mənəvi dəyərlərinin yaxınlığından xəbər verdiyini vurğulayıb.

Cənubi Koreyada Xocalı soyqırımı ilə bağlı artıq üçüncü dəfə təşkil edilən simpoziumda bu ölkədə akkreditə olunmuş diplomatik missiyaların rəhbərləri və əməkdaşları, Koreyanın siyasi, iqtisadi, mədəni, elmi və təhsil dairələrinin nümayəndələri, mətbuat təmsilçiləri və Azərbaycanın diasporunun üzvləri iştirak ediblər.

XQ



Qan yaddaşı