Göygöl:  Xocalı qurbanlarının xatirəsi ehtiramla anılıb

post-img

Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar respublikamızın hər yerində olduğu kimi, Göygöl rayonunda da faciə qurbanlarının əziz xatirəsi dərin hüzn və ehtiramla yad edilib. Bu gün Göygöldə adi günlərdən fərqli bir sükut, fərqli bir kədər hiss olunurdu.

Anım əlaməti olaraq rayon ərazisində dövlət bayraqları endirilib. Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, YAP rayon təşkilatının sədri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri Şəhidlər Xiyabanını ziyarət edərək şəhid məzarları önünə gül dəstələri düzüblər. Ziyarət zamanı hər kəsin üzündə kədər, baxışlarında isə ehtiram vardı.

Şəhid məzarları önündə edilən dualar, səssiz dayanışlar bir daha göstərdi ki, Xocalı faciəsi xalqımızın qan yaddaşıdır və bu yaddaş heç zaman silinməyəcək.

Saat 17:00-da isə rayon ərazisində həyat sanki bir anlıq dayandı. Nəqliyyatın hərəkəti saxlanıldı, avtomobillər səs siqnalları ilə Xocalı qurbanlarının xatirəsinə ehtiramlarını ifadə etdilər. Küçələrdə, prospektlərdə insanlar ayaq saxlayaraq bir dəqiqəlik sükuta qoşuldular. O sükutda həm ağrı vardı, həm xatirə, həm də unutmamaq əzmi.

Göygöldə keçirilən anım mərasimi bir daha təsdiq etdi ki, Xocalı qurbanlarının xatirəsi xalqımızın qəlbində yaşayır və yaşayacaq. Bu ağrı zaman keçsə də azalmasa da, bizi daha da birləşdirən, tariximizə daha möhkəm bağlayan bir yaddaşa çevrilib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri















Qan yaddaşı