Estoniyada Xocalı soyqırımı barədə ictimai məlumat kampaniyası keçirilir

post-img

Bu gün Estoniyanın Tallin şəhərində Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar ictimai məlumat kampaniyası keçirilir.

AZƏRTAC xəbər verir ki, “Birlik” icmasının təşəbbüsü ilə Xocalı faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş videoçarxlar şəhərin böyük ekranlarında nümayiş etdirilir.

Görüntülər bu gün yerli vaxtla səhər saat 08:00-dan 22:00-dək şəhərin dörd müxtəlif məkanında yayımlanır.

“Bunu yaymaqda məqsədimiz nifrəti daha da artırmaq deyil, acı tariximizi unutmamaq, bizdən sonrakı nəsillərə çatdırmaq, yaşadığımız ölkədə bu həqiqətləri geniş ictimaiyyətə təqdim etmək və ədalətin bərqərar olunmasını tələb etməkdir”, – deyə “Birlik” icmasının sədri Zakir Miriyev bildirib.

“Birlik” icmasının nümayəndəsi Elnur Vəliyev isə hisslərini bölüşərək qeyd edib ki, 26 fevral 1992-ci il tarixi hər birimiz üçün əbədi ağrı, dərin kədər və unudulmaz faciə kimi yadda qalıb: “Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin hörmət və ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Bu faciə yalnız bir şəhərin deyil, bütün xalqımızın taleyində silinməz iz qoyub”.







Qan yaddaşı