Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
“Yerin təki haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 4, maddə 224 (Cild I); 2024, № 3, maddə 250) aşağıdakı dəyişikliklər edilsin:
1. 7-ci maddənin birinci hissəsinin yeddinci abzasının sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə edilsin:
“su anbarlarında və ya sututarlarda toplanan çöküntülərin (qum, qum-çınqıl, gil), habelə tunellərin və ya keçidlərin tikintisi ilə əlaqədar yerin təkindən çıxarılan süxurların istifadəsi.”.
2. 13-cü maddə üzrə:
2.1. ikinci hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Yerin təkinin istifadəyə birbaşa danışıqlar yolu ilə verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”;
2.2. aşağıdakı məzmunda səkkizinci və doqquzuncu hissələr əlavə edilsin:
“Qeyri-filiz faydalı qazıntı yataqlarının istismarı ilə məşğul olan yer təki istifadəçilərinin fəaliyyətinin sağlamlaşdırılması tədbirlərinə dair qaydalar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur.
Yer təki istifadəçilərinə dağ-mədən işləri ilə əlaqədar istehsal tullantılarından istifadə hüququ müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq verilir.”.
3. Aşağıdakı məzmunda 13-1-ci maddə əlavə edilsin:
“Maddə 13-1. Yerin təki sahələrinin rekultivasiyası
13-1.1. Yerin təki istifadəçiləri işlərin aparıldığı ərazidə torpağın münbitliyinin və digər faydalı xassələrinin qorunması, bərpa edilməsi və yüksəldilməsi, o cümlədən ətraf mühitin vəziyyətinin yaxşılaşdırılması məqsədilə həmin torpaqların rekultivasiyasını rekultivasiya planı əsasında təmin etməlidirlər.
13-1.2. Rekultivasiya planı faydalı qazıntıların istismarını, eləcə də yeraltı qurğuların tikintisini və istismarını həyata keçirən fiziki və hüquqi şəxslər tərəfindən yerin təkindən istifadə hüququ əldə edildikdən sonra 3 (üç) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rekultivasiya planına dair dövlət ekoloji ekspertizasının müsbət rəyi ilə birlikdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim edilməlidir.
13-1.3. Yerin təkindən istifadə sahəsinin xüsusiyyətləri, süxurların kimyəvi tərkibi, çirklənmənin növündən asılı olaraq rekultivasiyanın üsulları (mexaniki, bioloji, kimyəvi, termik) və istiqamətləri, o cümlədən müddəti müəyyənləşdirilir, istismarın dərinliyi, faydalı qazıntının növü və istismar ediləcək həcmə uyğun olaraq rekultivasiya planı tərtib edilir.
13-1.4. Rekultivasiya planı hazırlanarkən aşağıdakılar nəzərə alınır:
13-1.4.1. torpağın münbit qatının həcmi və götürüləcək torpağın toplandığı ərazi;
13-1.4.2. faydalı qazıntıların və yanakı süxurların xüsusiyyətləri;
13-1.4.3. ərazinin hidrogeoloji və mühəndis-geoloji şəraiti;
13-1.4.4. süxurların saxlanılma dövründə öz xüsusiyyətlərini dəyişməsinin mümkünlüyü və ətraf mühitə təsiri;
13-1.4.5. yeraltı suların çirklənməsinin yolverilməzliyi;
13-1.4.6. faydalı qazıntıların istismarının müddəti;
13-1.4.7. bərpanın üsulları və ardıcıllığı;
13-1.4.8. bərpa müddəti.
13-1.5. Yerin təki ilə bağlı işlərin aparıldığı ərazilər üzrə rekultivasiya qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 17 mart 2026-cı il

