Akademik Mustafa Topçubaşovun 130 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

post-img

2025-ci ilin avqust ayında Azərbaycan Respublikası Elmlər Akademiyasının təsisçilərindən biri, görkəmli alim və tanınmış ictimai xadim, tibb elmləri doktoru, SSRİ Tibb Elmləri Akademiyasının həqiqi üzvü, SSRİ Dövlət mükafatı laureatı, Əməkdar elm xadimi, akademik Mustafa Ağabəy oğlu Topçubaşovun anadan olmasının 130 ili tamam olur.

Akademik Mustafa Topçubaşov çoxşaxəli və dolğun fəaliyyəti ilə ziyalılığın parlaq nümunəsini yaratmış böyük nüfuza malik şəxsiyyətdir. O, Azərbaycan tibb elminə mühüm nailiyyətlər qazandırmış, tibb təhsili və səhiyyə sisteminin müasir əsaslar üzərində qurulması işinə misilsiz töhfələr vermişdir. Mustafa Topçubaşov respublikada cərrahlıq elmi məktəbinin banilərindəndir. Təbabətin müxtəlif sahələri üzrə müalicə texnologiyalarının və cərrahi problemlərin kompleks şəkildə öyrənilməsi yenilikçi alimin fundamental araşdırmalarının başlıca istiqamətlərini təşkil etmişdir. Praktiki cərrahiyyədə geniş yayılmış orijinal müalicə üsullarının tətbiqi və beynəlxalq miqyasda Azərbaycan cərrahiyyəsinin layiqincə təmsil olunması Mustafa Topçubaşovun adı ilə sıx bağlıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda səhiyyənin və tibb elminin inkişafında xüsusi xidmətlərini nəzərə alaraq, akademik Mustafa Topçubaşovun anadan olmasının 130 illiyinin keçirilməsini təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyası Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi ilə birlikdə akademik Mustafa Topçubaşovun 130 illiyinə dair tədbirlər planı hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 10 iyun 2025-ci il

Sərəncamlar