“Əlilliyi olan şəxslərin hüquqları üzrə dəyirmi masa”
Bu mövzuda sessiyada inklüziv şəhərsalma, əlçatan yaşayış mühiti və sosial inteqrasiya məsələləri müzakirə olundu.
Müasir şəhərsalmada əsas prioritetlərdən biri əlilliyi olan şəxslər üçün inklüziv və əlçatan mühitin yaradılmasıdır. Bu kateqoriyadan olan insanlar şəhərlərdə maneəsiz hərəkət imkanları, uyğun ictimai nəqliyyat və ictimai məkanlara rahat çıxış gözləyirlər. Eyni zamanda, sosial xidmətlərin və rəqəmsal platformaların hər kəs üçün əlçatan olması xüsusi əhəmiyyət daşıyır.
Qlobal Əlillik Fondunun baş texniki mərkəz koordinatoru Əhməd Qanem çıxışında əlilliyi olan şəxslərin hüquqlarının qorunması üçün beynəlxalq əməkdaşlığın vacibliyini qeyd etdi.
Əlilliyi olan şəxslər üçün Müstəqil Həyat Mərkəzinin nümayəndəsi Aydın Xəlilov müstəqil yaşayış imkanlarının genişləndirilməsinin sosial inteqrasiyaya mühüm töhfə verdiyini bildirdi.
Professor Floyd Morris əlçatan mənzil hüququnun fundamental insan hüquqlarından biri olduğunu vurğuladı.
Dünya Gözdən Əlillər Birliyinin prezidenti Santoş Kumar Runqta xüsusilə elektrik avtomobillərin geniş yayılması ilə bağlı yeni təhlükələrə diqqət yetirdi. Onun sözlərinə görə, səssiz işləyən elektrik avtomobillər piyadalar üçün potensial təhlükə yaradır: “Elektrik avtomobilləri geniş şəkildə yayılır və səssiz işləmələri piyadalar üçün təhlükə yarada bilər. Bu məsələ təhlükəsizliklə birbaşa bağlıdır”.
Bəs Ümumdünya Şəhərsalma Forumunda fikizi məhdudiyyətli şəxslər üçün hansı şərait yaradılıb?
Davud RƏHİMLİ, Azərbaycan Əlil Təşkilatları İttifaqının prezidenti:
– Son illər Azərbaycanda mühüm beynəlxalq tədbirlər keçirilir. COP29-u və Ümumdünya Şəhərsalma Forumunu buna misal göstərə bilərik. Bu qlobal müzakirələrdə inklüzivlik məsələsinə xüsusi diqqət ayrılması sevindirici haldır. BMT səviyyəsində bu məsələ yüksək qiymətləndirilib. Prezident İlham Əliyev də forum məkanında yaradılan şəraitlə tanış olaraq inklüzivliyin təmin olunmasını müsbət dəyərləndirib.
Əlilliyi olan şəxslərin cəmiyyətə tam inteqrasiyası üçün ən vacib məsələlərdən biri əlçatan mühitin yaradılmasıdır.
Hazırda WUF13-də biz bunun real nümunəsini görürük. Burada fikizi məhdudiyyəti olan şəxslər üçün bütün lazımi şərait yaradılıb. Onların sərbəst hərəkəti və forumda fəal iştirakı üçün heç bir maneə yoxdur. COP29 zamanı da buna bənzər yanaşmanın şahidi olmuşduq.
Ümumiyyətlə, ölkəmizdə bu istiqamətdə həm qanunvericilik, həm də praktiki səviyyədə mühüm addımlar atılır. Belə beynəlxalq tədbirlərin Azərbaycanda keçirilməsi Bakı və ümumilikdə digər şəhərlərin daha əlçatan olmasına da ciddi töhfə verir.
Əlbəttə, xüsusi proqramlar həyata keçirilir, fiziki maneələrin aradan qaldırılması istiqamətində addımlar atılır. Amma düşünürəm ki, bu proses daha kompleks şəkildə aparılsa, nəticələr daha effektiv olar. Çünki biz uzun illər əlilliyi olan insanların cəmiyyətdən müəyyən qədər təcrid olunduğu bir sistemdə yaşamışıq.
Bütün problemləri birdən-birə həll etmək mümkün deyil. Bu, mərhələli şəkildə həyata keçirilməlidir. Amma əsas odur ki, artıq bu istiqamətdə iradə və real fəaliyyət mövcuddur.
Afiq MƏMMƏDOV, AMEA vitse-prezidenti xidmətinin elmi katibi:
– Forumun məclislərində əlilliyi olan şəxslər üçün yaradılan şəraiti çox yüksək qiymətləndirirəm. Əlçatanlıq və hərəkət imkanları kifayət qədər yaxşı təşkil olunub. Hətta dünən mənim də yardıma ehtiyacım oldu və könüllülər çox operativ şəkildə dəstək göstərdilər. Onlar mənə istiqamət verdilər, hərəkət etməyimə kömək etdilər və sonda maşına qədər müşayiət etdilər. Bu cür yanaşma tədbirin inklüzivlik baxımından nə qədər ciddi təşkil olunduğunu göstərir.
Biz əsasən elm və ekologiya ilə bağlı tədbirlərdə iştirak edirik. Son illərdə bu sahədə müsbət irəliləyişlər müşahidə olunur. Şəhərdə əlçatanlıq istiqamətində, xüsusilə hərəkət məhdudiyyəti olan şəxslər üçün keçidlərin və infrastrukturun yaxşılaşdırılması üzrə mühüm addımlar atılıb. Amma hələ də bəzi problemlər qalır. İnanırıq ki, onlar da tez bir zamanda öz həllini tapacaq.
Qəndab ƏKBƏRLİ, qonaq:
– Hazırda forum ərazisində görmə məhdudiyyətli, eşitmə və ünsiyyət çətinliyi yaşayan şəxslərin də tədbirdə rahat iştirakı üçün lazımi şərait yaradılıb.
Sevindirici haldır ki, bu yanaşma artıq şəhərimizdə də özünü göstərməyə başlayıb. Ümid edirəm ki, gələcəkdə bu proses daha da genişlənəcək, hamımız birlikdə çalışaraq şəhərimizi hər kəs üçün daha əlçatan və rahat məkana çevirə biləcəyik.
Aysel ƏLİYEVA, qonaq:
– Burada yaradılan şərait göstərir ki, əlçatan mühit hər kəs üçün mümkündür. İnsanlar burada sərbəst şəkildə hərəkət edə bilirlər. Bu imkanlar təkcə əlil arabasından istifadə edən şəxslər üçün deyil, həm də görmə və eşitmə məhdudiyyəti olan insanlar üçün nəzərdə tutulub. Yəni məqsəd odur ki, hər bir şəxs özünü cəmiyyətin tamhüquqlu üzvü kimi hiss etsin və heç bir maneə ilə qarşılaşmasın.
Marvan BISALAM, süni intellekt mütəxəssisi:
– Düşünürəm ki, burada şərait artıq kifayət qədər yaxşı qurulub. Hər şey əlçatandır və yaxşı təşkil olunub. Biz rahat şəkildə daxil ola, sərbəst hərəkət edə və heç bir çətinlik olmadan iştirak edə bilirik.
Günay ƏLİYEVA, könüllü:
– Stendimizdə görmə məhdudiyyətli şəxslər üçün nəzərdə tutulmuş xüsusi kataloqlarımız nümayiş olunur. Bununla yanaşı, beynəlxalq praktikada geniş tətbiq edilən "günəbaxan qolbaqları"mız da var ki, bu rəmz vasitəsilə biz cəmiyyətdə həddindən artıq stres keçirən, xüsusi qayğıya, eləcə də görmə və danışma relyefində müəyyən məhdudiyyətləri olub köməyə ehtiyac duyan insanları vaxtında aşkar edir, onlara lazımi diqqət və dəstəyi göstəririk.
Eyni zamanda, stendimizdə səsin gücləndirilməsi və ötürülməsi üçün xüsusi audio-cihazlarımız və səsin akustik tənzimlənməsi sistemimiz mövcuddur. Bu xidmət bir guşə ilə məhdudlaşmır. Hər bir zonada bizim üçün ayrılmış xüsusi masalar fəaliyyət göstərir.
F.ƏLİYEVA,
C.QAÇAYEV (foto)
XQ


