Azərbaycan–Gürcüstan arasında son illər iqtisadi sahədə də yüksək əməkdaşlıq müşahidə edilir. Azərbaycanın öz enerji resurslarını Avropa bazarlarına çatdırmasında, eyni zamanda, Şərqdən Qərbə gedən yüklərin daşınmasında Gürcüstan mühüm tranzit rolu oynayır.
Respublikamız dost ölkə iqtisadiyyatına investisiya qoyuluşuna da xüsusi diqqət yetirir. Mərkəzi Bankın məlumatına əsasən, Azərbaycanın ötən il Gürcüstan iqtisadiyyatına 165 milyon ABŞ dolları (2023-cü ildəki göstərici ilə müqayisədə 77,8 milyon dollar və ya 1,9 dəfə çox) sərmayə qoyması da bunun bariz ifadəsidir. Bu, həm də onu göstərir ki, hökumətimizin uğurlu iqtisadi siyasəti, investisiyaların cəlb edilməsi, Gürcüstanda olan çox müsbət sərmayə iqlimi bütün investorları həvəsləndirir. O cümlədən Azərbaycan investorları da böyük həvəslə Gürcüstana öz sərmayələrini yatırır.
Qeyd edək ki, iki ölkənin enerji və nəqliyyat-logistika sahələrində birgə reallaşdırdığı nəhəng layihələr nəinki ikitərəfli əməkdaşlığın inkişafına xidmət edir, hətta regiondan kənar qlobal enerji təhlükəsizliyi, eləcə də qitələrarası nəqliyyat bağlantılarında müstəsna rol oynayır. Məsələn, Bakı–Tbilisi–Ceyhan neft boru xətti və Cənub Qaz Dəhlizi kimi mühüm enerji layihələri Avropanın enerji təhlükəsizliyinə töhfə verir, Bakı–Tbilisi–Qars dəmiryolu isə Şərq və Qərb arasında qısa, səmərəli alternativ bağlantı yaradır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə ölkəmizdə rəsmi səfərdə olan Gürcüstanın Prezidenti Mixeil Kavelaşvilinin aprelin 16-da mətbuata bəyanatlarla çıxışlarında da bu uğurlu əməkdaşlıq dərindən təhlili diqqət çəkdi. Dövlətimizin başçısı iki ölkə arasında münasibətlərin yüksək səviyyədə olduğunu, Gürcüstan və Azərbaycanın bir çox önəmli layihələri birgə gerçəkləşdirdiklərini və bu layihələrin həm ölkələrimiz, xalqlarımız, həm də daha geniş coğrafiya üçün böyük önəm daşıdığını vurğuladı.
Prezident İlham Əliyev daha sonra dedi: “Bizi birləşdirən bir çox sərmayə layihələri, qeyd etdiyim kimi, böyük coğrafiya üçün önəmlidir. Azərbaycanın və Gürcüstanın birgə həyata keçirdiyi neft-qaz layihələri, neft-qaz kəmərləri, nəqliyyat, kommunikasiya layihələri, sözün əsl mənasında, böyük əhəmiyyət daşıyan layihələrdir və nəinki Cənubi Qafqazın, Avrasiya regionunun nəqliyyat və enerji xəritəsini yenidən tərtib edən layihələrdir. Əgər biz bu gün Avropanın enerji təhlükəsizliyi haqqında danışırıqsa, bunu Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil”.
Dövlətimizin başçısı bəyanatında hazırda Gürcüstan da daxil olmaqla Azərbaycanın 12 ölkəyə təbii qaz ixrac etdiyini və bu ixracın Gürcüstan vasitəsilə həyata keçirildiyini vurğulayıb, eyni zamanda, nəqliyyat-kommunikasiya sahəsində əldə olunmuş nailiyyətlərin, yeni inşa edilmiş dəmir yolları və limanların həm Azərbaycanda, həm də Gürcüstanda böyük sinergiya yaratdığını və əslində, Orta Dəhlizin ayrılmaz hissəsinə çevrildiyini diqqətə çatdırıb.
Hazırda Azərbaycan Gürcüstanla birlikdə “yaşıl” enerji layihələrini uğurla həyata keçirir. Bu istiqamətdə reallaşdırılan layihələrdən biri – “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” haqqında bəzi məqamlara toxunmaq istərdik. Belə ki, cari il aprelin 4-də Bakıda Cənub Qaz Dəhlizi və Yaşıl Enerji Məşvərət şuraları çərçivəsində “Azərbaycan–Gürcüstan–Türkiyə–Bolqarıstan Yaşıl Enerji Dəhlizi” layihəsi üzrə keçirilən nazirlərin 2-ci iclasında bu layihə üzrə Anlaşma Memorandumu imzalanıb.
İclasda enerji təhlükəsizliyinin təmin olunmasında regionlararası “yaşıl” enerji infrastrukturunun qurulmasının vacibliyi və Azərbaycanın zəngin bərpaolunan enerji resurslarının nəqli sahəsində geniş əməkdaşlığı təşviq edən layihələrin rolu vurğulanıb. Eyni zamanda, yeni “yaşıl” interkonnektorun əhəmiyyəti və layihənin həyata keçirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.
Beləliklə, bu sənəd imzalanmaqla mənbəyi Azərbaycan olan daha bir “yaşıl” enerji dəhlizinin yaradılmasına başlanıldığı elan edilib. Eyni zamanda, Azərbaycanın zəngin “yaşıl” enerji potensialı, iddialı layihələri, enerji ixracı infrastrukturunun yaradılması və ölkələrimiz arasında enerji təchizatı üzrə əməkdaşlıq təcrübəsi bu dördtərəfli təşəbbüsün gələcək uğuru üçün möhkəm təməl yaradıb.
Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Vaxtanq Tsintsadzenin sözlərinə görə, bu gün Azərbaycan, Bolqarıstan, Gürcüstan və Türkiyə respublikaları arasında imzalanan Anlaşma Memorandumu transsərhəd elektrik infrastrukturu sahəsində əməkdaşlığın genişləndirilməsi üçün zəmin yaradır. Dördə ölkə birlikdə çalışaraq enerji təhlükəsizliyini yaxşılaşdırmaq, bərpa olunan enerjidən istifadəni artırmaq və növbəti nəsillər üçün daha təmiz və davamlı gələcək yaratmaq istiqamətlərində əhəmiyyətli irəliləyişlər əldə edir.
Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar qeyd edib ki, transsərhəd elektrik enerjisi birləşmələri texniki, iqtisadi və strateji cəhətdən çox vacibdir. Bu təşəbbüs regionumuza enerji təhlükəsizliyinin artırılmasından infrastrukturun daha səmərəli istifadəsinə, eləcə də iqtisadi faydadan dayanıqlılığa kimi bir sıra strateji faydalar gətirəcək. Lakin bu təkcə başlanğıcdır. Gələcəkdə isə icra, tənzimləyici bazanın uyğunlaşdırılması və bazarın sinxronlaşdırılması sahələrində sıx əməkdaşlığa ehtiyac olacaq.
Bolqarıstanın energetika naziri Jeço Stankov isə diqqətə çatdırıb ki, enerji sektorunun transformasiyası etibarlı, təmiz və əlverişli enerji təchizatı tələb edən iqtisadi dəyişikliklərin bir hissəsidir. Bunlar ümumi çağırışlardır, lakin güclü və etibarlı əməkdaşlıq və tərəfdaşlıqlara əsaslanan həllər tapılmalıdır.
Xatırladaq ki, yuxarıda adıçəkilən ənəd 4 ölkə arasında “yaşıl” elektrik enerjisinin ötürülməsi və ticarəti potensialının artırılması məqsədilə birgə investisiya layihələrinin hazırlanması, elektrik enerjisi infrastrukturunun inkişafı, o cümlədən “ENTSO-E” sisteminə inteqrasiya prosesi üzrə əməkdaşlığı ehtiva edir.
Orta Dəhliz kimi tanınan Trans–Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafının hər iki ölkə tərəfindən diqqətdə saxlanılması məsələsinə gəldikdə isə onu deyə bilərik ki, sözügedən dəhliz Çin ilə Avropa ölkələrini Qazaxıstan, Xəzər dənizi akvatoriyası, Azərbaycan, Gürcüstan və Türkiyə vasitəsilə birləşdirir. Son illərdə Orta Dəhliz üzrə yükdaşımaların həcmi 8 dəfə artıb. Əgər 2021-ci ildə daşınan yüklərin həcmi 560 min ton idisə, 2024-cü ildə bu rəqəm 4,5 milyon tona çatıb. Bu il üçün proqnoz 4,9 milyon ton, 2029-cu ilə qədər isə yükdaşımaların 10 milyon tona çatacağı gözlənilir.
V.BAYRAMOV
XQ