“Gürcüstan Prezidenti Mixeil Kavelaşvili ilk xarici səfərinə Azərbaycandan başlayıb. Məlum olduğu kimi, Azərbaycan Gürcüstanın strateji tərəfdaşı və dost ölkədir. Məhz ilk səfərin Azərbaycana reallaşması son dərəcə əhəmiyyətlidir. Səfər çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyev və Baş nazir Əli Əsədovla yüksək səviyyəli görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əməkdaşlıq, eləcə də iki ölkə arasında həyata keçirilən mühüm iqtisadi layihələr, xüsusilə bərpa olunan enerji və digər irimiqyaslı layihələr müzakirə olunub.
Düşünürəm ki, prezidentin səfəri ölkələr arasında münasibətlərin möhkəmlənməsinə kömək edəcək”. Bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Pataradze bildirib. Onun sözlərinə görə, regional təhlükəsizlik, o cümlədən mədəni-humanitar istiqamətlər də nəzərdən keçirilib. Səfir bildirib ki, Tbilisi Cənubi Qafqazda sabitlik və sülhün tərəfdarıdır: “Bu, regionu investorlar üçün daha cəlbedici edir”.
Gürcüstan Prezidenti də iki ölkə arasında müxtəlif sahələrdə, o cümlədən infrastruktur layihələrinin həyata keçirilməsində əməkdaşlığa önəm verir. Dövlət başçısı mətbuata açıqlamalarında dəfələrlə qeyd edib ki, Orta dəhlizin Azərbaycanla birgə inkişafı vacibdir. Mixeil Kavelaşvilinin sözlərinə görə, Bakı Tbilisinin əsas investorlarından biridir: “Dostluq münasibətlərimizə əsaslanaraq, bizi iqtisadi və qarşılıqlı faydalı məsələlər maraqlandırır. Dünyada hər kəsin bildiyi Orta dəhliz regionun inkişafı üçün böyük imkanlar açır”.
Bəli, Orta dəhliz layihəsi böyük perspektivlər vəd edən bir infrastrukturdur. Son zamanlarda ABŞ-ın Çinlə iqtisadi rəqabətinin genişlənməsi ilə onun əhəmiyyəti daha da artır. İki ölkənin Avropa və Asiya arasında strateji tranzit qovşağı kimi mövqeyini möhkəmləndirir. Eyni zamanda, Xəzər dənisi sahilində Ələt, Qara dəniz sahilində isə Anakliada kimi dəniz infrastrukturunun yaradılmasına səbəb olur. Bu limanlar Orta dəhliz boyu yük daşımalarını daha səmərəli edəcək. Azərbaycanın beynəlxalq daşımalar sahəsində strateji əhəmiyyətini daha da artıracaq.
Onu da qeyd edək ki, bu infrastruktur hər iki ölkənin iqtisadi təhlükəsizliyi və potensialının tam reallaşdırılması baxımından da böyük əhəmiyyət kəsb edir. Əlbəttə, Gürcüstan və Azərbaycanın ikitərəfli qaydada fəal əməkdaşlıq etdiyi birgə layihələrə Bakı–Tbilisi–Qars dəmir yolu və Cənub Qaz Dəhlizi də daxildir. Azərbaycan qazına Avropada tələbat var və bu təlabat hər il artır. Bu səbəbdən də Azərbaycanın qaz sənayesinin inkişafı, Qərbin enerji təhlükəsizliyi üçün vacibdir. Avropanın enerji təhlükəsizliyini isə Azərbaycansız, Gürcüstansız təsəvvür etmək mümkün deyil.
Yada salaq ki, Avropaya qazı çatdıran Cənub Qaz Dəhlizi Gürcüstandan keçir və iki qonşu dövlətin əməkdaşlığının inkişafına xidmət edir.
Hazırda Azərbaycan “yaşıl” enerji sahəsində də Gürcüstanla əməkdaşlığı inkişaf etdirir. Avropa İttifaqında “yaşıl” enerjiyə böyük sərmayələrin yatırılmasına baxmayaraq, yenə də orda elektrik enerjisi çatışmır. Bu səbəbdən, ölkəmizdən elektrik enerjisi idxal etmək istəyirlər. Azərbaycan gələcəkdə Gürcüstandan keçməklə Qara dənizin dibi ilə Rumıniyaya elektrik enerjisi ixrac edəcək.
Xatırladaq ki, 2022-ci ilin dekabrında “Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu, Qara dəniz regionunun yaşıl enerji dəhlizi kimi yaradılmasında dönüş nöqtəsi oldu. Kabel Azərbaycanda istehsal olunan yaşıl elektrik enerjisini Gürcüstan və Qara dəniz vasitəsilə Rumıniyaya çatdırmaq, daha sonra Macarıstana və Avropanın qalan hissəsinə nəql etmək üçün nəzərdə tutulub.
Layihə kommersiya baxımından əlverişlidir və Mərkəzi Avropaya enerji idxalının şaxələndirilməsinə kömək edir. Eyni zamanda, Azərbaycanın iqtisadi diversifikasiyasını dəstəkləyir, istixana qazları emissiyalarının azalmasına və regional əməkdaşlığın gücləndirilməsinə səbəb olacaq. Həm də Azərbaycan və Gürcüstanın geosiyasi arenada nüfuzunu artıracaq. Ölkəmizin enerji resurslarının şaxələndirilməsinə və ənənəvi enerji mənbələrindən asılılığın azalmasına gətirib çıxaracaq.
Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov bildirdi ki, Mixeil Kavelaşvilinin Bakıya səfəri ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək: “Azərbaycan və Gürcüstan arasındakı strateji tərəfdaşlıq regionda sabitlik, inkişaf və təhlükəsizliyin təmin olunmasında həlledici rol oynayır. İki dövlət arasında siyasi, iqtisadi, enerji və nəqliyyat sahələrində əməkdaşlıq uğurla davam edir. Bu əlaqələr həm regional, həm də qlobal səviyyədə tərəflərin maraqlarına uyğun olaraq qarşılıqlı fayda prinsipi üzərində qurulub. İki dövlətin birgə həyata keçirdiyi layihələr yalnız bu gün deyil, gələcək nəsillər üçün də fayda verəcəyinə inanıram.
Bu gün SOCAR-ın Gürcüstanda ali təhsil alan yerli azərbaycanlı tələbələrə göstərdiyi dəstəyi də yüksək qiymətləndirirəm. Təqribən, 2 min tələbə təqaüd alır. İnanıram ki, gələcəkdə bu dəstək davam etdiriləcək və proqram daha da təkmilləşdiriləcək.
Bununla yanaşı, Gürcüstanda yaşayan azərbaycanlılar Azərbaycanın dəstəyini hər zaman hiss edirlər. Gürcüstanda yaşayan azərbaycanlıların məskunlaşdığı Kvemo Kartli və Kaxeti bölgələrində sosial layihələr həyata keçirilir. İki ölkənin birgə həyata keçirdiyi layihələrdə yerli azərbaycanlılar işlə təmin edilir. Bundan sonra da bizim əlaqələrimiz yüksələn xətlə inkişaf edəcək. İnanıram ki, Azərbaycan–Gürcüstan dostluğu, strateji tərəfdaşlığı davam edəcək”.
Gürcüstan Parlamentinin deputatı David Şerazadişvili isə qeyd etdi ki, ölkələrimiz arasında bütün sahələrdə əməkdaşlıq davam edir: “Mən çoxmillətli əhalisi olan regiondan parlamentə seçilmişəm. Müxtəlifliyimiz bizim sərvətimizdir. Burada müxtəlif dinlərin və millətlərin nümayəndələri əsrlərdir ki, bir yerdə dinc və mehriban yaşayırlar. Biz bir-birimizin mədəniyyətinə, adət-ənənələrinə hörmət edirik, bayramları birlikdə qeyd edirik. Biz daha yaxşı bir ölkə yaratmaq üçün birlikdə çalışırıq və əminəm ki, gələcəkdə də belə olacaq”.
Deputat daha sonra bildirdi ki, regionda əhalinin əsas hissəsini azərbaycanlar təşkil edir: “Onların arasında dostlarım çoxdur. Mənim hər bir bələdiyyə ilə şəxsi və işgüzar əlaqələrim var. Bəli, bizim belə dostluq münasibətlərimiz var və eynilə bu cür dostluğu digərlərindən də gözləyirik və bunu təqdir edirik. Sevinirəm ki, azərbaycanlılar cəmiyyətə inteqrasiya olunub, Gürcüstanın həyatında fəal iştirak edirlər. Bunun kökündə də Azərbaycan və Gürcüstan dostluğu dayanır. İki ölkə arasında strateji tərəfdaşlıq məhz buna əsaslanır. Bir tərəfdən bir-birimizin suverenliyinə, digər tərəfdən də xalqlarımızın mənafeyi naminə bir-birimizə hörmət edirik. Bunun nəticəsidir ki, Bakı və Tbilisi beynəlxalq arenada hər iki tərəfin maraqlarını nəzərə alır, iqtisadi sahədə əməkdaşlığı genişləndirirlər.
Bir məsələyə də toxunmaq istərdim. Biz illərdir kənd əhalisinin gündəlik yaşayış şəraitini yaxşılaşdırmaq üçün çalışırıq və bu məqsədlə kəndlərdə infrastruktur layihələri həyata keçiririk. Azərbaycan tərəfi bir neçə məktəbin təmir-bərpa işində yaxından iştirak edib. Tələbələr var ki, onların təhsil haqqı SOCAR tərəfindən ödənilir. Bunun nəticəsidir ki, regionda azərbaycanlı savadlı mütəxəssislərin sayı xeyli artıb. Onlar müxtəlif sahələrdə işləyir, Gürcüstanın inkişafına öz töhfələrini verirlər.
Təkcə millət vəkili kimi deyil, həm də bölgəni, ölkəsini sevən vətəndaş kimi deyirəm ki, biz birlikdə bütün gənclərin və gələcək nəsillərin normal yaşayacağı və öz potensiallarını tam reallaşdıracağı bir bölgəni yaradacağıq”.
Pünhan ƏFƏNDİYEV
XQ