(əvvəli https://xalqqazeti.az/az/elm/221961-elmler-akademiyasi-esrde-tarixi-zeruretden)
“Yalnız akademiyanın möhtəşəm keçmişinə məmnunluqla baxmaq kifayət deyil, həm də, ilk növbədə, yeni fəaliyyət sahələrini inkişaf etdirmək, elmin həqiqətən də texnoloji və ictimai tərəqqinin əsas mənbəyinə çevrilməsi üçün istiqamətlər müəyyənləşdirmək lazımdır”.
S.İ.VAVİLOV,
akademik
AMEA sadəcə elmi müəssisə deyil, milli intellektual strategiyanın aparıcı mərkəzidir. Bu istiqamətdə yeni tədqiqat institutlarının yaradılması, interdisiplinar yanaşmaların təşviqi və beynəlxalq əməkdaşlığın gücləndirilməsi akademiyanın qarşıdakı dövr üçün əsas prioritetləri olmalıdır.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin “525-ci qəzeti”nin 7 fevral 2025-ci il və “ELM” qəzetinin 14 fevral 2025-ci il tarixli nömrələrində AMEA-nın 80 illiyinə həsr edilmiş “Azərbaycanın elm məbədi və simaları” məqaləsində onun inkişaf tarixini mərhələlər üzrə tədqiq etmiş və 80 illik fəaliyyətini dövrlərə ayırmışdır.
Onun dövrləşdirməsi konsepsiyası:
1945–1969-cu illər – akademiyanın elmi-təşkilati strukturunun qurulması və elmin əsaslarının yaradılması dövrü
Bu ilk onilliklərdə akademiya formalaşaraq elmi müəssisələrin şəbəkəsini yaratdı.
Bu dövr Azərbaycanda sovet elmi modelinin tətbiqi ilə səciyyələnir. Akademiyanın yaradılması elmin mərkəzləşdirilmiş şəkildə inkişaf etdirilməsi siyasətinə uyğun idi. Bu illərdə əsas diqqət təbii resursların öyrənilməsinə, dil və ədəbiyyatın təd-
qiqinə, həmçinin ölkənin sənaye və kənd təsərrüfatı potensialının elmi əsaslarla inkişafına yönəlmişdi. Elmlər Akademiyası SSRİ EA sisteminə inteqrasiya olunmuş və Moskva ilə sıx əlaqələr qurmuşdu. Bu dövr, eyni zamanda, milli kadrların yetişdirilməsi baxımından da mühüm idi – gənc alimlərin Moskvaya və Leninqrada ezam olunaraq orada təhsil alması geniş vüsət almışdı.
1969–1982-ci illər – ümummilli lider Heydər Əliyevin adı ilə bağlı mərhələ
Həmin dövrdə Heydər Əliyevin respublikaya rəhbərlik etməsi ilə Azərbaycan Elmlər Akademiyası hərtərəfli inkişaf etdirildi və keçmiş SSRİ miqyasında xüsusi nüfuz qazandı.
Akademiya bu illərdə ittifaq daxilində və xaricində böyük elmi mərkəzlərdən biri kimi tanınmağa başladı.
Bu mərhələni “qızıl dövr” adlandırmaq olar. Heydər Əliyev elmin inkişafına xüsusi önəm verir, elm xadimlərinin sosial vəziyyətinin yaxşılaşdırılması üçün addımlar atırdı. Yeni institutlar yaradıldı, texniki elmlərin inkişafı sürətləndi, və ən əsası, milli elmin beynəlxalq tanınması üçün zəmin yaradıldı. Azərbaycan EA-nın nüfuzu artdı və bir çox alimlər ittifaq və beynəlxalq səviyyədə mükafatlara layiq görüldü. Elmi jurnalların, elmi konfransların sayı artdı, elmi-tədqiqat institutlarının maddi-texniki bazası möhkəmləndirildi.
1983–1993-cü illər tənəzzül və böhran dövrü
Sovet İttifaqının son illərində baş qaldıran durğunluq və ilk müstəqillik illərindəki siyasi-iqtisadi böhran elmi fəaliyyətə mənfi təsir göstərdi.
Bu dövr elmi sahədə sabitliyin pozulduğu, maliyyə resurslarının azaldığı və bir çox elmi layihələrin dayandırıldığı zaman idi. SSRİ-nin süqutu ilə bağlı resursların kəsilməsi, əməkhaqqı və təminat məsələlərinin pisləşməsi, alimlərin xaricə axını (beyin axını) bu illərə xasdır. Bu dövrdə bir çox institutların fəaliyyəti ya donduruldu, ya da minimum səviyyəyə endirildi. Üstəlik, müstəqilliyin ilk illərindəki sosial-siyasi gərginlik elmi mühitin stabil fəaliyyətini mümkünsüz edirdi.
1993–2003-cü illər – dövlət müstəqilliyi dövründə yenidən təşkilatlanma və dirçəliş mərhələsi
1993-cü ildə Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra akademiyanın da fəaliyyətində dönüş yarandı. Xüsusilə, 31 yanvar 1997-ci il tarixində Prezident Heydər Əliyev AMEA rəhbərliyi və alimlərlə tarixi görüş keçirərək, akademiyanın inkişafı üçün vacib istiqamətləri müəyyənləşdirdi.
Həmin görüşü, faktiki olaraq, Akademiyanın 50 illik yubileyinin gecikmiş qeyd olunması kimi hesab etmək olar, belə ki, akademiyanın 50 illik yubileyi 1995-ci ildə qeyd edilməmişdir.
15 may 2001-ci il tarixində Prezident Heydər Əliyevin sərəncamı ilə Elmlər Akademiyasına “Milli” statusu verildi və bununla da müstəqillik dövrünün ali elmi qurumu kimi formalaşması başa çatdı.
Bu illər elmin dövlət tərəfindən prioritet sahə elan olunduğu dövr oldu. Heydər Əliyevin şəxsən elmi ictimaiyyətlə görüşməsi bu sahəyə verilən yüksək qiymətin göstəricisi idi. “Milli” statusun verilməsi isə həm ideoloji, həm də hüquqi baxımdan AMEA-nın müstəqil və suveren Azərbaycan elminin simvoluna çevrildiyini göstərirdi. Elmi fəaliyyətin stimullaşdırılması üçün yeni dövlət proqramları qəbul olundu. Bu dövrdə AMEA-nın xarici əlaqələri də bərpa olunmağa və genişlənməyə başladı.
2003–2022-ci illər – modernləşmə dövrü
Bu illərdə akademiyada elmi infrastruktur yeniləndi, beynəlxalq elmi əməkdaşlıq genişləndi və yeni elmi istiqamətlər inkişaf etdirildi.
Bu mərhələdə Prezident İlham Əliyev tərəfindən elmə göstərilən diqqət sayəsində AMEA-da müasir texnologiyalarla təchiz olunmuş laboratoriyalar yaradıldı. Beynəlxalq layihələrə qoşulmaq imkanı yarandı, müxtəlif fondlardan qrant alma mexanizmləri təkmilləşdi. Əsasən, təbiət və texniki elmlərlə yanaşı, humanitar elmlər sahəsində də rəqəmsallaşma və innovasiya istiqamətləri inkişaf etdirildi. Gənc alimlərin fəaliyyətinin dəstəklənməsi məqsədilə müxtəlif təqaüd proqramları və müsabiqələr təşkil olundu.
2022-ci ildən sonra – yeniləşmə və islahatlar dövrü
28 iyul 2022-ci il tarixli fərmanla ölkədə elm və təhsilin idarəedilməsi yenidən təşkil olundu və AMEA-nın strukturu optimallaşdırıldı.
Hazırkı mərhələdə AMEA dövlətin elm siyasətinə uyğun islahatları davam etdirir.
Elm və təhsilin inteqrasiyasına yönələn bu mərhələ, həm struktur baxımından, həm də funksional olaraq yeni yanaşmalar tələb edir. Bu dövrdə institutlar arasında sinerji yaratmaq, tətbiqi tədqiqatlara önəm vermək və innovasiyaların iqtisadiyyata transferi əsas prioritetlərdəndir. AMEA-nın struktur islahatları onu daha çevik və məhsuldar bir elmi təşkilata çevirmək məqsədi daşıyır. Dövlət səviyyəsində rəqəmsal transformasiya və beynəlxalq reytinqlərə çıxış məsələləri də ön plandadır.
Akademik İsa Həbibbəylinin bu dövrləşdirmə konsepsiyası AMEA-nın tarixini sistemli şəkildə anlamağa imkan verir və hər mərhələnin ölkənin ümumi tarixi konteksinə uyğunluğunu göstərir.
Konsepsiyanın uyğunluğunun əsaslı olmasını akademik Budaq Budaqovun Azərbaycan Respublikasının Prezidenti cənab H.Əliyevə 1996-cı il noyabr ayında ünvanladığı müraciətdə əks etdirdiyi ifadələri göstərməklə kifayətlənmək olar.
“Möhtərəm Prezident!
İcazə verin, ilk növbədə, Sizi – xalqımızın uzaqgörən, müdrik, ağıllı düşünülmüş daxili və xarici siyasət yeridən, beynəlxalq aləmdə sanballı çəkisi olan Vətən oğlunu salamlayım.
Möhtərəm Prezident! Mən əminəm ki, Siz bu yaxın zamanlarda Azərbaycan EA-nı mövcud iqtisadi böhrandan çıxaracaq, şöhrəti Azərbaycan elminə, o elmin yaradıcılarına dayaq olacaq, son yeddi il ərzində hökm sürən dərin iqtisadi, həm də mənəvi və sosial tənəzzüldən tezliklə xilas olmaq üçün biz yaradıcı alimlərə kömək əlinizi uzadacaq, müdrikliyinizə xas uzaqgörənliklə bir sıra tədbirlər həyata keçirəcəksiniz.”
Doğrudan da, AMEA-nın keçdiyi yola nəzər salsaq görərik ki, akademiyanın fəaliyyəti hər zaman həm dövrün tələblərinə cavab verməyə, həm də milli kimliyi və dəyərləri qorumağa yönəlmişdir. AMEA-nın bu yanaşması onun fəaliyyətini yalnız elmi nailiyyətlərlə məhdudlaşdırmır, həm də milli-mədəni identikliyi gücləndirən, ictimai yaddaşı qoruyan strateji qurum kimi fəaliyyət göstərməsinə şərait yaradır. Belə bir yanaşma müstəqil dövlətçiliyin möhkəmlənməsində elmi qurumların rolunu ön plana çıxarır.
Azərbaycan Milli Elmlər Akademiyası özünün 300 illik yubileyini qeyd etmiş Rusiya Elmlər Akademiyasının (tarixin məlum bir dövründə SSRİ Elmlər Akademiyası kimi fəaliyyət göstərmiş) tam bənzəri kimi yaradılmışdır. Bu bənzərlik sırf struktur və təşkilati modelə əsaslansa da, sonradan milli akademiyaların öz kontekstlərinə uyğun spesifik xüsusiyyətlər qazandığını görmək mümkündür. Xüsusilə də, Azərbaycanın tarixi və təbii resursları ilə bağlı spesifik elmi istiqamətlərin inkişafı bunun göstəricisidir.
Müttəfiq respublikalarda və SSRİ-nin digər regionlarında Elmlər Akademiyasının yaradılmasının İkinci Dünya müharibəsinin sona çatması dövrünə təsadüf etməsi, demək olar ki, dağıdılmış, milyonlarla insan tələfatı ilə, o cümlədən ixtisaslı mütəxəssilərin itirilməsi ilə nəticələnmiş bir ölkədə müharibədəki qələbəyə elm xadimlərinin, görkəmli yazıçıların, şairlərin, bəstəkarların, konstruktorların, elmi-tədqiqat və lahiyə-konstruktor mərkəzlərinin və s. xüsusi xidmətləri və verdikləri əvəzsiz töhfələri ilə bağlı olması kimi qiymətləndirmək olar. Alimlərin hərbi və sənaye sahələrində gördüyü işlər, xüsusilə də texnoloji yeniliklərin tətbiqi, Azərbaycanın elmi mühitində tətbiqyönlü elmi araşdırmaların üstünlük təşkil etməsinə səbəb oldu. Bu yanaşma bu gün də aktualdır – tətbiqə yönəlik elm dövlətlərin strateji üstünlüyünün əsaslarından biri hesab olunur.
S.İ.Vavilov adına Sankt-Peterburq Təbiət Elmləri və Texnika Tarixi İnstitutunun (REA, Sankt-Peterburq, Rusiya) Sankt-Peterburq filalının baş elmi işçisi, tarix elmləri doktoru Smagina Qalina İvanovna (Г.И.Смагина. Академический гравер А.Я.Колпашникова. ВЕСТНИК РОССИЙСКОЙ АКАДЕМИЙ НАУК, 2019 том 89, N 6, с. 615-620) Rusiya Elmlər Akademiyasının təşkilinin əhəmiyyətini belə ifadə edir: “22 yanvar 1724-cü ildə İdarəetmə Senatı tərəfindən təsdiq edilmiş Petrovskinin “Akademiyanın yaradılması haqqında Əsasnamə layihəsi"nə əsasən onun "İncəsənət və Elmlər Cəmiyyəti" olacağı hesab edilirdi. Onun özündə müxtəlif qurumları–elmi-tədqiqat–akademiya, tədris – gimnaziya və universitet, köməkçi sənət emalatxanaları (o zaman palatalar adlanırdı) – alət, metal işləmə, tokarlıq, kitabçılıq, tökmə, oyma, rəsm və s. birləşdirəcəyi nəzərdə tutulurdu. Bu çoxprofilli struktur klassik Avropa akademiyalarının modelindən qaynaqlanır və müasir dövr üçün də aktual hesab olunur. Elmlərin sintezini, elmi-tədris və praktiki tətbiqi bir arada tutan bu model XXI əsrin akademik institutlarının da əsas hədəfi olaraq qalır.
Sankt-Peterburq Elmlər Akademiyası yaradılanda, onun heyətinə bir rəssam və bir qravüraçı əlavə edilmişdir. Onların vəzifələrinə elmi nəşrləri illüstrasiya etmək aid edilmişdir. Bu fakt elmin yalnız mətnə deyil, vizual təmsilinə də ehtiyac duyduğunu göstərir. Elmi-populyar nəşrlərin keyfiyyətli təsviri, geniş auditoriyaya çatmaqda mühüm rol oynayır. Rəssam və qravüraçıların iştirakı həm də estetik şüurun elmə daxil olmasına işarədir.
“Akademiyanın yaradılması haqqında Əsasnamə layihəsi"ndə də bu barədə belə deyilir: “Elmlər üzrə hazırlanacaq nəşrlərin (əgər qorunub saxlanılsa və çap olunsa) surətini çıxarmaq və qravüra vermək mütləq lazım olduğundan, rəssam və qravüraçının olması mütləqdir”. Yardımçı müəssisələrin olması Avropadan dəvət olunmuş alimlər üçün əhəmiyyətli və cəlbedici amil oldu. Belə ki, akademik-fizik G.B. Bülfinger, gələcək akademik-şərqşünas G.Z. Bayerə 1725-ci il noyabrın 10-da Sankt-Peterburqdakı yaşayış şəraiti və akademiyada işləməsi haqqında yazırdı: “Reqlamentlər və imtiyazlarımız artıq müəyyən edilib. Bizim əla kitabxanamız, zəngin təbiət palatamız, minzkabinetimiz, oyma maşını olan öz mətbəəmiz və elmlərin inkişafı üçün lazım olan hər şey var... Əminəm ki, heç bir akademiyada və ya universitetdə belə imtiyazlar və belə bir təminat yoxdur”.
Rusiya Elmlər Akademiyasının ilk dəvət olunan üzvləri sırasında isveçrəli riyaziyyatçı, fizik və astronom Leonard Eyler də var idi. Onun yaradıcılığı 17 may 1727-ci ildən Rusiya Elmlər Akademiyası ilə sıx bağlı olmuşdur.
“Kommunist” qəzetinin 9 may 1985-ci il tarixli nömrəsində qeyd edilir ki, üç dəfə Sosialist Əməyi Qəhrəmanı, SSRİ Elmlər Akademiyasının prezidenti A.P.Aleksandrov “Böyük qələbənin sönməz şəfəqi. Böyük Vətən müharibəsində sovet xalqının Qələbəsinin 40 illiyi münasibəti ilə Kremlin Qurultaylar sarayında təntənəli yığıncaq”dakı çıxışında demişdir: “Sovet alimləri Vətənimizin təhlükəsizliyini təmin etməyi özlərinə ümdə vəzifə bilirdilər. Böyük Vətən müharibəsi dövründə bir çox alim vuruşurdu, digərləri isə arxada institutlarda və zavodlarda, müxtəlif ekspedisiyalarda, habelə cəbhə şəraitində gərgin işləyirdilər. Onların köməyi ilə həm yeni silah növləri, həm də silah hazırlanmasının yeni texnologiyaları yaradılmış, bir çox lazımi materiallar tapılmışdır”. Bu yanaşma Sovet ideologiyasında elmin yalnız intellektual fəaliyyət deyil, həm də müdafiə və quruculuq aləti kimi təqdim edilməsinin nümunəsidir. Alimin vətənpərvərlik simvoluna çevrilməsi həm də elmin kütləviləşdirilməsi siyasətinə xidmət edirdi.
Eyni zamanda, nəzərə alınmışdır ki, İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin döyüşlər gedən ərazilərindən, o cümlədən Moskva və Leninqrad şəhərlərinin müdafiə əhəmiyyətli zavod və fabrikləri ilə yanaşı, elmi-tədqiqat institutları, muzeylər, kitabxanalar və s. müəssisələr əməkdaşları ilə birlikdə müttəfiq respublikalara köçürülmüşdür. Müharibədən sonra köçürülən müəssisələrin bazasında yeni tədqiqat mərkəzlərinin yaradılması məqsədəuyğun hesab edilmiş, əməkdaşların bir qismi isə fəaliyyətlərini respublikada qalan müəssisələrdə davam etdirmişlər. Bu miqyaslı elmi relokasiya ölkənin yalnız müharibə dövrü təhlükəsizliyi üçün deyil, həm də gələcək elmi potensialın bölgələr üzrə yenidən qurulması üçün istifadə olundu. Azərbaycanda bu dövrün elmi mühiti əhəmiyyətli şəkildə zənginləşdi.
1941-ci ildə, İkinci Dünya müharibəsinin ən çətin günlərində, dahi Azərbaycan şairi Nizami Gəncəvinin SSRİ-nin mədəni paytaxtı sayılan Leninqradda (hazırkı Sankt-Peterburq) 800 illik yubileyinin qeyd edilməsi, elm nümayəndələrinə və mütəfəkkirlərə verilən yüksək qiymətin bariz nümunəsidir. Bununla bağlı “Leninqradskaya Pravda” qəzetində təqdim olunan materialda, tədbirin “mühasirə şəraitində yaşayan şəhər əhalisinin qələbə ruhunun yüksəlməsinə şərait yaratdığı” vurğulanmışdır.
Azərbaycanda 1945-ci ilə qədər fəaliyyət göstərən bir qrup elmi təşkilatın bazasında akademik qurumun təsis edilməsi “Böyük Oktyabr ideyalarının Azərbaycanda təntənəsi” (Bakı: Elm, 1987. – 352 səh.) belə şərh edilir: Respublikada 1923-cü ildə təsis olunmuş Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinə Azərbaycanın məşhur yazıçısı və ictimai xadimi, o zaman SSRİ Elmlər Akademiyasının ölkəşünaslıq bürosunun müxbir üzvü olan Əbdürrəhim bəy Haqverdiyevin rəhbərliyi dövrünün əvvəllərində cəmiyyətin üç bölməsi – tarix-etnoqrafiya, iqtisadi və təbiət elmləri bölmələri var idisə, 1925-ci ildə bunlara dördüncüsü – türkologya bölməsi əlavə olunmuşdur. Cəmiyyət 1923–1928-ci illər ərzində Azərbaycanın tarix və iqtisadiyyatına, Azərbaycan xalqının mədəniyyətinin müxtəlif məsələlərinə həsr olunmuş 50-dək kitab və kitabça nəşr etdirmişdir. 1929-cu ildə Cəmiyyət Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutuna çevrildi və 1932-ci ildə bunun əsasında əvvəlcə SSRİ Elmlər Akademiyası Zaqafqaziya filialının Azərbaycan şöbəsi, 1935-ci ildə isə SSRİ Elmlər Akademiyasının Azərbaycan filialı yaradıldı. Onun tərkibinə kimya, botanika, zoologiya, tarix, etnoqrafiya və arxeologiya, dil və ədəbiyyat institutları, geologiya, fizika, energetika, torpaqşünaslıq bölmələri daxil idi. Bu təşəbbüs yalnız ideoloji tələblərin deyil, həm də regional elmi inkişafın təminatçısı idi. Burada mərkəzi planlaşdırma ilə yerli ehtiyacların sintezini müşahidə edirik. Beləliklə, AMEA yalnız sovet modelinin bir parçası deyil, həm də yerli elmi düşüncənin daşıyıcısına çevrildi.
Azərbaycan filialı əməkdaşlarının ümumi sayı 1940-cı ildə 800 nəfərə yaxın idi, onlardan 30 nəfər elmlər doktoru, 50 nəfəri isə elmlər namizədi idi. Bu dövrdə respublikada elmi idarələrin sayı 40-a çatmışdır ki, onlarda 1900 nəfər çalışırdı, ali məktəblərdə isə 14 mindən çox tələbə oxuyurdu. Bu artım yalnız kəmiyyət göstəricisi deyil, həm də intellektual resursların sistemli şəkildə təşkil olunduğunu göstərir. Bu da Azərbaycanda müasir elmi mühitin formalaşması baxımından həlledici mərhələ hesab edilə bilər.
(ardı var)