Torpaq zəhmətin əvəzini birə-beş qaytarır

post-img

Salyan rayonunun fermerləri ötən ilin payızında cari ilin məhsulu üçün 19 min 736 hektar sahədə taxıl əkiblər. Bu il havalar əlverişli keçdiyindən taxıl sahələrində yetişmiş bol məhsul qısa müddətdə yığılıb.

Salyan Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, taxıl istehsalı ilə məşğul olan mülkiyyətçilər əkdikləri 5 min 693 hektar buğda sahəsindən 18 min 155 ton məhsul götürüblər. Arpa yığımında da yüksək nəticələr əldə olunub. Səpin aparılmış 14 min 43 hektar sahədən 45 min 538 ton məhsul götürülüb. Ümumilikdə, bu il sahələrdən 63 min 993 ton məhsul yığılıb ki, bu da ötən ildəkindən 9 min 693 ton çoxdur.

Artıq rayonda növbəli əkin üçün 14 min 232 hektar sahə şumlanıb. Rayonun Yenikənd kəndində yaşayan fermer Müşviq Səfərov bildirdi ki, Salyanda taxılçılıq ənənəvi əkin növü oluduğundan yeniyetmə vaxtlarından bu işlə məşğul olub. 1996-cı illərdə torpaqlar camaata verildikdən sonra bu iştiqamətdə işlər daha da sürətləndi və hamı ənənəni saxlamağa üstünlük verdi. Bu il 30 hektara yaxın torpaqda əkin apardığını bildirən fermer onu da qeyd etdi ki, toxum yaxşı olarsa və beçərmə aqrotexniki qaydalara uyğun aparılarsa, bol məhsul götürmək mümkündür.

M.Səfərov sözünə davam edərək dedi:

– Bu il “Qarabağ 22” və “Qobustan” toxumları əkdik. Şükür, zəhmətimiz öz bəhrəsini verdi. Hektardan 55 sentner buğda və 43 sentner arpa toplaya bildik. Satışda da heç bir problemlə qarşılaşmadıq. Texnikalar da işimizə xeyli kömək etdiyindən məhsulu vaxtında itkisiz toplaya bildik. Salyan Dövlət Aqrar İnkişaf Mərkəzinin mütəxəssisləri də bu işdə fermerlərə lazımi kömək göstərirlər. Texnikalar da xeyli artıb. Hazırda istifadə etdiyimiz yeni malalar sahəni tam düzəltdiyindən məhsuldarlıq 10-15 sentner artır və sudan istifadəyə də qənaət edirik. Növbəli əkin də aparırıq və faydasını görürük. Çünki torpağa sevgi ruzini yüksəldir.

Kolxozçu ailəsində böyüyən ali təhsilli iqtisadçı M.Səfərovun sözlərinə görə, indən belə dincə qoyulmuş torpağa da subsidiya veriləcək. Aqrar sığorta mexanizminin fermerin bütün problemlərini qarşıladığından dərin razılığını ifadə edən fermer zərərvericilərə qarşı dərmanlara endirim edilməsinə də ehtiyac duyulduğunu bildirdi.

M.NƏRİMANOĞLU,
XQ-nin bölgə müxbiri

İqtisadiyyat