Tezliklə “Xızı-Abşeron” KES işə salınacaq

post-img

Azərbaycanın bərpaolunan enerji sektorunda reallaşdırılan mühüm layihələrdən sayılan “Xızı-Abşeron” Külək Elektrik Stansiyası yaxın vaxtlarda istismara hazır olacaq. Bu barədə energetika naziri Pərviz Şahbvazov “X” hesabında paylaşım edib.

“240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının Abşeron və Xızı sahələrində aparılan son tikinti işləri ilə tanış olduq. Stansiya yaxın vaxtlarda istismara hazır olacaq”, – paylaşımda qeyd edilib.

Xatırladaq ki, Azərbaycanın təmiz ətraf mühit və yaşıl artım ölkəsi prioritetinə uyğun olaraq həyata keçirilən 240 meqavat gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyası ölkəmizdə bərpaolunan enerji sahəsində ən böyük layihələrdən biridir. Layihə Səudiyyə Ərəbistanının “ACWA Power” şirkəti tərəfindən tamamilə xarici investisiya hesabına həyata keçirilir.

Layihə Abşeron və Xızı rayonlarında, ümumilikdə, 36 hektar ərazidə icra edilir. 12 külək turbinindən ibarət hissə ümumi gücü 78 meqavat olmaqla Abşeron rayonunun, 25 külək turbinindən ibarət olan 162 meqavatlıq hissə isə Xızı rayonunun ərazisində yerləşəcək. Abşeronda illik 300 milyon kilovat-saatdan, Xızıda isə 600 milyon kilovat-saatdan çox elektrik enerjisinin istehsalı proqnozlaşdırılır. Külək texnologiyasında enerji istehsalının səmərəliliyi küləyin sürətindən asılıdır. Belə ki, tədqiqatlar göstərir ki, Abşeronda küləyin orta illik sürəti saniyədə 9,35 metr, Xızıda isə 9,63 metr təşkil edir. Mütəxəssislərin fikrincə, bu göstərici turbinlərin səmərəli fəaliyyəti üçün kifayət qədər yüksəkdir və stansiyanın enerji istehsalında dayanıqlılığı təmin edəcək.

XQ

İqtisadiyyat