YAP Mərkəzi Aparatında Azərbaycan-Türkiyə siyasi partiyaları arasında görüş keçirilib

post-img

Oktyabrın 31-də Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatında YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla Türkiyənin Böyük Birlik Partiyasının (BBP) sədri Mustafa Desticinin rəhbərlik etdiyi nümayəndə heyəti arasında görüş olub.

XQ xəbər verir ki, görüşdə Ümummilli Lider Heydər Əliyevin “bir millət, iki dövlət” fəlsəfəsinə, tarixi köklərə, ortaq milli-mənəvi dəyərlərə, dostluq, qardaşlıq və strateji müttəfiqliyə əsaslanan Azərbaycan-Türkiyə münasibətlərinin iki ölkənin liderləri – Prezident İlham Əliyev və Prezident Rəcəb Tayyib Ərdoğanın məqsədyönlü siyasəti nəticəsində uğurla inkişaf edərək, ən yüksək səviyyəyə çatdığı bildirilib.

Azərbaycanın şanlı Zəfər qazanaraq öz ərazi bütövlüyünü bərpa etməsindən sonra 2021-ci il 15 iyun tarixində imzalanmış Şuşa Bəyannaməsindən irəli gələn vəzifələrin yerinə yetirilməsinin həm ölkələrarası münasibətlərin inkişafı, həm də regionda təhlükəsizliyin təmin edilməsi və çoxtərəfli işbirliyinin dərinləşdirilməsi baxımından önəmi diqqətə çatdırılıb. Hər iki dövlətin beynəlxalq platformalarda bir-birini fəal şəkildə dəstəkləməsinin milli maraqların təmin olunması və qarşıda duran strateji hədəflərin reallaşdırılması baxımından əhəmiyyəti vurğulanıb.

Görüşdə Azərbaycan-Türkiyə birliyinin Türk dünyasında əməkdaşlığın genişləndirilməsi, xüsusilə Türk Dövlətləri Təşkilatının beynəlxalq münasibətlər sistemində nüfuzlu güc mərkəzi kimi mövqelərinin möhkəmlənməsi və rolunun artması üçün yeni imkanlar yaratdığı qeyd olunub. Bu kontekstdə Türk dövlətlərinin siyasi partiyaları arasında əlaqələrin genişləndirilməsinin önəmi də xüsusi vurğulanıb.

Həmçinin 2021-ci il iyunun 2-də Əməkdaşlıq Protokolu imzalayan və ötən müddət ərzində ortaq maraqlara əsaslanan mühüm tədbirlər reallaşdıran YAP ilə Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının münasibətlərinin nümunəvi xarakter daşıdığı vurğulanıb, YAP ilə BBP arasında gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.







Siyasət