Üzeyir Hacıbəylinin 140 illiyi münasibətilə “Arşın mal alan”ın Vyanada növbəti təntənəsi

post-img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə bu il dahi bəstəkar, musiqişünas, pedaqoq, publisist və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illiyi ölkəmizdə və xaricdə müxtəlif tədbirlərlə qeyd edilir. Böyük musiqi xadiminin ölməz əsərləri dünyanın məşhur səhnələrində səsləndirilir, opera və operettaları tamaşaya qoyulur.

Oktyabrın 30-da Avstriyanın paytaxtı Vyana şəhərindəki “Akzent” Teatrında Üzeyir Hacıbəylinin dünyaşöhrətli “Arşın mal alan” operettasının yeni quruluşda premyerası keçirilib.

Məlumatı XQ-yə Mədəniyyət Nazirliyi verib.

Bildirilib ki, əvvəlcə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini Murad Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dahi bəstəkarın Vyananın Dunay parkında qoyulmuş abidəsini ziyarət edərək önünə çiçək dəstələri qoyub. Vyanalıların ən sevimli məkanlarından olan bu parkda bir sıra xalqların görkəmli şəxsiyyətlərinin abidəsi ucaldılıb. Görkəmli Azərbaycan heykəltəraşı Ömər Eldarovun müəllifi olan abidə 2006-cı ildə qoyulub və musiqisevərlərin, eləcə də soydaşlarımızın tez-tez ziyarət etdiyi məkana çevrilib.

Sonra teatrın foyesində Üzeyir Hacıbəylinin həyat və yaradıcılığına həsr olunmuş fotosərgi açılıb. Vyanadakı Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Leyla Qasımova çıxış edərək Üzeyir Hacıbəylinin Azərbaycan mədəniyyətində tutduğu mövqedən danışıb.

Mədəniyyət nazirinin müavini Murad Hüseynov Üzeyir Hacıbəyli irsinin tədqiqi və gələcək nəsillərə ötürülməsinin daim diqqət mərkəzində saxlanıldığını bildirib. Deyib ki, dövlət başçısı tərəfindən bəstəkarın 140 illik yubileyinin qeyd edilməsi haqqında Sərəncamın imzalanması da bu diqqətin bariz nümunəsidir.

Daha sonra tamaşa nümayiş olunub.

Alman dilində təqdim edilən tamaşa tanınmış rejissor Rita Serayniq və dirijor, bəstəkar Maykl Şnakın bədii rəhbərliyi altında tamamilə yerli yaradıcı heyətin iştirakı ilə hazırlanıb. Səhnə rəssamı və vizual elementlərin dizayneri Kristian Ariel Heredia, geyim rəssamı Vüsal Rəhim, xoreoqrafı Suzanne Rietsdir.

Səhnə əsərini Azərbaycan nümayəndə heyəti, Vyanada akkreditə olunmuş diplomatik korpus, Avstriyanın tanınmış teatr və festivallarının rəhbərləri, media mənsubları, musiqisevərlər və bu ölkədəki soydaşlarımız izləyiblər.

Hadisələri müasir dövrə köçürülərək hazırlanan 112 yaşlı musiqili komediya sürəkli alqışlarla qarşılanıb.

Tamaşa “Akzent” Teatrında noyabrın 2-də də nümayiş etdiriləcək.

Xatırladaq ki, vyanalı sənətsevərlər Üzeyir bəyin bu sənət şedevri ilə ilk dəfə 2006-cı tanış olublar.























Mədəniyyət