BMU rektoru şəhid ailəsi üzvləri və Qarabağ müharibəsi iştirakçıları ilə görüşüb

post-img

Bakı Mühəndislik Universitetinin (BMU) Qarabağ müharibəsi iştirakçısı, eləcə də şəhid ailəsinin üzvləri olan tələbə və əməkdaşları ilə görüş keçirilib. 

Universitetdən XQ-yə verilən məlumata görə, BMU-nun rektoru Yaqub Piriyev görüşün Qələbənin beş illiyi ərəfəsinə təsadüf etdiyini, 44 günlük Vətən müharibəsinin Azərbaycan xalqının birliyi, dövlətimizin siyasi iradəsi və ordumuzun gücünün təntənəsi olduğunu bildirib. Rektor qeyd edib ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, müdrik rəhbərliyi, diplomatik bacarığı və dəmir iradəsi sayəsində Azərbaycan Silahlı Qüvvələri tariximizin ən şanlı səhifələrindən birinə imza atdı, uzun illər işğal altında qalan torpaqlarımız azadlığa qovuşdu. Bu Qələbənin təkcə hərbi-siyasi deyil, həm də milli-mənəvi qələbə olduğunu deyən Yaqub Piriyev vurğulayıb ki, şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı və xalqımızın sarsılmaz iradəsi ilə qazanılan Zəfər müasir Azərbaycanın qəhrəmanlıq simvoludur. Dövlətimizin şəhid ailələri və müharibə iştirakçıları üçün geniş sosial proqramlar həyata keçirdiyini xatırladan rektor söyləyib ki, universitetdə təhsil alan, çalışan bu kateqoriyadan olan şəxslər daim diqqət mərkəzindədir. Görüşün məqsədinin həm də onların fikirlərini, qayğılarını dinləmək olduğunu sözlərinə əlavə edən Yaqub Piriyev universitetin hər zaman müharibə iştirakçıları və şəhid ailələrinin yanında olduğunu, onlara bundan sonra da təhsil və fəaliyyətlərində dəstəyin göstəriləcəyini bildirib. 

Sonra Qarabağ müharibəsində iştirak etmiş BMU-nun maliyyə və təsərrüfat işləri üzrə prorektoru Mikayıl Zeynalov çıxış edərək münaqişənin tarixinə qayıdıb, döyüş xatirələrini bölüşüb, eləcə də müharibə iştirakçılarına və şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıb.   

BMU-nun IV kurs tələbəsi, şəhid Osman Manafovun həyat yoldaşı Aysel Manafova çıxışında bildirib ki, bu cür görüşlər şəhid ailələri və qazilərin cəmiyyətin diqqətində olduğunu bir daha təsdiqləyir. O, göstərilən diqqət və hörmətə görə universitet rəhbərliyinə minnətdarlığını ifadə edib, şəhid adının daim uca tutulmasının gənclər üçün böyük mənəvi məsuliyyət daşıdığını vurğulayıb.   

Görüş zamanı Vətən müharibəsi iştirakçısı olan tələbə və əməkdaşlar müəyyən təkliflərini səsləndiriblər. Rektor onları diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verib. 













Təhsil