Bakı Mühəndislik Universiteti (BMU) ilə “MetaWay” MMC arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Universitetdən XQ-yə bildirilib ki, memorandum elmi tədqiqatlar, nəşriyyat fəaliyyəti, akademik tədbirlər və birgə layihələr üzrə əməkdaşlığın ümumi çərçivəsini müəyyən edir. Sənəddə, həmçinin elmi nəticələrin keyfiyyətinin artırılması, məqalələrin beynəlxalq jurnallarda dərcinin genişləndirilməsi və nəşrlərin nüfuzlu elmmetrik bazalarda indekslənməsi istiqamətləri yer alıb.
Universitetin elm və innovasiya məsələləri üzrə prorektoru Ağası Məlikov akademik və elmi əməkdaşlıqların genişləndirilməsinin ali məktəbin prioritet istiqamətlərindən biri olduğunu bildirib. Prorektor imzalanan memorandumun elmi nəticələrin keyfiyyətinin yüksəldilməsinə, elmi məqalələrin beynəlxalq jurnallarda dərcinə və universitet nəşrlərinin nüfuzlu elmmetrik bazalarda indekslənməsinə müsbət təsir göstərəcəyinə, hər iki qurum üçün qarşılıqlı fayda verəcəyinə əminliyini ifadə edib.
“MetaWay” MMC-nin direktoru Mehriban Məlikova rəhbərlik etdiyi qurumun xarici alimlər və texnoloqların iştirakı ilə müxtəlif elmi layihələr həyata keçirdiyini bildirib. Vurğulayıb ki, bu cür beynəlxalq əməkdaşlıqlar və süni intellekt texnologiyalarının tətbiqi innovasiya ekosisteminin inkişafında mühüm rol oynayır, elmi fəaliyyətin keyfiyyətinin yüksəldilməsinə töhfə verir.
Qeyd edilib ki, memorandum çərçivəsində yalnız universitet jurnalları deyil, eyni zamanda, şirkətin elmi nəşrlərinin də inkişafı nəzərdə tutulur. Tərəflər qarşılıqlı şəkildə elmi məqalələrin keyfiyyətinin artırılması, nəşrlərin beynəlxalq elmmetrik bazalarda, o cümlədən “Scopus”da indekslənməsi istiqamətində birgə fəaliyyət göstərəcəklər.
Tədbirdə, həmçinin bu cür tərəfdaşlıqların tələbələr üçün də geniş imkanlar yaratdığı diqqətə çatdırılıb. Tələbələr elmi jurnallar üçün məqalələr hazırlaya və texniki redaksiya prosesində iştirak edə bilərlər ki, bu da onların gələcək karyerası baxımından mühüm təcrübə qazanmalarına şərait yaradır.
Qeyd edək ki, “MetaWay” MMC elmi-tədqiqat layihələri (Global Research Project), beynəlxalq konfransların təşkili, süni intellektin tətbiqi üzrə ixtisaslaşan texnologiya şirkətidir. Şirkət innovativ həllər və CRM platformaları təklif edir, süni intellektin tətbiqi sahəsində layihələr həyata keçirir. BMU ilə birgə süni intellektin xarici dil tədrisində tətbiqi mövzusunda tədbirlər keçirmək praktikası artıq mövcuddur.
Bu əməkdaşlıq tələbələrin keyfiyyətli təhsilə çıxışının genişləndirilməsi, innovasiyayönümlü elmi fəaliyyətlərin təşviqi və institusional tərəfdaşlığın gücləndirilməsi baxımından BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərinin 4-cü (Keyfiyyətli təhsil), 9-cu (Sənaye, innovasiya və infrastruktur) və 17-ci (Məqsədlər üçün tərəfdaşlıq) istiqamətləri ilə uyğunluq təşkil edir.



