Ankara Hacı Bayram Veli Universiteti ilə memorandum imzalanıb

post-img

Azərbaycan Turizm və Menecment Universiteti ilə Türkiyənin nüfuzlu ali təhsil müəssisələrindən biri olan Ankara Hacı Bayram Veli Universiteti arasında əməkdaşlığın genişləndirilməsinə yönəlmiş Anlaşma Memorandumu imzalanıb. Bu mühüm sənəd iki universitet arasında akademik, elmi və praktik sahələrdə strateji tərəfdaşlığın əsasını qoyur.

Memorandumda tələbə və müəllim mübadiləsinin təşkili, ikili diplom proqramlarının yaradılması, xüsusilə turizm işinin təşkili, menecment və açılması nəzərdə tutulan qastronomiya ixtisasları üzrə təcrübə və bilik mübadiləsinin gücləndirilməsi, eləcə də ortaq layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Tərəflər həmçinin beynəlxalq səviyyəli konfransların, seminarların və elmi tədbirlərin birgə təşkili, Orhun və digər beynəlxalq proqramlar istiqamətində əməkdaşlıq etməyi planlaşdırır.

Bu əməkdaşlıq çərçivəsində tələbələr üçün yeni imkanlar açılacaq, onların beynəlxalq təcrübə qazanması və peşəkar bacarıqlarının inkişafı təmin ediləcəkdir. Müəllim heyəti üçün isə birgə tədqiqatların aparılması, innovativ tədris metodlarının tətbiqi və akademik bilik mübadiləsi üçün əlverişli platforma formalaşacaqdır.

ATMU və Hacı Bayram Veli Universiteti arasında qurulan bu strateji tərəfdaşlıq gələcəkdə daha genişmiqyaslı beynəlxalq təşəbbüslərin həyata keçirilməsinə və hər iki universitetin qlobal akademik mühitdə mövqeyinin gücləndirilməsinə töhfə verəcəkdir.

Z.HÜSEYNOVA
XQ

Təhsil