Haylar Avropa İttifaqı rəsmilərinə də hiddətləndilər

post-img

Amma unudurlar ki, sirkə nə qədər tünd olsa...

Hər il aprel ayı gələndə Ermənistanda və dünyanın digər yerlərində yaşayan haylar məzlum-mağmın görkəmi alaraq “soyqırımı ağlaşması” qururlar. Məlumdur ki, ermənilər Birinci Dünya müharibəsinin gedişi zamanı – 1915-ci ilin aprelində Qafqaz cəbhəsində “Antanta” (Rusiya, Böyük Britaniya və Fransa) hərbi-siyasi blokunun xeyrinə casusluq edən, təbəəsi olduqları Osmanlı imperiyasına, necə deyərlər, arxadan zərbə vuran əcdadlarının ölkənin içərilərinə doğru köçürülmələrini “soyqırımı” adlandırırlar. Bununla da haylar özlərindən “əzabkeş xalq”, XX əsrdə “soyqırımına məruz qalan ilk xalq” obrazı düzəltməyə çalışırlar.

Ancaq atalar “yalan ayaq tutar, yeriməz” deyiblər. Son 60 il ərzində onların bu yalanlarına bir çox dövlətlər inandılar, yaxud Türkiyə ilə münasibətlərin pis olması, Ankaranın gözdən-nüfuzdan salınması məqsədilə, bir sözlə siyasi səbəblərdən inanmış kimi göstərdilər. İndi isə bu sahədə də vəziyyət köklü şəkildə dəyişib. Qondarma olayların “soyqırımı” kimi tanınmasına dünya ölkələri maraq göstərmirlər. Bunun bir səbəbi də Nikol Paşinyan hökumətinin “soyqırımı”nın tanınmasını daha prioritet hesab etməməsindədir. Paşinyan bu istiqamətdə fikirlərini bir neçə dəfə açıqlayıb.

Məsələn, o, 2025-ci il yanvarın 24-də İsveçrədəki erməni diasporunun üzvləri ilə Sürixdə keçirdiyi görüşündə ermənilərin “soyqırımı” məsələsinin yenidən araşdırılmasının zəruriliyi barədə növbəti dəfə bəyanat vermişdi: “Biz erməni “soyqırımı”nın tarixinə qayıtmalıyıq. Nəyin baş verdiyini və niyə baş verdiyini anlamalıyıq. Biz bunu necə, kimin köməyi ilə dərk etdik? 1939-cu ildə dünyanın gündəmində “soyqırımı” məsələsi yox idi, amma 1950-ci ildə, o, gündəliyə daxil edilmişdi”.

Bununla da Nikol etiraf etmişdi ki, dünya ölkələri bu məsələdən siyasi məqsədlər üçün yararlanırlar. Bir dəfə isə Paşinyan qeyd etmişdi ki, bu məsələ sovet dövründə süni şəkildə kəskinləşdirilib, çünki Türkiyə 1952-ci ildə NATO-ya üzv olub.

Bir neçə gün öncə – aprelin 24-də isə Ermənistan baş naziri haylara müraciətində deyib ki, inkişaf etmiş, suveren, sərhədləri delimitasiya və demarkassiya olunmuş təhlükəsiz ölkə erməni “soyqırımı” faciəsini aradan qaldırmağın və “qurbanların” xatirəsinə sadiq qalmağın ən yaxşı yoludur.

2024-cü ilin oktyabrında isə xarici işlər naziri Ararat Mirzoyan parlamentdə 2025-ci il üçün büdcə layihəsinin müzakirəsi zamanı qondarma “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınması məsələsinin Ermənistan xarici işlər nazirliyinin gündəliyində olub-olmaması ilə bağlı suala belə cavab vermişdi: “Bu məsələ Ermənistanın xarici siyasət gündəmində prioritet deyil. Tarixin faciəvi dəliklərini, “erməni soyqırımı”nı öyrənmək və ya bunu bir nömrəli prioritet etmək, əlbəttə ki, XİN-in gündəliyi deyil”. Mirzoyan prioritetin ölkə ətrafında sülh və sabitliyin təmin edilməsi olduğunu vurğulamışdı. O, yaxın gələcəkdə Ermənistan–Türkiyə münasibətlərində irəliləyiş olacağına da nikbinliklə yanaşmışdı.

Beləliklə, getdikcə daha çox ölkə həqiqəti dərk edir, ermənilərin soyqırımı oyunlarının yalan olduğunu başa düşür. Bu isə hayları hiddətləndirir. Xüsusilə, ona görə ki, bu il saxta olayların “yubileyi” – 110 illiyi idi. Onları hiddətləndirən əsas məsələ odur ki, ABŞ Prezidenti Donald Trampın aprelin 24-də etdiyi müraciətdə sələfi Co Baydendən fərqli olaraq “soyqırımı” sözünü işlətməyib, Avropa İttifaqının (Aİ) rəsmi şəxsləri isə ümumiyyətlə, bu məsələyə münasibət bildirməyiblər. Üç gündür ki, haylar həm Trampı, həm də Aİ rəsmilərini yumşaq desək, tənqid edirlər.

Məsələn, Ermənistan “Respublika” partiyası sədrinin müavini, ölkənin sabiq elm və təhsil naziri Armen Aşotyan aprelin 25-də İrəvanda məhkəmə önündə jurnalistlərə bildirib ki, Aİ-yə üzv olan 17 ölkənin erməni “soyqırımı”nı tanımasına baxmayaraq, aprelin 24-ü ərəfəsində ittifaqın heç bir yüksək rütbəli rəsmisi erməni xalqına başsağlığı verməyib. Halbuki, Aİ ilə imzalanmış saziş soyqırımı cinayətinə qarşı birgə mübarizəni nəzərdə tutur. Bundan əlavə, aprelin 25-də Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya gəlişi, həmin gün onun Prezident İlham Əliyev tərəfindən qəbul edilməsi, Xarici işlər naziri Ceyhun Bayramovla görüşməsi, görüşdən sonra mətbuat konfransının keçirilməsi də haylara, necə deyərlər, od qoyub. Bunu

A.Aşotyanın fikirlərindən də görmək mümkündür. O deyib ki, K.Kallasın Bakıya səfəri üçün bundan daha pis bir günü təsəvvür etmək çətindir.

Aşotyan, həmçinin qeyd edib ki, bu il aprelin 24-ü həm beynəlxalq tanınma, həm hökumət başçısının mesajı, həm də xalqın ümumi psixoloji durumu baxımından tam bir rüsvayçılıq idi.

***

Ümumiyyətlə, K.Kallasın Azərbaycan–Aİ əlaqələrində dönüş nöqtəsi kimi qiymətləndirilə bilən, ikitərəfli münasibətlərdə yeni səhifə açan və onu yeni səviyyəyə qaldıran səfəri və Prezident İlham Əliyev ilə görüşü Ermənistanda ciddi pərişanlıq yaradıb. Rusdilli “ArmenianReport” saytında Aİ rəsmisini hədəfə alan iki məqalə dərc edilib. “Aİ-nin kallasal rüsvayçılığı” sərlövhəli məqalədə bildirilib ki, çoxları açıq şəkildə və uca səslə K.Kallası Azərbaycana səfər etməkdən çəkindirməsinə baxmayaraq, o, yenə də Bakıya getməyi seçdi. Üstəlik, o, nəinki demokratik Ermənistana (?) bu qədər düşmən münasibət bəsləyən (?) bir dövlətin paytaxtına səfər edib, həm də bu ölkəni açıq-aşkar tərifləyib və orada olduğuna görə sevindiyini bildirib. Onun Bakıda dediyi sözləri tarixin öhdəsinə buraxaq. Beləliklə, gələcək nəsillər yüksək rütbəli Avropa məmurunun necə görünməməli olduğunu görsünlər: “Burada olmaqdan çox məmnunam. Azərbaycan regionda mühüm tərəfdaşdır. Münasibətlərimizin möhkəmlənməsi ilə bağlı gözləntilərimiz var”: Bunu Kallas Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib”.

Yazıda yüksək rütbəli Aİ rəsmisi hətta təhqir edilib. Onun ünvanına “bu xanım özünü necə yaltaq və biabırçı apardı. Bakıda isə təbii ki, onlar öz arzularının növbəti partiyasını səsləndirmək fürsətini əldən vermədilər” – sözləri işlədilib.

İddia edilib ki, Kallas C.Bayramovla birgə mətbuat konfransı zamanı “Artsax”ın işğalı, oradakı etnik təmizləmə, erməni hərbi əsirlərin məhkəmələri” barədə xatırlatmayıb: “O, Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbərinə “Artsax”da erməni mədəniyyət abidələrinin (?) necə söküldüyünü və bu ölkədə antierməni təbliğatının aparılmasını xatırlatmayıb”.

Xanım Kallasın Azərbaycanın Aİ üçün mühüm tərəfdaş olduğu və bu ölkənin Avropa İttifaqının enerji təchizatında böyük rol oynadığını bildirməsi də hayları “əsəbiləşdirib”. Əslində isə hayları yandırıb-yaxan Aİ-nin Azərbaycanın əhəmiyyətini görməsi və əvvəllər mövcud olmuş stereotiplərdən və yanaşmalardan geri çəkilməsidir.

Daha sonra Aİ rəsmisinin ünvanına böhtan atılıb. İddia edilib ki, onun əri Arvo Hallik Rusiyada biznes əlaqələri ilə bağlı siyasi qalmaqalın mərkəzində olub: “O, nəqliyyat, logistika və anbar xidmətləri ilə məşğul olan “Stark Logistics AS”da 24,8, “Stark Warehousing OÜ” şirkətində isə 30 faiz pay sahibi olub. 2022-ci ildən 2023-cü ilə qədər “Stark Logistics” Sankt-Peterburqda və Rusiyanın digər şəhərlərində istehsal müəssisələri olan Estoniyanın “Metaprint” şirkətinə xidmət göstərərək, Rusiyaya daşımaları davam etdirib. Xatırladığımız kimi, bu, Kallasın Estoniyanın Baş naziri olduğu dövrdə baş verib. Bu qalmaqal böyük səs-küy doğurmuşdu. Estonlar Kallasın istefasını tələb etdilər. O, özünə haqq qazandırmağa çalışdı. İddialara görə, o, ərinin işinin təfərrüatlarını bilirdi və baş verənləri siyasi rəqiblərinin “cadugər ovu” adlandırdı. Lakin son nəticədə o, Estoniyanın baş naziri kreslosundan Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi kürsüsünə keçdi”.

Saytda yer alan “Avropa üçün demokratiya sınağı” sərlöbhəli digər məqalədə oxşar iddia və böhtanlar yer alıb. Halbuki, Aİ-nin istər qondarma “soyqırımı” məsələsiniə münasibət bildirməməsi, istərsə də K.Kallasın Bakıya səfəri Avropanın siyasi mərkəzində erməni oyunlarının mahiyyətinin dərk edilməsinin, həmçinin Azərbaycana verilən önəmin ifadəsidir. “Qoca qitə”nin getdikcə Azərbaycan həqiqətlərini dərk etməsi, ölkəmizin regional və geosiyasi əhəmiyyətini qəbul etməsi, Xəzər–Qara dəniz regionunda oynadığu rolu, Avropanın enerji təhlükısizliyinin təmin edilməsində yerini yüksək qiymətləndirməsinə görə hayların kimisə ittiham etməyə mənəvi haqları yoxdur. Digər tərəfdən, onlar başa düşməlidirlər ki, bu cür yanaşmalar, Aİ rəsmisinin hədəfə alınması, ünvanına çirkin böhtan atılması haylara münasibətdə ikrah hissi doğurur. Həmçinin anlamalıdırlar belə çapalamaların heç bir faydası yoxdur və sirkə nə qədər tünd olsa, öz qabını çatladar.

Səxavət HƏMİD
XQ

Siyasət