Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində “Birinci Türkoloji Qurultayın 100 illiyi: Dil məsələləri” mövzusunda beynəlxalq simpozium keçirildi.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov açılış nitqində bildirdi ki, Prezident İlham Əliyevin “I Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ölkəmizdə bu nadir tarixi hadisə ilə bağlı elmi-mədəni tədbirlərinə start verib. Ali məktəbdə də sərəncamdan irəli gələn vəzifələrlə bağlı silsilə tədbirlərin keçirilməsi nəzərdə tutulur. Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrası və Türkoloji Mərkəzinin birgə təşkil etdiyi simpoziumda qurultayın tarixi önəmi, ideya və qərarlarının çağdaş türk birliyi quruculuğunda elmi-nəzəri baza rolu oynaması kimi məsələlər diqqət mərkəzində olacaq.
Sonra I Türkoloji Qurultaydan bəhs edən videoxronika nümayiş olundu.
Azərbaycanda Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov “Türkoloji qurultayın iştirakçıları və dil məsələsi” mövzusunda məruzə etdi. AMEA Dilçilik İnsitunun direktoru professor Nadir Məmmədli “Birinci Türkoloji Qurultaya aid arxiv sənədləri” haqqında məlumat verdi.
Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri, doktor Alptəkin Cihangir İşbilir, “Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan çıxışlarında tarixə Türk dünyasının ilk elmi məclisi kimi düşmüş qurultayın zəngin irsinin dərindən öyrənilib çağdaş nəsillərə çatdırılması ilə bağlı qarşıda duran vəzifələrdən söz açdılar, simpoziumun bu yöndə gərəkli müzakirə auditoriyası olduğunu söylədilər.
Beynəlxalq məclisdə xarici ölkə türkoloqlarının – Gürcüstandan Tbilisi Dövlət Universitetinin dosenti Elizabed Bzhalavanın, Tatarıstandan Kazan Federal Universitetinin professoru Alfiya Yusupovanın, Özbəkistandan İpək Yolu Araşdırma Akademiyasının professoru Əzəmət Əkbərovun onlayn məruzələri də dinlənildi.
Simpoziumda ADPU-nun professor-müəllim heyəti, tələbələr, Türkiyənin Azərbaycandakı səfirliyindən, Türk Mədəniyyəti və İrsi Fondundan, AMEA Dilçilik İnstitutundan, Bakı Dövlət və Bakı Avrasiya universitetlərindən, “Xalq qəzeti” və “Ədəbiyyat” qəzeti redaksiyalarından qonaqlar iştirak edirdilər.
Tahir AYDINOĞLU
XQ


