“Bir görəydim ayrılığı kim saldı?”

post-img

İran Prezidentinin Azərbaycana rəsmi səfəri barədə düşüncələr

Heydər Əliyev Mərkəzində Azərbaycan – İran biznes forumu zamanı İran Prezidenti Məsud Pezeşkian Azərbaycanın dahi şairi Məhəmmədhüseyn Şəhriyarın Vətən nisgili ilə yazdığı “Heydərbabaya salam” poemasından bir neçə misra səsləndirməsi salonda alqışla qarşılandı:

Bir uçaydım bu çırpınan yelinən,
Bağlaşaydım dağdan aşan selinən,
Ağlaşaydım uzaq düşən elinən,
Bir görəydim ayrılığı kim saldı?
Ölkəmizdə kim qırıldı, kim qaldı?

Prezident Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri barədə öncə xəbərlər paylaşılmışdı. Bununla yanaşı, İranın yüksək vəzifəli şəxslərinin ölkəmizə səfərləri də, ali qonağın şərəfinə təşkil olunacaq səfər ilə bağlı detalları müzakirə etmək xarakteri daşıyırdı. Aprelin əvvəlində İran Prezidenti Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai, bir həftə sonra isə İranın Yol və şəhərsalma naziri, İran – Azərbaycan İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Birgə Komissiyasının həmsədri xanım Fərzanə Sadiq Bakıda səfərdə olmuşdular. Bu səfərlər zamanı tərəflər ən yüksək səviyyədə imzalanması planlaşdırılan sənədlərin mətnlərini razılaşdırmışdı.

İran Prezidenti Məsud Pezeşkian ilə birlikdə Bakıya 120 nəfərlik nümayəndə heyətinin gəlməsi də göstərir ki, səfərin mühüm əhəmiyyəti vardır. Nümayəndə heyətinin tərkibinə özəl sektorun nümayəndələri, İran və Azərbaycan parlamentləri arasında dostluq qrupunun üzvləri, həmçinin İranın əsasən etnik azərbaycanlıların yaşadıqları 4 vilayətin qubernatorları daxil idi.

Səfərdə iqtisadi əməkdaşlığın inkişafı, nəqliyyat layihələri, xüsusilə də “Şimal-Cənub” beynəlxalq dəhlizinin və Orta dəhlizin İran ərazisindən keçən hissəsinin icrası məsələlərinin müzakirəsi aktuallıq kəsb edirdi.

Pezeşkianın səfəri zamanı bir sıra ikitərəfli sazişlərin imzalanması, Azərbaycan və İran arasında normativ-hüquqi bazanın möhkəmləndirməsi ilə yanaşı, gələcək əməkdaşlıq üçün də əlverişli mühit formalaşdırdı.

Son dövrdə İranla və Azərbaycan arasında münasibətlərdə olan ziddiyyətlərin keçmişinə qısaca nəzər salaq. İranla Azərbaycan arasında münasibətlər İkinci Qarabağ müharibəsindən sonra kəskin şəkildə pisləşdi. Azərbaycan Tehranı Ermənistanı dəstəkləməkdə və Qarabağda erməni separatçılarına yanacaq verməkdə ittiham edirdi. Öz növbəsində, İran rəsmiləri və İslam İnqilabı Keşikçiləri Korpusuna yaxın media qurumları Azərbaycanı İsraillə əməkdaşlığa görə tənqid edirdilər. İran rəhbərliyi Zəngəzuru “qırmızı xətt” adlandırması və Ermənistanla sərhədləri ölkənin milli maraqları baxımından əhəmiyyətini vurğulayırdı.

Bundan başqa, SEPAH-ın Azərbaycan sərhədi yaxınlığında hərbi təlimlər keçirməsi ikitərəfli münasibətlərdə soyuqluğu daha da artırırdı. Prezident İlham Əliyev və İranın mərhum Prezidenti İbrahim Rəisi arasında Aşqabadda keçirilən görüşdən sonra gərginlik qismən azaldı. Lakin 2023-cü ilin yanvarında Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum və bir əməkdaşımızın həlak olmasından, ikisinin isə yaralanmasından sonra münasibətlər yenidən pisləşdi.

2024-cü ilin əvvəllərindən münasibətlər tədricən normallaşmağa başladı: may ayında iki ölkənin prezidentləri Araz çayı üzərində “Xudafərin” hidroqovşağının istismara verilməsi və “Qız Qalası” hidroqovşağının açılış mərasimində iştirak etdilər. Azərbaycan – İran sərhədində baş tutan tarixi görüş iki ölkə arasında münasibətlərdə dönüş nöqtəsi hesab olunur.

Məsud Pezeşkian hakimiyyətə gəldikdən sonra Azərbaycan – İran əlaqələri yüksələn xətlə inkişaf etməyə başladı. Bununla belə, aprelin əvvəlində Bakıda çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev xatırlatdı ki, Bakının Tehrana hələ də sualları var, o cümlədən səfirliyə hücumla bağlı saxlanılan şəxsin cəzalandırılmaması da suallar yaradır.

Aprelin 28-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü oldu. Görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə edildi. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd olundu. Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu zaman 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulandı. Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.

İmzalanmış sənədlər:

Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və İran Prezidenti Məsud Pezeşkianın iştirakı ilə mübadiləsi mərasimi keçirildi.

Əvvəlcə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian prezidentlərin Birgə Bəyanatını imzaladılar.

– Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə İran İslam Respublikasının Xarici İşlər Nazirliyi arasında 2025-2027-ci illər üçün Siyasi Məsləhətləşmələr Proqramı;

– Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında 2025-2026-cı illər üçün nəqliyyat sahəsində hərtərəfli əməkdaşlıq haqqında Anlaşma Memorandumu;

– Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İran İslam Respublikasının Yol və Şəhərsalma Nazirliyi arasında “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair 1978-ci il tarixli Beynəlxalq Konvensiya”nın (əlavələrlə) I/10-cu qaydasına əsasən sertifikatların qarşılıqlı tanınmasına dair Anlaşma Memorandumu”

–Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında 2025-2028-ci illər üzrə Mədəni Mübadilə Proqramı;

– Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında media əməkdaşlığı haqqında Anlaşma Memorandumu.

Prezident Pezeşkian Bəndər Abbasda partlayış səbəbindən Bakıda səfərini qısaltmaq məcburiyyətində qaldı. İran Prezident Administrasiyasının siyasi şöbəsinin müdir müavini Mehdi Sənai Pezeşkianın Bakıya səfərinin intensiv olacağını və onun faciə ilə bağlı vəziyyətə şəxsi nəzarət zərurətinə görə bir gün çəkəcəyini bildirdi. Lakin Prezidentin proqramına baxdığımız zaman rəsmi görüşlər, sənədlərin imzalanması, biznes-forumda iştiraka qədər, Bakı gəzintisi də daxil olmaqla səfərin çox geniş gündəliyinin olduğunu gördük. Məhz buna görədir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bu səfərin İranın Azərbaycanla əlaqələrini çox önəmliliyi ilə xarakterizə etdi. Səfər ərəfəsində Bəqainin Cənubi Qafqazın sabitliyində aparıcı rola malik ölkə kimi Azərbaycanı “İran üçün əhəmiyyət daşıyan əsas aktor” adlandırması da çox vacib açıqlamadır.

İran Prezidenti bildirdi ki, “Yaxın vaxtlarda yenidən qardaşımın qonağı olacağam. Burada özümü yad hiss etmirəm. İndi İranda baş verən partlayışa görə uzun müddət qala bilmirəm”. Pezeşkian əlavə etdi ki, “Biz imkan verməyəcəyik ki, kimlərsə Azərbaycanla münasibətlərimizi korlasınlar, aramızda fikir ayrılığı yaratsınlar”.

M.Pezeşkian, həmçinin dedi ki, “Azərbaycanda olmaqdan çox şadam... Qarabağ Azərbaycan ərazisinin ayrılmaz hissəsidir... “Ümid edirəm ki, bizim iştirakımız və ekspertlərimiz arasında keçirilən görüşlərdən sonra imzalanacaq sazişlər Azərbaycanla münasibətlərimizdə daha böyük addımlara doğru hərəkatın başlanğıcı olacaq”.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan-İran biznes forumundakı çıxışında Araz dəhlizinə də toxundu: “Araz dəhlizi layihəsi həm regionumuzda, həm də bütün dünyada böyük diqqəti cəlb edir. Bu layihə ətrafında müxtəlif fərziyyələr və şayiələr var. Bunun əslində heç bir əsası yoxdur. Çünki bu, sadəcə olaraq yeni nəqliyyat layihəsidir”. Dövlət başçısı bildirib ki, bu, Azərbaycanı, onun əsas hissəsini İran vasitəsilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirən layihədir. Eyni zamanda, bu, böyük tranzit imkanları açacaq.

İran Prezidenti Məsud Pezeşkian Fəxri xiyabana gedərək ulu öndər Heydər Əliyevin məzarını, habelə Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəmanlarımızın xatirəsini dərin ehtiramla yad etdi. İran Prezidenti, həmçinin Bibiheybət məscidini də ziyarət etdi.

Prezident Məsud Pezeşkian Bakıya səfəri ilə bağlı bu fikirləri bölüşdü. “Dünən Bakıda Azərbaycan Respublikasının Prezidenti, əziz qardaşım İlham Əliyevlə razılaşmalar əldə olundu, sənədlər imzaladıq. Bu səfər etimadın möhkəmləndirilməsi və elmi, iqtisadi, mədəni və təhlükəsizlik sahələrində hərtərəfli əməkdaşlıq üçün yeni üfüqlərin açılması üçün müqəddimədir. Qonaqpərvərliyinə görə cənab İlham Əliyevə təşəkkür edirəm”.

İran Prezidenti Pezeşkianın Bakıya səfərini İran-Azərbaycan münasibətlərində praqmatizmin sınağı və ya münasibətlərin formatlanması hesab etmək olar. Məsud Pezeşkianın Azərbaycana səfəri sadəcə diplomatik jest deyil, qardaşlıq ritorikası ilə sərt regional reallıqlar arasında balansı bərpa etmək cəhdi idi.

Prezident Pezeşkianın “xalqların birliyi” ilə bağlı bəyanatlarına baxmayaraq, əsas sual dəyişməz olaraq qalır: Tehran sözdən əmələ keçməyə hazırdırmı?

Hələ 2025-ci ilin yanvarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yerli KİV-ə müsahibəsində ikitərəfli münasibətlərin normallaşdırılması üçün tələbləri aydın şəkildə ifadə etmişdi:

– Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktını törədən şəxs barəsində hökmün icrası (2023).

– Azərbaycan haqqında təhqiramiz bəyanatlar verən radikal ruhanilərə, o cümlədən Ərdəbil mollasına qarşı cavab tədbirləri.

Geosiyasi qovşaqlar: Maraqların toqquşduğu yer

– Zəngəzur dəhlizi

İran Türkiyənin güclənməsindən və Ermənistanda təsir rıçaqlarının itirilməsindən ehtiyat edərək onun yaradılmasına qəti etiraz edir. Hətta bu səfər zamanı Pezeşkian yalnız İİR ərazisindən keçən alternativ yol haqqında fikir bildirdi. Bakı da öz növbəsində dəhlizin ambisiya deyil, 2020-ci il üçtərəfli sazişinin mühüm bəndi olduğunu vurğulayır.

– Rəşt-Astara dəmir yolu (Şimal-Cənub dəhlizi)

Azərbaycan layihənin öz hissəsini başa çatdırıb, İran isə onun icrasını gecikdirməkdə davam edir. İran layihənin gecikdirilməsini torpağın alınması ilə əsaslandırır.

– Xarici siyasətdə təcrid faktoru

Azərbaycan Avrasiyanın getdikcə daha mühüm nəqliyyat mərkəzinə çevrilir. Rusiya, Cənubi Asiya, Fars körfəzi ölkələri və Avropanı birləşdirən əsas marşrutlar məhz bizim ərazidən keçir. Bu şansı əldən vermək Tehranın artan beynəlxalq təcrid fonunda maddi-texniki və siyasi üstünlüklərdən könüllü olaraq imtina etmək deməkdir.

– Qeyri-rəsmi kanallar: vasitəçiliyin gizli potensialı

Digər həssas, lakin perspektivli geosiyasi mövzu İran və İsrail arasındakı münasibətlərdir. Düşmən ritorikasına baxmayaraq, artıq regionda Azərbaycanın konstruktiv rol oynadığı presedentlər olub, məsələn, Suriya dosyesi ilə bağlı Ankara və Təl-Əviv arasında qeyri-rəsmi danışıqları nümunə çəkə bilərik. Tərəflərdən heç birinin atəşkəsə hazır olmadığı şəraitdə başqa ssenari də mümkündür: həssas məsələlər üzrə məhdud kommunikasiya kanalının yaradılması. Koordinasiya bütün həssas və ziddiyyətli məqamların aradan qaldırılmasına yardımçı ola bilər. Böyük qarşıdurma risklərini azaldan platforma Bakıdır.

– Nəticə: Bu səfər münasibətlərdə, şübhəsiz, mühüm göstəricidir.

İranın özündə Pezeşkian məhdud manevr imkanları ilə üzləşir: o, təhlükəsizlik və xarici siyasətin əsas rıçaqlarına nəzarət etməyən mötədil qanadı təmsil edir. Bu, çevik qərar ehtimalını azaldır. Lakin səfərin özü bir siqnal idi: Tehran kursu tənzimləmək zərurətini dərk edir.

Gələcək dinamika iki amildən asılı olacaq:

– Azərbaycanın tələblərinə doğru real addımlar;

– İranın infrastruktur layihələrində güzəştə getməyə hazır olması.

İndi Tehrandan gözlənilən budur – konkret hərəkətlər.

Beləliklə, İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfəri böyük uğurla yadda qaldı. Səfər zamanı əldə olunan razılaşmalar, imzalanmış sənədlər İran-Azərbaycan dostluğunu və qardaşlığını bir daha təsdiqləyir. Bu rəsmi səfərin çox gözəl siyasi nəticələri olacaq. Xüsusilə vurğulamaq lazımdır ki, prezidentlərin birgə bəyanatı gələcək əməkdaşlığın yolunu göstərən çox ciddi sənəddir. İran Prezidentinin Azərbaycana səfəri qarşılıqlı əlaqələrin inkişafında çox böyük rol oynayacaq. Şimal-Cənub nəqliyyat dəhlizi bu layihədə iştirak edən bütün tərəflərə böyük fayda verəcək. Azərbaycanla İran arasında əməkdaşlığın dərinləşməsi üçün çox gözəl imkanlar var. Həm siyasi, həm iqtisadi, həm də bütün başqa sahələrdə əməkdaşlığın inkişafı iki qardaş xalqın marağındadır.

İran və Azərbaycan Şimal – Cənub, Şərq – Qərb dəhlizlərini daha da inkişaf etdirə bilərlər. Bunun üçün hər iki tərəfdə siyasi iradə vacibdir. İki lider açıqlamaları zamanı birgə istehsal motivasiyasının qurulmasını təklif etməklə təşkilatı fəaliyyətin makroəsasları üzərində də dayandılar.

Səfərin ən həssas məqamlarından biri Prezident Pezeşkianın özünü Təbrizdəki, Ərdəbildəki kimi hiss etməsi ilə bağlı səsləndirdiyi fikirdir. Bu, İranda yaşayan soydaşlarımız üçün də vacib açıqlamadır. Hərtərəfli vacib açıqlamanın digəri, onun çox yaxın gələcəkdə yenidən Azərbaycana səfər edəcəyi anonsunu verməsidir. Bütövlükdə səfərin iki ölkə arasında münasibətlərin inkişafına ciddi təkan verəcəyi qədər, bölgənin təhlükəsizliyi, inkişafı, rifahı üçün əsas olduğunu vurğulamaq da vacibdir.

İlyas HÜSEYNOV
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri

Siyasət