İqtisadiyyata istinad etmədən hərbi təhlükəsizlikdən danışmaq mümkün deyil. Çünki iqtisadiyyatı zəif ölkənin güclü ordusu və güclü xüsusi xidmət orqanları olmayacaq. Ölkənin daxili siyasi sabitliyini, suverenliyini və dövlətçiliyini, əmin-amanlığını təmin etmək çətinləşəcək. Halbuki Silahlı Qüvvələr, xüsusi xidmət və digər təhlükəsizlik orqanları yeni çağırışlara tez və effektiv cavab verməyə hazır olmalıdırlar. Ona görə də bu gün Silahlı Qüvvələrin inkişafı və hərbi-sənaye kompleksinin modernləşdirilməsi iqtisadiyyatla sıx bağlıdır. Bunu ölkəmizin təcrübəsində də görə bilərik.
Azərbaycanın müstəqilliyinin ilk illərində ölkə iqtisadiyyatı tamamilə dağıdılmış, tənəzzülə uğramışdı. Ordu quruculuğunda problemlər vardı və düşmənin hücumlarının qarşısını almaqda çətinlik çəkirdi. Bu səbəbdən də ərazimizin bir hissəsi işğal olundu. Təbii ki, iqtisadi islahatlar aparmadan, düzgün idarəetmə sistemini qurmadan bu böhrandan tezliklə çıxmaq mümkün deyildi. Ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra vəziyyət dəyişməyə başladı. Həyata keçirilən dövlət proqramları, inkişaf konsepsiyaları və strategiyaları nəticəsində iqtisadiyyyatın bütün sahələrində inkişaf qeydə alındı. Ölkənin böyük sosial-iqtisadi, elmi-texniki potensialı, coğrafi-siyasi vəziyyəti, təbii sərvətləri ağır böhrandan çıxmağa imkan verdi. Yenidən hərbi məktəblərin fəaliyyəti öz axarına qayıtdı, hərbi ixtisaslı kadr hazırlıqlarına start verildi. Bu dəyişikliklər Azərbaycan Ordusunun həm maddi-texniki bazasını möhkəmləndirdi, həm Silahlı Qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılmasına xidmət etdi. Eyni zamanda, bu sahədə beynəlxalq əlaqələr yeni mərhələyə daxil oldu.
Bu siyasəti Prezident İlham Əliyev uğurla davam etdirdi. Dövlət başçımızın düşünülmüş və uzaqgörən siyasəti nəticəsində ölkə iqtisadiyyatı yeni mərhələyə qədəm qoydu. Əlbəttə ki, bunun təməlində düşünülmüş siyasət dayanırdı. Güclü iqtisadiyyat isə güclü ordu yaratmağa imkan verdi. Hər il bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də artırıldı. 2003-cü ildə Azərbaycanın hərbi büdcəsi cəmi 135 milyon ABŞ dolları təşkil edirdisə, 2011-ci il bu göstərici 3,3, 2025-ci ildə isə 5 milyard dollara çatdırıldı.
***
Onu da qeyd edək ki, hərbi xərclərin artırılmasını zəruri edən səbəblər var. Artım, ilk növbədə, ordumuzun sərəncamında olan sovet istehsalı, köhnəlmiş hərbi texnikanı yeniləmək, onu ən yeni texnologiyalar əsasında hazırlanmış müasir döyüş vasitələri ilə təchiz etmək ilə bağlıdır. Birincisi, Azərbaycan öz ordusunun silah və hərbi texnika ilə təchizatında xarici ölkələrdən asılı olmamaq üçün milli hərbi sənayesini formalaşdırıb. Belə ki, Müdafiə Sənayesi Nazirliyinin nəzdindəki müəssisələr yüzlərlə adda hərbi məhsul istehsal edir. Şübhəsiz ki, ölkəmizdə istehsal olunan bir çox hərbi təyinatlı məhsullar ordumuzun potensialını gücləndirir. Bundan başqa, həmin məhsulların ixracına imkan verir.
Xatırlatmaq yerinə düşər ki, Azərbaycan region ölkələri arasında öz zirehli hərbi texnikasını istehsal edən ilk dövlətdir. Yerli hərbi sənayenin istehsalı olan 14,5 millimetrlik “İstiqlal” snayper tüfəngi göstəricilərinə görə, dünyada ön sıralardadır. Bu məhsullar təlabatımızı ödəməklə yanaşı, ölkəmizin beynəlxalq müstəvidə hərbi sənaye kompleksimizə, istehsal olunan silahlara və digər məhsullara marağını xeyli artırır. Sərgilərdə ölkəmizin hərbi məhsullarına böyük marağın olması bunu deməyə əsas verir.
İkincisi, ölkəmiz hərbi xərclərini artırmaqla paralel şəkildə hərbi-texniki sahədə sıx tərəfdaşlıq etdiyi ölkələrdən yeni silah sistemləri və döyüş vasitələri alır. Bu zaman Hərbi Hava Qüvvələrinin, Quru, Sərhəd və Hava Hücumundan Müdafiə Qoşunlarının döyüş qabiliyyətinin artırılması ilə bağlı ehtiyatlar əsas götürülür. Dövlətimizin başçısının qeyd etdiyi kimi, son illər ərzində ən müasir texnika və silahlar alınıb: “Onların arasında yüzlərlə zirehli texnika, bir çox gözətçi gəmiləri, hərbi gəmilər, hava hücumundan müdafiə sistemləri, ən müasir standartlara cavab verən sistemlər, onlarla döyüş təyyarəsi, yüzdən çox döyüş, hərbi nəqliyyat, nəqliyyat helikopteri, ən müasir kəşfiyyat və döyüş pilotsuz uçuş aparatları, ən müasir artilleriya qurğuları, uzaqmənzilli raketlər, yaylım atəşli raket sistemləri, əməliyyat-taktiki raket kompleksləri – bütün bunlar bizim hərbi gücümüzü artırır. Deyə bilərəm ki, ordunun maddi-texniki təchizatı baxımından Azərbaycan dünya miqyasında nadir ölkələrdən biridir”.
Beləliklə, Azərbaycan indi güclü Hərbi Hava Qüvvələrinə malik olmaqla yanaşı, hava hücumundan etibarlı müdafiə sistemi də qurub, bununla da strateji əhəmiyyətli obyektlərin mümkün hava hücumlarından qorunmasına təminat yaradıb.
Azərbaycan öz ordusunu müasir döyüş vasitələri ilə təchiz etməklə yanaşı, şəxsi heyətin NATO standartlarına uyğunlaşdırılmış peşəkar hazırlıq keçməsinə də xüsusi önəm verir. Azərbaycan Silahlı Qüvvələri 1994-cü ildən NATO ilə Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində əməkdaşlıq edir, kurslar keçirlər. Hərbçilərimiz istər ABŞ-da, istər Türkiyədə, istərsə də Avropanın ayrı-ayrı ölkələrində təcrübələrini artırırlar, gənclərimiz ayrı-ayrı ölkələrə hərbi təhsil almağa göndərilirlər.
Bütövlükdə, Azərbaycan Silahlı Qüvvələri quruda, suda və havada döyüş tapşırıqlarını yerinə yetirmək, ölkəni istənilən hücumdan müdafiə etmək qüdrətinə malikdir. Beynəlxalq hərbi tədqiqat mərkəzlərinin rəyinə görə, Azərbaycan Ordusu regionun ən hazırlıqlı və müasir hərbi strukturu sayılır.
Azərbaycanın güclü silahlı qüvvələrə malik olması ölkənin ərazi bütövlüyünün beynəlxalq hüququn prinsipləri əsasında nizamlanması üçün mühüm amilə çevrilib. Ordumuz düşmənə öz gücünü 2016-cı ilin aprel ayında göstərdi. Dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı.
İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusu 30 ilə yaxın düşmən işğalı altında olan torpaqlarımızı Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün ərzində işğaldan azad etdi. Yüksək dəqiqliyə malik ən müasir silahların və radioelektron mübarizə vasitələrinin effektiv tətbiqi əməliyyatın uğurla nəticələnməsində xüsusi rol oynadı. İlk növbədə, düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin, idarəetmə orqanlarının və bütünlükdə idarəetmə sisteminin sıradan çıxarılması müqavimət göstərməyə çalışan qüvvələrin idarəetməsini iflic vəziyyətinə saldı, Milli Ordu bölmələrinin sürətlə irəliləməsini təmin etdi.
Qarabağ Zəfərinin davamı olaraq, 2023-cü il sentyabrın 19–20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Düşmən torpaqlarımızdan qovuldu, ədalət və beynəlxalq hüquq bərpa olundu. Bu barədə Prezident İlham Əliyev deyib: “Şəhidlərimizin, igid əsgər və zabitlərimizin fədakarlığı, peşəkarlığı, qəhrəmanlığı nəticəsində bu gün biz bu torpaqlarda qururuq, yaradırıq, bu torpaqlara həyat qayıdır. Geniş quruculuq işləri aparılaraq biz artıq keçmiş köçkünləri öz dədə-baba torpaqlarına qaytara bilmişik və bu il bu proses davam edəcək”.
Beləliklə, Azərbaycan Cənubi Qafqazda ən güclü silahlı qüvvələr formalaşdırmaqla regionda öz mövqelərini möhkəmləndirdi. Bu gün Azərbaycan Ordusu güclü silahlı qüvvələrdəndir. Dünyanın hərbi güc reytinqini müəyyən edən nüfuzlu “Global Firepower” təşkilatının yeni siyahısı da bunu təsdiq edir. Qurumun 2025-ci il üçün hərbi güc sıralamasında Azərbaycan Ordusu 60-cı yerə yüksəlib.
Onu da qeyd edək ki, siyahıda 145 ölkənin ordusu hərbi texnika, insan resursları, maliyyə imkanları və coğrafi üstünlüklər əsasında qiymətləndirilib. ABŞ, Rusiya və Çin ilk üçlükdədir, Türkiyə isə 9-cu yerdə qərarlaşıb.
Pünhan ƏFƏNDİYEV
XQ