Siz mənə “dayanma!” deyirdiniz

post-img

Prezident İlham Əliyev düşmən üzərində zəfər və tam qələbədə lider–xalq tandemini belə xatırladı

Qürurdan kövrəlmək onun özü qədər möhtəşəm hissdir – desək, yəqin yanılmarıq. Qismətimizdə bu cür tarixi məqama şahidlik etmək də var imiş. Bu duyğusallığın ifadəsini işğalçı düşmən üzərində Zəfərin müəllifi olan ölkə rəhbərinin, Ali Baş Komandanın timsalında görməyin özü də qürurverici anlar idi. Azərbaycan tamaşaçısının mayın 10-da mavi ekrandan izlədiyi bu epizod onların və tarixin yaddaşına yazılacaq unudulmaz an idi. Prezident İlham Əliyevin Ağdamın Kəngərli kəndinə köçən sakinlərlə görüşündə dediyi bu səmimi sözlər yurd həsrəti sona çatmış bir valideynin – atanın qəlbindən qopan hisslərin ifadəsi idi: “Əlbəttə, Ali Baş Komandan, bütün əməliyyatlara və bütün işlərə rəhbərlik edən şəxs kimi mənim də payım var. Təbii olaraq, hər birimizin. Çünki xalq arxamda durmasaydı, əgər müharibə dövründə hər hansı bir tərəddüd hiss olunsaydı, yaxud da ki, cəmiyyətdə hər hansı bir fikir ayrılığı olsaydı, bu Qələbəni belə şəraitdə, belə ağır vəziyyətdə qazanmaq mümkün olmazdı. (pauza) ...Şəhidlər dəfn olunurdu, şəhidlərin anaları, ataları, yaxınları deyirdilər ki, dayanma! Bilirsiniz bu nədir?!”. Bunun nə demək olduğunu həm müəllifin özü, həm də Azərbaycan xalqı yaxşı bilir.

Qələbəni şərtləndirən “üçlüy”ün vəhdəti

Dövlətimizin başçısının nida işarəli “Siz mənə “dayanma” dediniz!” kəlamının altında nələrin dayandığını 30 ilini doğma Qarabağsız keçirmiş, gözləri yolda, qulaqları xoş xəbərə möhtac qalmış təkcə məcburi köçkünlərimiz deyil, bütün Azərbaycan xalqı yaşayıb, bilir və hiss edir. Çıxışının davamında “dayanma!”nın başqa adının vətənpərvərlik və milli birlik olduğunu zərgər dəqiqliyi ilə izah edən Prezidentin dörd il yeddi ay bundan əvvəl o barıt qoxulu günlərdə canından çox sevdiyi xalqına arxalandığını, yağı üzərində tam və mütləq qələbənin məhz bunun sayəsində əldə edildiyini bildirməsi dünyaya ünvanladığı növbəti mesajı kimi qəbul oluna bilər.

Bəli, biz yalnız irəli getməli idik. Bunu bizdən Xocalıda, Bağanıs-Ayrımda, Başlıbeldə süngüyə keçirilən, tonqalda yandırılan körpələrin ah-naləsi, qayadan atılan qız-gəlinlərimizin, Kəlbəcərdə diri-diri basdırılan soydaşlarımızın fəryadı tələb edirdi. Biz Birinci Qarabağ savaşında şəhid olmuş oğullarımızın qisasını mütləq almalı idik. Bakıda, bölgələrdə hərbi komissarlıqların qapılarını döyəcləyən, cəbhəyə can atan, Qarabağ uğrunda ölümə getməyə hazır, “Öncə Vənəndir!” hayqıran gənclərin qarşısında dayanmaqmı olardı? Xeyr! Ali Baş Komandan özündən çox özgələrə arxalanmış Ermənistan rəhbərliyinin danışıqlarda Heydər Əliyevə, sonradan özünə qarşı aşağıdan-yuxarı baxmalarını, saymaz və ironiyalı davranışlarını necə unuda bilərdi? Bunları unutmaq və qarşısında dayanmaqmı olardı?

Abad Kəngərlidə rahat və xoşbəxt yaşayacaq sakinlərlə söhbətində Prezident İlham Əliyev Xalq–Lider–Ordu birliyinin Zəfəri şərtləndirdiyini vurğulamağı unutmadı: “Bunlar cəmiyyətdə birmənalı qəbul edilir: siyasi iradə, iqtisadi güc, müstəqil siyasət, güclü Ordu, vətənpərvərlik və gənc nəsil – milli ruhda tərbiyə olunan, bu torpaqları heç vaxt görməyən gənc nəsil. Bu torpaqları heç vaxt görməyənlərin, müharibədə iştirak edənlərin əksəriyyəti işğal dövründə doğulmuş insanlar idi. Onları doğma torpağa çəkən o tarixi bağlar – bütün bu və digər amillər bizim Qələbəmizi şərtləndirdi və biz mütləq və tam Qələbə qazandıq. Nə bizdən qabaqkı onilliklər ərzində, nə bizdən sonrakı dörd il yarım ərzində heç kim mütləq və tam Qələbə qazanmamışdı və elə görünür ki, qazanmayacaq. Bunu mən müqayisə üçün demirəm. Amma dünyada hər şey müqayisə ilə ölçülür”.

Ali Baş Komandan təvazökarlıq göstərərək, dörd il yeddi ay əvvəlki tarixi hadisəni ona qədərki on illərlə müqayisə edir. Amma tarix və xalqımız şahiddir ki, İlham Əliyev son iki yüz ildə millətimizin boynuna kəndir kimi dolandırılmış erməni separatizminin Qarabağda kökünü kəsmiş, 30 il yağı tapdağında qalmış yeddi rayonumuzla yanaşı, Xankəndiyə də üçrəngli bayrağımızı sancmış ilk və sonuncu milli liderdir. Düşünürük ki, qarabağlılarla budəfəki görüşdə müzəffər Prezidenti kövrəldən bəlkə də başlıca səbəb məhz bu tarixi xidmətinin miqyasını diplomat fəhmi ilə duyması və fəxr etməsidir. Bununla, o, ən həssas məqamlarda belə ali insani keyfiyyətləri gözləməyi bacaran yüksək mənəviyyata malik istedadlı strateq olduğunu bir daha nümayiş etdirdi.

Ləyaqətli xalqla düşmən də hesablaşır

Nə gizlədək, Prezident İlham Əliyevin Ağdam görüşlərində qəlbləri riqqətə gətirən epizodlar, məqamlar az olmadı. Hesab edirik ki, onun şəhid anaları, qazilərlə səmimi dialoqu Qarabağı heç vaxt görməyən gənc nəsil üçün çox qiymətli örnəyə, heç vaxt unudulmayacaq xatirəyə çevriləcək. Dövlətimizin başçısının bu gün Azərbaycan xalqı ilə onun düşmənlərinin belə hesablaşmağa məcbur olmaları barədə dedikləri isə təkcə yaddaşlara yox, tarix kitablarına yazılmağa layiq mesaj idi: “Biz 44 gün ərzində hər gün irəli gedirdik, hər gün itkilər verirdik, şəhidlər verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Hər gün yeni uğurlar əldə edirdik, hər gün hansısa kəndləri azad edirdik. Bu, bizə əlavə ruh verirdi, əlavə güc verirdi. Xalqımız tam birləşdi. Bu, mənə Ali Baş Komandan kimi əlavə mənəvi ruh verirdi. Bu, bizim hamımızın Qələbəsidir. Azərbaycan xalqı bu Qələbəni əldə etməklə öz tarixi böyüklüyünü bütün dünyaya nümayiş etdirdi. Təsadüfi deyil ki, Azərbaycana dünyada olan münasibət, – hətta bizimlə düşmənçilik edən dairələr, qüvvələr, ölkələr bilirlər ki, biz ləyaqətli xalqıq, hörmətə layiq olan xalqıq və bizimlə hesablaşmaq lazımdır. Ən azı, yaşadığımız bölgədə bizimlə bu gün hesablaşmayan sabah peşman olur”.

Bəli, tərəddüdə, fikir ayrılığına zərrə qədər yer olmayan həmin günlərdə Ali Baş Komandan sərkərdə dəqiqliyi ilə hazırladığı qurtuluş savaşının hər gününün xronologiyasını şəxsən özü xalqa çatdırırdı. Bu xronologiya isə bir qayda olaraq, Azərbaycan əsgərinin növbəti şəhər, qəsəbə və kəndlərimizi işğaldan azad etdiyi barədə Qələbə soraqlı xəbərlərlə zənginləşirdi.

Arzuları çin olanın sevinmək haqqı

...Bakı, 8 noyabr 2020-ci il. Ali Baş Komandan müzəffər Ordumuzun Şuşanı işğaldan azad etməsi barədə xoş müjdəni canlı efirdə xalqı çatdırır: “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtmışıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!!” – nidasından sonra sevincdən kövrəlməsi ilə bütün xalqa eyni hissi yaşatmışdı. Bu fakta 44 günlük müharibədə Azərbaycana mənəvi dəstəyini bir an belə əsirgəməyən qardaş Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan da biganə qalmamış, duyğularını şairanə tərzdə ifadə etmişdi: “Şuşanın dağlarının başındakı duman artıq dərdli deyil. Girov qalmış Xarı bülbül artıq azaddır və daha gözəl açacaqdır. Köndələnçay artıq daha coşqun axacaq. Araz nəğməsini daha güclü oxuyacaq. Qarabağ şikəstəsini oxuyan nəfəslər daha yüksək, daha güclü olacaqdır”.

Yazımızı Prezident İlham Əliyevin Ağdam Muğam Mərkəzinin açılışına həsr olunan konsert proqramından sonra incəsənət ustaları və müharibə veteranları ilə söhbətində dediyi sözlərlə yekunlaşdırırıq: “Qarabağda, Azərbaycanın hər bir guşəsində qoy həmişə toy-bayram olsun!”.

İmran BƏDİRXANLI
XQ

Siyasət