Hindistan niyə “dünya fabriki” ola bilmədi?

post-img

Qlobal şirkətlər Çində istehsalı azaltmağa başlayanda, Hindistan vakant yeri doldurmağa hazır olduğunu ilk bəyan edənlərdən biri oldu. Yeni Delhi özünü növbəti qlobal istehsal mərkəzi kimi tanıtmağa can atdı. Lakin bu proses başlayandan illər sonra Hindistanın yeni “dünyanın fabriki” ola bilməyəcəyi məlum oldu. Bəs səbəblər nə idi? 2020-ci ildən başlayan ABŞ–Çin rəqabətinin artması və qlobal təchizat zəncirlərindəki fasilələr fonunda qlobal istehsalçılar aktivlərini aktiv şəkildə diversifikasiya etməyə başlayıblar. Vyetnam, Tayland və Malayziya kimi Cənub–Şərqi Asiya ölkələri yeni cazibə nöqtələrinə çevrilib. Ancaq Hindistan böyük bazarına, demoqrafik üstünlüyünə və “Hindistanda istehsal et” kimi siyasi şüarlarına baxmayaraq, investorların etibarını qazana bilmədi.

Bəs uğursuzluğun əsas səbəbləri nədən ibarətdir? Mütəxəssislər ilk növbədə Hindistanda institusional çətinliklərin olduğunu vurğulayırlar. Bir çox beynəlxalq şirkət “fillər ölkəsində” qeyri-şəffaf və çaşdırıcı tənzimləmə sistemi ilə üzləşir. Torpaq xərclərinin yüksək olması, mürəkkəb lisenziyalaşdırma prosedurları, güclü bürokratiya, işçilərin işə götürülməsi və işdən çıxarılmasında çətinliklər real ciddi maneələrə çevrilib. Hindistanın Maliyyə komissiyasının sədri Arvind Panagariya bununla bağlı “Vaşinqton Post” qəzetinə deyib ki, hindlilər torpağı inanılmaz dərəcədə bahalaşdırıblar və əcnəbi iş adamlarının yerli vətəndaşlarla əmək müqaviləsini imzalama prosesini inanılmaz dərəcədə çətinləşdiriblər.

Səbəblər arasında infrastrukturun olmaması və ardıcıl olmayan siyasəti də göstərirlər. Məsələ ondadır ki, Hindistanda infrastruktura aqressiv investisiya qoyulmasına baxmayaraq, Yeni Delhi hələ də Cənub-Şərqi Asiyadakı ölkələrdən geri qalır. Məsələn, Vyetnam daha proqnozlaşdırıla bilən və mərkəzləşdirilmiş siyasət, uzunmüddətli planlaşdırma və müxtəlif hökumət səviyyələri arasında effektiv koordinasiya təklif edir. Hindistan və Vyetnamda çalışan əcnəbi iş adamlarından biri bununla bağlı deyir: “Hindistanda demokratiya və qeyri-mərkəzləşdirilmiş idarəetmə uyğunsuzluğa gətirib çıxarır. Bu, şirkətlərin axtardıqlarının tam əksidir”.

Eyni zamanda, 2020-ci ildə Çinlə gərginliyin artmasından sonra Hindistan Pekin investisiyalarına ciddi məhdudiyyətlər qoyub. Bu, qlobal şirkətlər, xüsusən də Çin tərəfdaşlığına ümid edən şirkətlər arasında ehtiyatlılığı artırıb. Nəticədə, əsas istehsalçılar istehsalı Pekinlə mürəkkəb də olsa, iqtisadi əlaqələrin mövcud olduğu Vyetnama köçürməyi seçdilər. Məsələn, “Vaşinqton Post” qəzeti yazır ki, Tayvanın bir neçə yarımkeçirici şirkəti Hindistandakı istehsal sahələrinə baş çəkib, lakin son nəticədə əməkdaşlıq etməkdən boyun qaçırıb. “Samsung” hələ 2018-ci ildə Hindistanın Asiyada ən böyük zavodunun vətəni olacağını bildirsə, şirkət sərmayəni daha çox Vyetnama yatırır. Maraqlıdır ki, Vyetnamın elektronika sənayesi hazırda 126 milyard dollar dəyərindədir ki, bu da Hindistanın elektronika sənayesinin dəyərindən üç dəfə çoxdur.

Hətta risk etmək qərarına gələn şirkətlər də tez-tez gözlənilməz problemlərlə qarşılaşırdılar. Məsələn, “Nippon Steel” gömrük xidməti vacib məhsulları blokladıqdan sonra itkilərə məruz qalır. Hindistandakı Yaponiya Ticarət Palatasının baş katibi Kenji Suqinonun sözlərinə görə, Yeni Delhi ilə bağlı sorğu göndərən hər 10 yapon şirkətindən yalnız biri “nağıllar ölkəsi” ilə əməkdaşlıq etmək qərarına gəlir.

“General Motors” işçi qüvvəsini saxlamaq tələblərinə görə dörd ildir ki, Hindistandakı zavodunu sata bilmir. “Apple” oxşar problemlərlə üzləşir, məhsullarının yalnız 15 faizi Hindistanda istehsal olunur. Halbuki ABŞ nəhəngi bu göstərici 25 faiz səviyyəsinə yülsəltməyi planlaşdırırdı.

Digər səbəblərdən biri də odur ki, Hindistan hər il milyonlarla yeni işçi qəbul edə bilən istehsal sektorunu inkişaf etdirə bilmədi. Hər il təxminən 14 milyon insan əmək bazarına daxil olur, lakin ölkədə xüsusilə sənayedə kifayət qədər iş yeri yaradılmır.

Bütün bunların fonunda Hindistan hökuməti xarici şirkətləri cəlb etməyin yeni yollarını, o cümlədən komponentlərin istehsalı üçün subsidiyaları nəzərdən keçirir. Ən əsası, Yeni Delhi ümid edirdi ki, Tramp administrasiyası Hindistan ilə tarifləri aşağı salacaq və ölkədə istehsalı daha cəlbedici edəcək ticarət sazişi bağlayacaq. Lakin mayın 13-də məlum oldu ki, Hindistan ABŞ-yə 29 adda məhsulun ixracına rüsum tətbiq etmək qərarına gəlib. Yeni Delhi bu addımı Vaşinqtonun polad və alüminium tədarükünə tətbiq etdiyi tarifləri artırmasına cavab olaraq atıb. Bu isə o deməkdir ki, Modi hökuməti ABŞ ilə planlaşdırdığı sərfəli ticarət sazişini imzalaya bilməyəcək. Xatırladaq ki, ABŞ martın 12-dən Hindistandan polad və alüminium ixracına 25 faiz rüsum tətbiq edib.

Bir sözlə, Hindistanın ambisiyaları ilə real imkanları üst-üstə düşmür. Ölkə daxili problemlərini həll etməyinədək, Pakistan və Çin ilə münasibətlərini normallaşdırmayanadək, Vyetnam kimi daha sabit, proqnozlaşdırıla bilən və çevik rəqiblərə uduzaraq, “dünya fabriki” adı uğrunda əbədi iddiaçı olaraq qalacaq.

Səbuhi MƏMMƏDOV
XQ

Siyasət