Azərbaycan etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirir

post-img

Prezident İlham Əliyevin Bakı Ekspo Mərkəzində keçirilən 30-cu Yubiley Xəzər Neft və Qaz Sərgisi (“Caspian Oil and Gas”), 13-cü Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji Sərgisi (“Caspian Power”) və 30-cu Yubiley Bakı Enerji Forumunun rəsmi açılış mərasimindəki çıxışı Azərbaycanın enerji siyasətinin strateji istiqamətlərini və gələcək hədəflərini əhatə edən mühüm bəyanatlarla yadda qaldı. 

Dövlət başçısı çıxışında Azərbaycanın enerji sektorundakı mövcud vəziyyətinə və perspektivlərinə toxunaraq, ölkənin qaz ixracatında əhəmiyyətli artım olduğunu vurğuladı. O bildirdi ki, 2025-ci ildə Azərbaycanın qaz ixracı 24 milyard kubmetrdən çox olacaq və bu qaz səkkiz ölkəyə, o cümlədən altı Avropa ölkəsinə ixrac edilir. Bu, Azərbaycanın etibarlı enerji tərəfdaşı kimi mövqeyini daha da gücləndirir.

Bu fikirləri YAP İdarə Heyətinin üzvü, 
Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O qeyd edib ki, 1994-cü ilin Bakıda keçirilmiş ilk beynəlxalq neft-qaz sərgisi Azərbaycanın taleyində dönüş nöqtəsinə çevrildi. Sərgidən az sonra Azərbaycanın imzaladığı "Əsrin müqaviləsi" regionun enerji və geosiyasi xəritəsini dəyişdi. Bu, sadəcə bir müqavilə deyildi, eyni zamanda müstəqillik yolunda atılmış cəsarətli addım, dünyaya “Azərbaycan buradadır və gələcək planları var” mesajı idi.

Bu strateji baxışın müəllifi Prezident Heydər Əliyev təcrübəsi və uzaqgörənliyi ilə çox yaxşı bilirdi ki, dağılmış iqtisadiyyatı, müharibədən çıxmış, daxili sabitliyi yeni bərpa edən Azərbaycan yalnız beynəlxalq əməkdaşlıqla dirçəlib ayağa dura bilər və belə də oldu.

Beləliklə, ölkəmizdə mövcud olan iqtisadi sabitlik, yoxsulluğun azalması – hamısı o illərdə atılmış doğru qərarların, o cümlədən düzgün enerji siyasətinin nəticəsidir.

Azərbaycan indi yalnız neft və qaz ixrac edən ölkə deyil. Ölkəmiz enerji diplomatiyasının mərkəzində dayanan, tranzit və istehsalçı ölkələr arasında balansı qorumağı bacaran strateji oyunçuya çevrilib. Cənub Qaz Dəhlizi kimi nəhəng infrastruktur layihələri Azərbaycanın coğrafi əlverişsizliyini – yəni dənizə birbaşa çıxışın olmamasını – üstünlüyə çevirdi. Bu gün biz yalnız təbii qaz deyil, 
enerji təhlükəsizliyi ixrac edirik.

İxrac coğrafiyası genişlənir, tərəfdaş ölkələrin sayı artır. Ötən il bu say səkkiz idisə, bu gün artıq 12-dir. 2030-cu ilə qədər təbii qaz ixracının 8 milyard kubmetrə çatdırılması planlaşdırılır. Bununla yanaşı, eyni tarixədək bərpaolunan enerji sahəsində 6.5 giqavatlıq güc əldə ediləcək. Bu, ölkənin ümumi enerji istehsalının 35 faizini təşkil edəcək və Azərbaycanın "yaşıl gündəliyinin" iddialı olduğunu təsdiqləyir.

Azərbaycan enerji siyasətində yalnız iqtisadi maraqları deyil, həm də qlobal məsuliyyəti nəzərə alır. Neft və qaz ölkəsi olmasına baxmayaraq, yaşıl enerjiyə sərmayə yatırır, gələcək nəsillər üçün dayanıqlı sistemlər qurur. COP29-un Bakıda keçirilməsi də təsadüfi deyildi. Azərbaycanın ev sahibliyi etdiyi bu mühüm tədbir enerji siyasətində balansın qorunmasının, praqmatik yanaşmanın və həm Şimal, həm də Cənub ölkələri arasında körpülərin qurulmasının təntənəsi oldu.
“Bakı sıçrayışı” kimi tarixə düşən bu tədbir çərçivəsində bir neçə strateji uğura imza atıldı: İtki və Zərər Fondu təsis olundu, inkişaf etməkdə olan ölkələr üçün yardım 300 milyard dollara qaldırıldı, karbon bazarı aktivləşdirildi. Azərbaycan, qlobal enerji məsələlərində məsuliyyətli oyunçu kimi çıxış edərək, sadəcə öz regionu üçün deyil, bütün dünya üçün bir model təqdim etdi.

Deputat yekunda bildirib ki, enerji təkcə iqtisadiyyat deyil, həm də geosiyasət, diplomatiya və etimad məsələsidir. 
Bakı Enerji Həftəsi çərçivəsində keçirilən tədbirlər bir daha göstərdi ki, Azərbaycan enerji sektorunda iqtisadi maraqları qlobal məsuliyyətlə balanslaşdıran, qarşılıqlı etimada əsaslanan tərəfdaşlıq modelini təşviq edən, regional sabitliyin və davamlı inkişafın təminatçısı kimi fəaliyyətini davam etdirir.



Siyasət