Antonio Koştanın azadlıq tezisi

post-img

Tarixdən məlumdur ki, Şərqlə Qərb arasında ən böyük fikir ayrılığı fərdin və cəmiyyətlərin azadlıq düşüncəsi ilə bağlıdır. Avropalının düşüncəsinə görə, azadlıq ürəyin istədiyini edə bilməkdir. Bu fəlsəfə nəfsin tələb etdiyi hər şeyin yerinə yetirilməsini deyir.

Yəni insan hər növ istək və tələbatını nə qədər çox yerinə yetirə bilirsə, o qədər azaddır. Fikrimizcə, bu fəlsəfənin ən böyük qüsuru azad düşüncənin “düşməni” olan insan xislətini nəzərə almamasıdır. Qərbin azadlıq anlayışı bu günə köklənir, ona görə ötəridir və gələcək vəd etmir. Şərqin azadlığı isə uzunömürlüdür, hətta sonsuzluğa qədərdir.

Cəmiyyətlər də fərdlər kimidir. İndi avropalı məmurlar erməni xalqının öz müqəddəratını seçmək azadlığını qorumağın vacibliyindən danışırlar. Bəli, vətəndaş seçki hüququndan tam sərbəst, hədə-qorxusuz, kənar şirnikləndirməyə məruz qalmadan, azad şəkildə istifadə etməli, iradəsini ortaya qoymalıdır. Və onun bu haqqını qorumağı üzvü olduğu cəmiyyətin yetkililəri deyil, kənardakılar vəd edirlərsə, deməli, ortada təmənna və umacaq var. Bizim kontekstdə söhbət bölgədə nüfuz davasından, bu yöndə güclərin mübarizəsindən və siyasi planlardan gedir.

***

Ermənistan KİV-i xəbər verir ki, Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta İrəvanda keçirilən birinci Ermənistan-Avropa İttifaqı sammitində ermənilərin öz müqəddəratını təyinetmə hüququndan, azad və ədalətli seçki mühitinin formalaşdırılmasından və bu işlərdə Aİ-nin Hayastana yaxından dəstək olacaqlarından danışıb. A.Koşta “Avropa Siyasi Birliyi”nin İrəvanda keçirilən VIII toplantısını tarixi hadisə adlandırıb, Ermənistan-Aİ sammitini isə günün ikinci tarixi hadisəsi kimi dəyərləndirib. Əslində, bu mesajlar Aİ-nin Ermənistanla bundan sonra münasibətləri hansı narrativlərə söykənərək qurmaq istədiyindən xəbər verir. Aİ Şurasının rəhbəri bildirib ki, Ermənistan yeni sülh və demokratiya erasına qədəm qoyub və bu, inkişafa, o cümlədən ikitərəfli münasibətlərin perspektivi üçün olduqca əlverişli mühit yaradır.

Bu siyasi ritorika aydırdır. Tam aydın olmayan Aİ–Ermənistan əməkdaşlığının son 6 ayda yeni keyfiyyət fazasına keçdiyini vurğulayan Koştanın çıxışında səsləndirdiyi bu məqamdır: “Biz təhlükəsizlik və hibrid təhdidlərlə mübarizə üçün Avropanın alətlər dəsti çərçivəsində İrəvanla yaxından işləyirik”. Avropa Şurasının rəhbəri Aİ-nin Demokratiya üzrə Fəaliyyət Missiyasının bu məqsəd üçün yaradıldığını və uzun müddət Ermənistanda fəaliyyət göstərəcəyini qeyd edib. Çıxışında bunun səbəbini belə izah edib: “Erməni xalqının öz müqəddəratını seçmək azadlığını qorumaq bizim üçün olduqca vacibdir. Siz bizə arxalana bilərsiniz və biz bu yolu birlikdə qət edəcək və sonra ortaq yolu paylaşacağıq. O, həmçinin onu da xatırladıb ki, Ermənistan Avropadan Xəzər dənizinə və Mərkəzi Asiyaya gedən marşrutun “təməl daşı”dır. Bax, burada A.Koşta boynunun vəzifəsi olmayan məsələlərə dil uzadıb və erməni elektoratını mövcud iqtidara meyilləndirməyin yanlış üsulunu tapıb. Çünki onun bu tezisini nə fəlsəfə, nə də coğrafiya qəbul edir...

Avropa İttifaqı Şurasının Prezidenti bilməzlikdən, yaxud bilərəkdən hörgü daşı ilə təməl daşını qarışdırıb. Həm Şimal–Cənub, həm Orta Dəhliz, həm də Transxəzər Avroatlantik marşrutlar Azərbaycandan keçirsə, bu yolların təməl daşları Ermənistanda necə döşənə bilər? Axı, ikinci dayanacaq-ötürücü məntəqə sayılan Ermənistana bu logistik layihələrin təməlinin deyil, olsa-olsa, divarının hörgü daşı olmaq imkanı verilə bilər. O da Bakının siyasi iradəsindən və İrəvanın özünü necə aparmasından asılı olan məsələdir. Deyəsən, Paşinyan kimi, Koşta da arzuladığını reallıq kimi qələmə verməkdən zövq alır.

Əgər avropalı məmur erməni cəmiyyətinin bir seçkidə iradəsini sərbəst ifadə etməsi ilə azadlığına qovuşacağına inanırsa, bunda da kökündən yanılır. İyunun 7-də seçki qutusundan kimin adının çıxacağından asılı olmayaraq, erməni cəmiyyəti reallığı qəbul etməli və azadlığın kənardan gəlməyəcəyinə, onu məhz özünün qazanacağı təqdirdə, uzunömürlü olacağına inanmalıdır.

İ.HƏSƏNQALA
XQ

Siyasət