Aprel ayında paytaxtın yeraltı nəqliyyat sistemində sərnişindaşıma göstəricilərində artım qeydə alınıb.
“Bakı Metropoliteni” QSC-dən XQ-yə bildirilib ki, ötən ay metrodan 20 milyon 510 min 29 sərnişin istifadə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 0,11 faiz çoxdur.
Məlumata görə, ay ərzində ən çox sərnişin qəbul edən stansiya “Koroğlu” olub. Belə ki, qeyd olunan stansiyadan 1 milyon 824 min 773 nəfər istifadə edib.
Bildirilib ki, 2026-cı ilin ilk dörd ayı ərzində ən yüksək sərnişin daşınan günlərin üçlüyündə iki tarix məhz aprel ayına təsadüf edir. Belə ki, aprelin 3-də 819 min 536, aprelin 2-də isə 802 min 283 sərnişin daşınıb. Siyahıda ikinci yerdə fevralın 18-i qərarlaşıb – həmin gün 818 min 376 sərnişin metro xidmətlərindən yararlanıb.
Eyni zamanda, nağdsız ödənişlərdə artım tendensiyası davam edir. Hesabata əsasən, NFC texnologiyası vasitəsilə ödəniş edən sərnişinlərin sayı 8 milyon 57 min 376 nəfər təşkil edib ki, bu da ümumi ödənişli sərnişinlərin 40,3 faizinə bərabərdir.
Bununla yanaşı, “Əlçatan metro” xidməti çərçivəsində həyata keçirilən sifarişlərin sayı da artıb. Aprel ayında bu xidmət üzrə 236 müraciət qeydə alınıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 35,6 faiz çoxdur.

