Mayın 5-də gənclər və idman naziri Fərid Qayıbov ötən ay beynəlxalq yarışlarda yüksək nəticələr əldə etmiş idmançılarla görüş keçirib.
Azərbaycan İdman Akademiyasında təşkil olunan mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, əvvəlcə “Azərbaycan Respublikasının idman ustası” adına layiq görülən idmançılara müvafiq vəsiqə və döş nişanları təqdim edilib.
Daha sonra nazir Fərid Qayıbov idmançıların beynəlxalq arenalarda qazandıqları uğurları yüksək qiymətləndirərək onları və məşqçilərini təbrik edib. Nazir bildirib ki, aprel ayında Azərbaycan Respublikasının Dövlət Himni 13 ölkədə səsləndirilib, idmançılarımız isə ümumilikdə 82 qızıl, 56 gümüş və 70 bürünc medal qazanıblar.
Mərasimdə beynəlxalq yarışlarda əldə olunan nəticələri əks etdirən videoçarx nümayiş etdirilib. Bir sıra idman növləri üzrə nümayəndələr isə iştirak etdikləri yarışlar və əldə etdikləri nailiyyətlər barədə məlumat veriblər.
Sonda nazir Fərid Qayıbov idmançılara gələcək yarışlarda da uğurlar arzulayıb.
Qabil YUSİFOĞLU
XQ

