Azərbaycan xalqının siyasi identikliyi: azadlıqsevərlik

post-img

II məqalə

Dövlətçilik ənənəsi – yaddaş “kod”u

Hər hansı bir xalqın birgəyaşam fəlsəfəsi özünəməxsus və mürəkkəb fenomendir. Müasir tədqiqatlar göstərir ki, onun ən bariz təzahürü cəmiyyət üçün dərin siyasi, ideoloji, mənəvi və mədəni böhranın yarandığı dönəmdə özünü göstərir. Bu baxımdan keçən əsrin son onilliyi Azərbaycan xalqının şüurunda dövlətçilik ənənəsinin yaddaş “kod”u kimi yeri və rolunun dərki çox əhəmiyyətlidir.

Şüurda dövlətçilik ənənəsinin, obrazlı desək, 1988-2003-cü illərdə “sınaq müddəti”ni iki mərhələyə bölmək olar. Birinci mərhələ 1988-1993-cü illəri əhatə edir.

1988–1993-cü illər

Niyə təhlili 1988-ci ildən başladığımızı izah edək. Əslində, bu prosesin kökü XIX əsrin əvvəllərindən Qərb və Rusiya imperiya dairələrinin sistemli və davamlı həyata keçirdikləri antitürk, antimüsəlman siyasətlərinə gedib çıxır. XIX əsrin əvvəllərindən etibarən bu prosesi genişləndirərək türkləri (o cümlədən, qərbi azərbaycanlıları) öz yurdlarından didərgin salmağa başladılar. Bir neçə deportasiya dalğasından sonra artıq XX əsrin ikinci onilliyi ərəfəsində ermənilərə qondarma dövlət yaratmaq üçün lazımi geosiyasi, siyasi, hərbi və demoqrafik şərait yaratmışdılar. Bunun real təzahürləri sırasında milyonlarla azərbaycanlının aborigen olduğu Qərbi Azərbaycan ərazisindən vəhşicəsinə qovulması xüsusi yer tutur. Həmin mövzuda Azərbaycan tədqiqatçıları sanballı əsərlər yazmışlar.

1917-ci il inqilabından sonra, 1918–1920-ci illərdə sovetlərin yaranması nəticəsində azərbaycanlıların ərazilərinə təcavüzlərin və insanların oradan qovulmasının yeni, daha qəddar mərhələsi başladı. SSRİ dönəmində isə bu, xüsusi hiyləgər, vəhşətli və amansız forma aldı. Heydər Əliyevin 1969-cu ildə Azərbaycan SSR-ə rəhbər gəlməsi ilə həmin proses dayandı. Lakin Moskvanın gizli fəndləri ilə ermənilərin təşkilatlanması və fürsət yarananda Azərbaycana və azərbaycanlılara qarşı qəddarlığı davam etdirməyə hazırlaşdığı indi sübut olunmuş tarixi faktdır.

Nəhayət, SSRİ-də yaranmış geniş və dərin böhran fonunda 1987-ci ildən başlayaraq erməni ultramillətçi, faşist və antisivil planları yenidən “xortladı”. Bu prosesin fonunda 1988-1993-cü illərdə Azərbaycan xalqının psixologiyasında və şüurunda dövlətçilik ənənəsinin nə dərəcədə yer aldığını nəzəri aydınlaşdırmaq üçün məsələyə üç istiqamətin “siyasi kəsişmə sahəsi”ndə baxaq:

Birincisi, ermənilərin öz havadarlarının ciddi dəstəyi ilə həyata keçirdikləri təcavüzün azərbaycanlıların psixologiyasına təsirinin siyasi əlamətləri.

İkincisi, Azərbaycan SSR-in o dövr rəhbərliyinin antiazərbaycan xarakterli prosesə reaksiyasının xalqın siyasi şüuruna və psixologiyasına təsiri.

Üçüncüsü, Azərbaycan cəmiyyətinin bütün bu proseslərə tarixi ənənəsindən gələn mənəvi, mədəni, dövlətçi faktorların “kodları” əsasında verdiyi reaksiyanın özəllikləri.

Mürəkkəb psixoloji məqam

Bu dönəmdə azərbaycanlılar və Azərbaycan SSR üçün mürəkkəb psixoloji məqam ondan ibarət idi ki, həmin illərdə xalq Azərbaycan SSR-də yaşayırdı. Onun XX əsrin son onilliyində siyasi taleyində çox ciddi tarixi iz buraxan hadisələr məhz 1987-ci ildən başlamışdı. Proses 1988-ci ildə yeni vüsət almış və sonrakı illərdə davam etmişdir.

Azərbaycanlıları çaşdıran vəziyyət sovetlərin tərkibində “qardaş” kimi təbliğ edilən Ermənistan SSR-in təcavüz etməsi idi ki, Moskvanın bundan xəbərsiz olduğuna əsassız inam vardı. Faktlar isə göstərir ki, Azərbaycan SSR-ə, bütün azərbaycanlılara və xüsusilə, qərbi azərbaycanlılara qarşı genişmiqyaslı məhvetmə siyasətinin yeni mərhələsi başlamışdır. Onun mahiyyətində sovet hakimiyyətinin birbaşa ideoloji, informasiya, siyasi və hərbi dəstəyi ilə Azərbaycan SSR-in torpaqlarını işğal etmək və Qərbi Azərbaycandan kütləvi şəkildə azərbaycanlıları deportasiyaya uğratmaq əsas yer tuturdu. Bu prosesdə açıq və gizli təsirlər bir-birini tamamlayırdı.

Nəticədə 1987-ci ilin dekabr, 1988-ci ilin yanvarında Ermənistan SSR-in Qafan və Meğri rayonlarından ilk azərbaycanlı qaçqınlar Azərbaycan SSR-ə gəldilər (yenə başıbəlalı Zəngəzur!). Bu fakt uzun müddət Azərbaycan cəmiyyətindən gizli saxlandı. 1988-ci ilin fevralında DQMV-nin erməni deputatları bu qədim Azərbaycan torpağının Ermənistana birləşdirilməsi ilə bağlı bədnam qərar qəbul etdilər.

Bakıdan rədd cavabı aldıqdan sonra deportasiyanın yeni mərhələsi elan olundu: “Türksüz Ermənistan”. Paralel olaraq SSRİ DTK-sı Sumqayıtda antierməni iğtişaşı təşkil etdi və bütün günahları azərbaycanlıların üstünə atmağa başladılar. Bu kimi ssenarilər son 300 ildə azərbaycanlılara qarşı dəfələrlə qurulmuşdu. Lakin biz bunlardan məlumatsız idik, çünki imperiya gizli siyasət aparırdı.

Azərbaycan SSR-in sonuncu rəhbərliyi

Vəziyyətin azərbaycanlıların şüuruna və şüuraltına neqativ təsir etdiyi şübhəsizdir. Lakin bu, bəlanın yalnız yarısı idi. Çünki o dövrdə Azərbaycan SSR rəhbərliyi tamamilə “dişsiz” hərəkət edirdi. Rəhbərlik Mərkəzə müqavimət göstərmir, müxtəlif üsullarla günahı yurdlarından didərgin salınanların üstünə atır, milli ayrı-seçkiliyə aparan terminlər icad edir (məsələn, “yeraz”), deportasiya olunanları Dağlıq Qarabağa yönəltmirdi.

Bütün bunlar Azərbaycan cəmiyyətində psixoloji qeyri-müəyyənliyi artırır, sosial-ideoloji apatiyaya səbəb olurdu. Bu məqamı azərbaycanlıların dövlətçilik şüurunun ən çətin anları kimi xarakterizə etmək olar.

Xalqın dirənişi

Azərbaycan xalqının şüuri, psixoloji və fəal dirənişi tarixdə həmişə yaddaşlarda qalacaq. Müxtəlif istiqamətlərdən gələn psixoloji təzyiqləri bu xalq səbr, təmkin və müdrikliklə “həzm” etdi ki, dünya heyrətə gəldi. Düşmənlər hər an gözləyirdilər ki, Azərbaycan insanı “düşəcək”, təslim olacaq. Ancaq Azərbaycan xalqının tarixdən gələn dövlətçilik ənənəsinin psixoloji, mənəvi, mədəni və ideoloji gücündə gizli bir immuniteti var idi.

Bu faktor açıq görünmür, onu məğlub etmək mümkün deyil, çünki hardan və necə təzahür edəcəyini öncədən bilmək mümkün deyil. Dövlətçilik ənənəsinin dəyişməz “kodları” birgəyaşam mühitində fəaliyyət göstərdiyindən konkret məkanını müəyyən etmək mümkün deyil.

Buna görə də xarici qüvvələrin təzyiqləri, daxili rəhbərliyin dişsizliyi, Moskvanın birtərəfli hüquqi mövqeyi azərbaycanlıların “dövlətçilik kodlarını sındıra” bilmədi. (Sübut: SSRİ Ali Sovetinin 14 mart 1991-ci il və 14 noyabr 1989-cu il tarixli qərarlarında Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın adı yoxdur.)

1993–1995-ci illər: siyasi identikliyin dirçəlişi

Azərbaycan xalqı məharətlə siyasi identikliyini birləşmək və müstəqil olmaq istiqamətində yenidən təsdiqlədi. İlk addım xilaskar kimi qəbul etdiyi Heydər Əliyevi hakimiyyətə dəvət etməklə atıldı.

Heydər Əliyev xalqa qələbə inamını qaytardı. 1993-cü ilin yayında Milli Məclisdə dediyi “Azərbaycan əbədi müstəqil olacaq, heç bir dövlətin təsiri altında olmayacaq. Azərbaycan xalqı azadlıqsevər xalqdır!” tezisi bu mənada mühüm yer tutur.

Bu fikri fəaliyyətinin hər anında təsdiqləyən Heydər Əliyev 1993-cü ilin iyunundan etibarən cəmiyyətin sosial-psixoloji və ideoloji nikbin məcraya düşməsi üçün addımlar atdı. Onları belə qruplaşdırmaq olar:

Birincisi, cəmiyyətin özünə inamının bərpası. “Mən fəxr edirəm ki, azərbaycanlıyam” kəlamı xalqın kimlik böhranını aradan qaldırdı.

İkincisi, ideoloji mühitin formalaşması. 1993-cü ildən Azərbaycançılıq ideyası ciddi ideoloji sistemə çevrildi. Azərbaycançı olmaq ölkəni, mədəniyyəti, dili, dini, adət-ənənəni sevməkdən və qorumaqdan başlayır. Bu ideologiya sonradan daha da möhkəmləndi.

Üçüncüsü, multikultural dəyərlərin qorunması və inkişafı. Bu amil cəmiyyətin parçalanmasının qarşısını aldı. Xüsusən, etnik, dini və mədəni qütbləşdirmə cəhdləri qarşısında Azərbaycan rəhbərliyinin multikulturalizm siyasəti mühüm əhəmiyyət daşıdı.

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət