Azərbaycan nümayəndə heyəti Şanxay Televiziya Festivalının açılışında iştirak edib

post-img

İyunun 23-də Azərbaycan nümayəndə heyəti Çin Xalq Respublikasının Şanxay şəhərində keçirilən və televiziya sahəsində beynəlxalq əhəmiyyət daşıyan 30-cu Şanxay Televiziya Festivalının (STVF) açılış mərasimində iştirak edib.

AZƏRTAC xəbər verir ki, Şanxay Televiziya Festivalı televiziya və media sahəsində yaradıcı ideyaların, beynəlxalq əməkdaşlığın və innovativ trendlərin müzakirə olunduğu mühüm platforma kimi qiymətləndirilir. 1986-cı ildən keçirilən və bu il 30-cu yubileyini qeyd edən Şanxay Televiziya Festivalı Şərqi Asiyada ilk televiziya festivalı olmaqla yanaşı, qitənin ən nüfuzlu media tədbirlərindən biri hesab edilir. Festivalın əsas məqsədi televiziya sənayesində yüksəkkeyfiyyətli məhsulların tanıdılması və qlobal media gündəmini formalaşdıran məsələlərin müzakirəsidir.

Qeyd edək ki, Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Azərbaycan Respublikası Audiovizual Şurasının sədri İsmət Səttarov, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin Media ilə iş sektorunun müdiri Kamran Həsənov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) İdarə Heyətinin sədri Vüqar Əliyev və “AnewZ” telekanalının İcraçı direktoru Rüfət Həmzəyev daxildir.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Şanxay









Siyasət