Mingəçevirdə yerləşən və 1880 meqavat gücə malik “8 Noyabr” Elektrik Stansiyasının rəsmi açılışı ölkənin enerji sektorunda dönüş nöqtəsi oldu. Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı bu hadisəni “ölkəmizin energetika sahəsində əlamətdar bir gün” kimi qiymətləndirdi və Azərbaycanın mövcud enerji potensialının sürətlə artdığını vurğuladı.
Azərbaycanın energetika tarixi Mingəçevirlə sıx bağlıdır. 1974-cü ildə Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə təməli qoyulan “Azərbaycan” İstilik Elektrik Stansiyası 1981-ci ildə istismara verilmişdi. Həmin dövr üçün böyük nailiyyət sayılan bu layihə Qafqazın ən önəmli energetika mərkəzlərindən birinə çevrildi.
Bu fikirləri YAP İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Rəşad Mahmudov söyləyib. O bildirib ki, 1990-cı illərin enerji qıtlığı dövründə Mingəçevir bir çox hallarda xalqın yeganə ümid yeri idi. Prezident bu tarixi belə xatırladır: “O vaxt hətta axşam saat 12-də televiziya verilişləri dayandırılırdı. Çünki energetika sistemimiz lazım olan həcmdə elektrik enerjisini istehsal edə bilmirdi.”
Sovet dövründə yeddi ilə başa çatan 300 meqavatlıq bloklardan fərqli olaraq “8 Noyabr” Elektrik Stansiyası cəmi iki ilə inşa edilib və 2000 meqavata yaxın gücə malikdir. Bu isə müasir Azərbaycanın texnoloji, təşkilati və diplomatik üstünlüyünün bariz nümunəsidir. Prezidentin qeyd etdiyi kimi “Biz isə iki il ərzində təxminən 2 min meqavat enerji əldə etmişik… Bu, həm yerli kadr potensialımızın, həm də beynəlxalq tərəfdaşlarımızla əməkdaşlığımızın nəticəsidir.”
Yeni stansiyanın adının 8 Noyabr – Zəfər Günü ilə eyniləşdirilməsi isə təsadüfi deyil. Prezident İlham Əliyev bu seçimi şərh edərkən qeyd edib: “Təklif edilən variantlar arasında ‘8 Noyabr’ı mən seçdim. Çünki bu, bizim şanlı Zəfərimizin tarixidir. Zəfər xalqımıza, dövlətimizə yaraşır.”
Bu ad, eyni zamanda, Azərbaycanın qalibiyyət ruhunu və enerji sahəsində qazandığı yeni zəfəri simvolizə edir.
Stansiyanın fəaliyyətə başlaması şərti yanacaq sərfiyyatının azalması, təbii qaz ixracının artması, enerji sisteminin səmərəliliyinin yüksəldilməsi və yaşıl enerji strategiyasının dəstəklənməsi baxımından böyük əhəmiyyət daşıyır.
Qeyd edək ki, bu gün Azərbaycanın elektrik enerjisinin 40 faizindən çoxu Mingəçevirdə istehsal olunur. Bu fakt təkcə ölkə daxilində deyil, regionda da Azərbaycanın enerji təchizatçısı rolunu gücləndirir.
Prezident İlham Əliyev energetikanı milli təhlükəsizlik məsələsi kimi qiymətləndirərək bildirdi: “Bu gün Azərbaycan Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələr sırasındadır... Azərbaycan qazı 12 ölkəyə ixrac olunur. Onlardan 10-u Avropa ölkəsidir”.
Bu, Azərbaycanın qaz təchizatının coğrafi əhatəsinə görə dünya miqyasında öncül mövqedə olduğunu göstərir.
İkinci Qarabağ müharibəsi zamanı Ermənistan tərəfindən Mingəçevirə raket zərbələri endirilməsi bu şəhərin enerji xəritəsindəki kritik rolunu bir daha təsdiqlədi. Prezident çıxışında bu cinayətlərə toxunaraq dedi: “Bu, dinc əhaliyə, mülki infrastruktura yönəlmiş təcavüz idi və hərbi cinayətdir.”
Deputat yekunda qeyd edib ki, “8 Noyabr” Elektrik Stansiyası təkcə enerji obyekti deyil, Azərbaycanın böyük qayıdışının, iqtisadi inkişafının və diplomatik uğurlarının təntənəli ifadəsidir. Mingəçevirdə doğan bu işıq, sözün əsl mənasında, həm Azərbaycanı, həm regionu aydınlatmağa davam edəcək.