Fərqli coğrafiyalar, eyni siyasi məram – Prezidentin ardıcıl beynəlxalq çıxışları Azərbaycanın geosiyasi çəkisini artırdı
Ötən on gündə baş verən hadisələrə nəzər yetirsək, Azərbaycanın siyasi salnaməsində Prezident İlham Əliyev diplomatiyasının miqyasını göstərən dövrü bir daha görə bilərik. Ölkə başçısı təqribi 10 gün ərzində üç fərqli məkanda — Avropanın qəlbi Kopenhagendə, ölkəmizin gözəl diyarlarından biri olan Qəbələdə və Mərkəzi Asiyanın strateji nöqtəsi Düşənbədə keçirilən yüksək səviyyəli beynəlxalq sammitlərdə iştirak etdi. Dövlətimizin başçısının səfərləri coğrafi xəritədə bir-birindən minlərlə kilometr uzaqda olsa da, mahiyyət etibarilə eyni strateji xəttin, Azərbaycanın çoxşaxəli diplomatiyasının və qlobal mövqeyinin güclənməsinin davamı idi.
Prezident İlham Əliyevin Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa Siyasi Birliyi”nin 7-ci Zirvə toplantısında iştirakı Avropanın enerji təhlükəsizliyi, regional münaqişələr və strateji tərəfdaşlıqlar kimi müzakirələrdə ölkəmizin əhəmiyyətli rolunu bir daha təsdiqlədi. Zirvə toplantısında 50-yə yaxın dövlət başçısı iştirak etdi. Kopenhagen platformasında ölkə başçısının mövqeyi xüsusi diqqət çəkdi. Nəzərə alsaq ki, Avropanın enerji xəritəsində rəsmi Bakının payı artıq ötən ildən etibarən 12 ölkəni əhatə edir, 2027-ci ilə qədər qaz ixracının 20 milyard kubmetrə çatdırılması planı artıq real görünür. Azərbaycan burada resurs ixrac edən ölkə ilə yanaşı, yaşıl enerjiyə keçid strategiyasını reallaşdıran model dövlət kimi mühüm rol oynayır.
Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü isə Azərbaycanın regiondakı liderlik mövqeyinin növbəti əyani göstəricisi idi. Prezident İlham Əliyevin çıxışı ortaq türk kimliyinin dərin köklərinə, müasir geosiyasi reallıqlara əsaslanırdı. Görüş zamanı səsləndirilən fikirlər əslində Türk dünyasının gələcək iqtisadi, enerji və nəqliyyat inteqrasiyasının yol xəritəsi kimi yadda qaldı. Xüsusi vurğulanmalıdır ki, Azərbaycan TDT-də ideoloji və strateji mərkəz kimi qiymətləndirilir. Zəngəzur dəhlizi, enerji kəmərləri, nəqliyyat əlaqələri kimi məsələlərdə rəsmi Bakının səsləndirdiyi təşəbbüslər artıq Türk dünyasının gələcək planının bir hissəsinə çevrilib.
Tacikistanın paytaxtında keçirilən Düşənbə sammiti isə diplomatik marafonun Mərkəzi Asiya həlqəsini tamamladı. Burada Prezident Əliyev Mərkəzi Asiya liderləri ilə həm ikitərəfli, həm də çoxtərəfli formatda mühüm görüşlər keçirdi. Ölkə başçısının MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında çıxışı da bir sıra əhəmiyyətli mesajlarla yadda qaldı. Prezident çıxışı zamanı Tacikistan ilə ikitərəfli münasibətlərin yüksələn xəttlə inkişafını qeyd etdi, əlaqələrin dostluq və qarşılıqlı dəstəyə əsaslandığını vurğuladı. Ümumiyyətlə, ölkəmiz tarixi-mədəni bağlılıqla yanaşı, strateji enerji və nəqliyyat körpüsü funksiyasına görə Mərkəzi Asiya regionunda etibarlı tərəfdaş kimi qəbul olunur. Xəzərdən başlayıb Çin sərhədlərinə qədər uzanan yeni logistik xəttlərdə rəsmi Bakının iştirakı Düşənbə danışıqlarında bir daha təsdiqləndi.
Beləliklə, bu on gün liderlik ritminin xronometrajı kimi dəyərləndirilməlidir. Fərqli gündəm, fərqli auditoriya qarşısında müxtəlif coğrafiyalarda ölkə başçısının çıxışları beynəlxalq münasibətlərdəki çoxşaxəli düşüncə tərzini göstərdi. Ölkə başçısının səfərləri həm də Azərbaycanın beynəlxalq imicinin transformasiyası idi. Əgər bir zamanlar dövlətimiz daha çox regional oyunçu kimi tanınırdısa, indi qlobal gündəmi formalaşdıran və müxtəlif geosiyasi məkanlar arasında balans yaradan güc kimi çıxış edir. Prezidentin ardıcıl diplomatik fəaliyyəti də əslində, bu yeni statusun ən bariz göstəricisidir. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev məsələ ilə bağlı "X" sosial şəbəkəsində paylaşım edib. Hikmət Hacıyev ölkə başçısının 10 gün ərzində üç sammitdə iştirakını Azərbaycanın çoxşaxəli və çoxregional xarici siyasətinin təzahürü kimi qiymətləndirib: "1-2 oktyabr - Avropa Siyasi Birliyinin sammiti, Kopenhagen. Aİ və digər tərəfdaşlarla görüşlər və müzakirələr; 6-7 oktyabr - Qəbələdə Türk Dövlətləri Təşkilatının sammiti. Türk dünyasının həmrəyliyi və birliyi; 9-10 oktyabr - Düşənbədə MDB Sammiti", - Prezidentin köməkçisi xatırladıb.
Nəzrin ELDARQIZI
XQ