İƏT-in Xankəndi Kommünikesindəki bütün müddəalar beynəlxalq hüquqa və yekdil rəyə söykənir
İqtisadi Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq qurum tərəfindən Qərbi Azərbaycan məsələsinin qaldırılması 1980-ci illərin sonu, 1990-cı illərin əvvəllərində Ermənistandakı doğma yurdlarından didərgin salınan, etnik təmizləməyə məruz qalan soydaşlarımıza beynəlxalq dəstəyin nümunəsi hesab edilə bilər.
İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Xankəndi şəhərində keçirilmiş 17-ci Zirvə görüşünün yekun sənədi olaraq yayılan Kommünikedə öz əksini tapmış bu müddəa Azərbaycan dövlətinin Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının reallaşması ilə bağlı qətiyyətli mövqeyi, xalqımız üçün bu taleyüklü məsələnin beynəlxalq gündəmə qətirilməsi nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb edir. Bu müddəa özündə təkcə ölkəmizin deyil, İƏT üzvü olan bütün dövlətlərin yekdil rəyini əks etdirir.
Bəs Xankəndi Kommünikesində yer almış həmin müddəanın İranın Ermənistandakı səfiri Mehdi Sübhani tərəfindən yanlış interpretasiya edilməsinin səbəbi nədir? Haypərəst mövqeyi çoxdan bəlli olan səfirin “Armenpress”ə müsahibəsində “İqtisadi Əməkdaşlıq Təşkilatının son sammitinin yekunları üzrə qəbul edilmiş və Ermənistan Respublikasının ərazi bütövlüyünü pozan, uydurma ifadələrdən istifadə olunan kommünikenin bəzi müddəalarının İranın mövqeyinə uyğun gəlmədiyini” bəyan etməsində hansı məqsədi güddüyü məlumdur. Məlum olmayan odur ki, səfir rəsmi Tehranın kommünike ilə bağlı İƏT-ə rəsmi məktubla qeyd-şərtlərini və iradlarını bildirdiyini açıqlasa da, bu barədə İran Xarici İşlər Nazirliyinin müvafiq məlumatı yayınlanmayıb.
Məsələ ilə bağlı “Armenpress”in sualını cavablandıran səfir Sübhani bildirib ki, kommünike özündə yalnız sammitin sədrinin nöqteyi-nəzərini əks etdirir və orada iştirak edən ölkələrin mövqelərini əks etdirməməlidir: “Bu bəyanatda yer alan bəzi müddəalar, o cümlədən “Ermənistan Respublikasına qarşı ərazi iddiaları ilə bağlı uydurma ifadələr” (?) İran İslam Respublikasının fundamental mövqeləri ilə dost və qonşu ölkəyə – Ermənistan Respublikasına münasibətdə məqbul sayıla bilməz”.
“İran İslam Respublikasının səfirinin diqqətinə çatdırırıq ki, Zirvə görüşünün nəticələrinin əks olunduğu Xankəndi Kommünikesi İƏT üzv dövlətləri ilə əvvəlcədən razılaşdırıldığı kimi, əvvəlki Zirvə görüşlərinin təcrübəsinə uyğun olaraq, üzv dövlətlərlə razılaşdırılmasına ehtiyac olmadan sammitin sədrinin xülasəsi formatında tərtib edilərək təşkilatın rəsmi internet səhifəsində dərc edilib. Bu halda, İran səfirinin guya Xankəndi Kommünikesinin qəbul olunmasına İran tərəfinin qeyd-şərt qoyması barədə iddiaları reallığı əks etdirmir”. Bu isə Azərbaycan XİN-in mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin səfir Mehdi Sübhaninin İƏT-in Xankəndi Zirvə görüşünün yekun sənədi ilə bağlı iddialarına verdiyi şərhində yer alıb.
***
İİR-in Ermənistandakı səfirinin ikibaşlı bəyanatı səbəbindən yaranmış vəziyyətlə bağlı XQ-yə açıqlamasında siyasi icmalçı Tofiq Abbasov bildirdi ki, Mehdi Sübhani Azərbaycan–İran münasibətlərində bir müşkülə çevrilib: “Bu adam diplomat statusu daşısa da, ikitərəfli münasibətləri çökdürmək üçün sistemli şəkildə çalışır. O, hər vəchlə İranla Azərbaycan arasında böyük problemlərin yaşandığı görüntüsünü yaratmaq üçün əlindən gələni edir. Amma bu zaman Ermənistanla İranın münasibətlərinin ideal vəziyyətdə olmasından dəm vurur. Yəni bu müstəvidə Sübhaninin özfəaliyyətlə məşğul olması qəti şübhə doğurmur. Onun reallıqdan uzaq bəzi əcaib açıqlamaları, şərhləri, verdiyi qiymətlər bir çox hallarda Tehranın rəsmi mövqeyi ilə daban-dabana ziddir. İƏT-in Xankəndidə keçirilmiş 17-ci Zirvə görüşü ilə bağlı dedikləri də bu qəbildəndir. Burada iki məqama diqqət çəkilir. Birincisi, Xankəndi Kommünikesində iştirakçı ölkələrin hamısının ümumi rəyi əks olunub. Orada sual doğuran heç bir müddəa, müəmma yoxdur. Bu, yekdilliklə qəbul edilmiş yekun sənəddir. Məsələni ürəyindən keçirdiyi kontekstdə oturtmağa çalışan Sübhaninin, həqiqətən də diplomatik ustalığı olsaydı, o, misal üçün, ikitərəfli mövqedən çıxış edən hansısa ölkə başçısının ümumi rəyindən, yaxud mətbuata açıqlamasından istifadə etməklə bunu daha “istedadlı” şəkildə ortaya çıxara bilərdi. Amma onun bəyanatında heç bir əsaslandırma yoxdur və sadəcə, özünün şərtləndirdiyi məsələdə İranın fərqli mövqedə dayandığını bildirir. Təbii ki, onun dedikləri ağ yalandır”.
Siyasi şərhçi Xankəndi Zirvə görüşünün son dərəcə şəffaf və sağlam bir atmosferdə keçdiyinə diqqət çəkərək, iştirakçıların əhvalının da buna uyğun olduğunu vurğuladı: “Birincisi, təşkilatçılıq yüksək səviyyədə idi. İkincisi, Azərbaycanın bu formatlı beynəlxalq görüş və tədbirlərin keçirilməsində böyük təcrübəyə malik olduğunu iştirakçıların hamısı yaxşı bilirdi. Nəhayət, ev sahibi Azərbaycan Prezidenti İlham Əliyev çıxışında, həmişə olduğu kimi, səmimi və konkret idi. Dövlət başçımızın dilindən səslənən bütün fikirlər, tezislər toplantı iştirakçılarının hamısı tərəfindən məmnunluqla qəbul edildi. Bəli, burada dövlət və hökumət başçıları, nazirlər arasında formalaşmış etimad mühiti də öz işini görür. Məhz bu baxımdan Mehdi Sübhaninin erməni mediasına verdiyi müsahibəsində təxribatçı açıqlaması, sanki, normal ahəngdarlıqla səslənən musiqiyə xaric notlar əlavə eləyir”.
Azərbaycanlıların Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının ilk dəfə deyil gündəmə gətirildiyini bildirən T.Abbasov bu məsələnin İƏT-in Xankəndi görüşünə gələnlərin hamısı tərəfindən anlayışla qarşılandığının şahidi olduğumuzu qeyd etdi: “Onların hamısı bu məsələni öyrənmişdilər, məlumatlı idilər. Bu, Azərbaycanın beynəlxalq hüquqa söykənən haqlı tələbidir. Bizim insanlar Ermənistandan kütləvi şəkildə qovulublar və doğma yurdlarına layiqli qayıdışı onların təbii haqqıdır. Səfir Mehdi Sübhani bu məsələyə özündən nələrisə əlavə etməyə baş vurur. O, bununla nə demək istəyir? Məqsədi işlədiyi ölkədə özünü “ermənilərin adamı” kimi gözə dürtməkdir, vəssalam. Amma onu da qeyd edək ki, son vaxtlar Sübhaninin erməni mediası ilə münasibətləri heç də rəvan müstəvidə davam etmir. Görünür, bu adamın xislətində münaqişə, problem yaratmağa qəribə bir meyil, istək var. Yəni, o, ekstrim olmadan özünü ifadə etməyi bacarmır”.
Ekspertlə razılaşaraq dediklərinə onu da əlavə edək ki, belə davranış səfir adına başucalığı gətirməyən hərəkətlərdir. Azərbaycan və İran Prezidentlərinin bir-birinə “Qardaş!” deyə müraciət etmələrini, ikitərəfli görüşlərdə bütün məsələlərə dair rahatlıqla razılıq əldə etmələrini görməyən, yaxud görmək istəməyən İrəvandakı səfir Mehdi Sübhaninin, doğrudan da, diplomatik ranqı ilə uyuşmayan davranışları ciddi araşdırılmalı və rəsmi Tehran onun barəsində lazımi tədbir görməlidir. Əks təqdirdə onun siyasi manipulyasiya və riyakarlıqdan yoğrulmuş növbəti anti-Azərbaycan fikirlərinə rəsmi Bakı daha kəskin və konkret cavab vermək məcburiyyətində qalacaq.
İmran BƏDİRXANLI
XQ