İrəvanda “daşnak ovu”

post-img

Ermənistan rəhbərliyinin məqsədi nədir?

Birləşmiş Ərəb Əmirliklərində Prezident İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan arasında görüşün start götürməsi ilə demək olar eyni vaxtda İrəvanda “daşnak ovu” başlayıb. İlk baxışdan, bu, təəccüblü görünə bilər. Çünki N.Paşinyan və komandası bütün ermənilərin katolikosu, Erməni Apostol Kilsəsinin rəhbəri II Qareginə qarşı mübarizə aparırdı. Belə təəssürat var idi ki, din xadimi və onunla əlaqəli şəxslərin həbsi təhlükəsi yaranıb. Doğrudur, təhlükə hələ sovuşmayıb. Ancaq valın birdən-birə II Qaregindən daşnaklara çevrilməsi maraqlıdır.

Bəli, hər şey Ermənistanın güc strukturlarının nümayəndələrinin Daşnaksütyun Partiyasını ölkə parlamentində təmsil edən deputat Geqam Manukyanın və qurumun digər təmsilçisi – aparat rəhbəri Vahan Matinyanın evinə basqın edib yoxlanış aparmaları ilə başlayıb. Adıçəkilən şəxslər saxlanılıblar. Bundan başqa, partiyanın bəzi fəalları da Ermənistan İstintaq İdarəsinə aparılıb. Saxlanılanlar içərində Daşnaksütyunun gənclər təşkilatının sədri Gevorq Muradyan və İrəvan şəhər komitəsinin üzvü Arsen Martoryan, həmçinin barəsində söz açdığımız G.Manukyanın oğlu Taron Manukyan da var. Bir sözlə, daşnaklar pərən-pərən salınıb.

Haşiyə çıxaq ki, Daşnaksütyun Partiyası Ermənistan parlamentində “Ermənistan” fraksiyasının tərkibində “Çiçəklənən Ermənistan” Partiyası ilə birgə təmsil olunur. “Çiçəklənən Ermənistan”ın sədri isə Rusiya ilə bağlı iş adamı, milyarder Qagik Tsarukyandır. Yəni, faktiki olaraq, daşnakları maliyyələşdirən Tsarukyandır ki, onun da Paşinyan iqtidarı tərəfindən bir neçə dəfə həbsə atıldığı məlumdur.

“Ermənistan” fraksiyasına gəldikdə, qurum 2021-ci ilin iyununda keçirilmiş növbədənkənar parlament seçkilərindən sonra yaradılıb. G.Manukyan onun əsas simalarından sayılsa da, faktiki rəhbərlik deputatlar İşxan Saqatelyana və Artur Xaçatryana məxsusdur. Bu iki şəxsin də erməni iqtidarına qarşı sərt çıxış və bəyanatlarının şahidi olmuşuq.

Beləliklə, G.Manukyan evində aparılan axtarışlarla bağlı təfərrüatları bölüşüb. Onun bildirdiyinə görə, əvvəlcə İstintaq Komitəsi və Təhlükəsizlik Xidmətinin əməkdaşları oğlunun yaşadığı evə daxil olaraq axtarış aparmaq istədilər. “Əsaslandırmaları çox cəfəng idi. Səhər bizə bildirdilər ki, gənclərimizin evlərində axtarış aparılır və mənim telefonumu da müsadirə etmək istəyirlər. Mən onlara başa saldım ki, deputatın şəxsi əşyalarını müsadirə etməyə hüquqları yoxdur və məhkəmə qərarında da belə bir şey nəzərdə tutulmur. Qərar yalnız Taronla (Manukyanın oğlu – red.) bağlı idi”, - deyən daşnak parlamentari özünə qarşı fiziki güc tətbiq edildiyini və baş verənlərin siyasi sifariş olduğunu diqqətə çatdırıb.

Əlbəttə, “daşnak ovu”nun siyasi sifariş mahiyyəti daşıdığı birmənalıdır. Başlıca məsələ sifarişin nə üçün məhz indi icra edilməsidir. Görünür, Paşinyan, loru dildə desək, sağ göstərib sol vurur. Axı o, birbaşa kilsənin üzərinə gedirdi. Yəqin, kampaniya nəzərdə tutulan effekti verməyib. Ona görə də baş nazir dini ruhaniliyin dəstəklədiyi daşnakları sıradan çıxarmağa qərar verib. Heç şübhəsiz, bu gediş kilsəni və onun rəhbəri II Qaregini başlıca dayaqlarından məhrum etmək məqsədi də daşıyır.

Ancaq onu da nəzərə alaq ki, Daşnaksütyun Ermənistanın köklü partiyalarındandır və hazırda Paşinyan iqtidarına qarşı ən sərt bəyanat və çıxışlar məhz bu təşkilatın kluarlarında hazırlanır. O da məlumdur ki, qurum təkcə sözlü etirazlar müstəvisi deyil. Daşnaksütyun həm də terrorçu təşkilatdır. Onun qatı türk düşmənçiliyinə kökləndiyi və kursunu bu gün də davam etdirdiyi sirr deyil.

Bəli, daşnaklar Ermənistanda revanşizmi və şovinizmi təbliğ edən qüvvədirlər. Onlar Azərbaycanla sülhə qarşı çıxırlar və ölkə xaricində də ciddi dəstəyə malikdirlər. Təsadüfi deyil ki, “daşnak ovu”na münasibət bildirən bir sıra erməni siyasilər prosesi Azərbaycan-Ermənistan normallaşmasının son fazaya daxil olması ilə əsaslandırırlar. Belələrinin düşüncəsinə görə, N.Paşinyan daşnakları təzyiqə məruz qoymaqla barış mühitinə zidd elementləri sıradan çıxardığına dair mesaj verir.

Daşnaksütyunun terrorçu mahiyyətinə gəlincə, üfüqdə Bakı-İrəvan sülhünün göründüyü bir zamanda qurumun bu yolu seçmək potensialının olduğunu vurğulamalıyıq. Heç şübhəsiz, barış mühiti dolğunluq qazandıqca Ermənistandakı həm daşnaklar, həm də digər revanşist-şovinistlər fəallaşacaqlar. Üstəlik, onların II Qareginin rəhbərlik etdiyi kilsənin timsalında, belə demək mümkünsə, ideoloji istinad mərkəzləri də var. Bu mərkəzin Daşnaksütyunun resursları və millətçi qaragüruh potensialı ilə Paşinyan iqtidarına qarşı terrora əl atacağı istisna edilmir. Erməni müxalif kəsim hazırda bütün imkanlardan məhrumdur və indiki durumda Paşinyanı aradan götürmək və hakimiyyəti devirmək qalır.

Sonda belə qənaətə gəlmək mümkündür ki, N.Paşinyan administrasiyası başda kilsə olmaqla, ölkədəki müxalif kəsimi zərərsizləşdirmək istiqamətindəki fəaliyyətinə daşnaklara qarşı total mübarizəni də əlavə edib. Özlüyündə bu, Ermənistanın mövcudiyyət tarixində ilk də sayıla bilər. Mübarizə hansı nəticələr verəcək, nəticələrin Bakı-İrəvan sülhünün əldə edilməsinə töhfəsi olacaqmı, bunu zaman göstərəcək. Hər bir halda, Daşnaksütyun kimi terrorçu qurumun Ermənistanın siyasi sistemindən silinməsi şərtdir. “Daşnak ovu” məhz bu məqsədi reallaşdıracaqmı, bunu da göstərəcək olan zamandır. Necə deyərlər, yaşayarıq, görərik.

Ə.RÜSTƏMOV
XQ



Siyasət