Terrorla mübarizədə “türk strategiyası”: konseptual aspekt

post-img

III MƏQALƏ

2003-cü ildən sonra

Azərbaycana qarşı terrorun iki mərhələdə olması və bu prosesin əsasən dövlətçiliyi məhv etməyə yönəlməsi, onunla mübarizəyə xüsusi məzmun verməli idi. Özlüyündə bu proses çox mürəkkəbdir və çoxlu sayda məsələləri nəzərə almağı tələb edir. XXI əsrin gəlişi ilə Azərbaycanın terrorla mübarizəsinə daha çox haqq qazandıran başqa bir gedişat meydana gəldi. 2003-cü ilin sentyabrında ABŞ-da göydələnlərə qarşı törədilən terror bütün dünya üçün “beynəlxalq terror” anlamına xüsusi ehtiyatlılıq verdi. Yaşamaq riskindən kimsənin sığortalanmadığı duyğusunu canlandırdı və “hamının birgə” terrordan sığortalanması zərurətini bir daha anlatdı. Prinsipial olaraq dünyanın terrora münasibəti dəyişməyə başladı. Bu məqamda bütövlükdə türk dünyası və ayrıca Azərbaycan üçün əhəmiyyətli olan bir faktoru vurğulayaq.

Bumeranq

Özünü dünyanın ən qüdrətli dövləti hesab edən ABŞ-nin dəqiqələr içərisində minlərlə insanı terrora qurban verməsi, bütövlükdə “terror istehsalçılarına” qarşı yönəlmiş bumeranqın ilk əlaməti oldu. Bununla siyasi düşüncədə iki mühüm faktor dəyişdi.

Birincisi, terror özünün lokal təsir hüdudlarını aşaraq, faktiki olaraq dünyanın istənilən ölkəsində meydana gələ bilmək imkanlarını göstərdi.

İkincisi, artıq mütləq mənada “lokal terrorla mübarizə” anlayışı mövcud gerçəkliyə uyğun deyildi. Yəni kimlər tərəfindən yaradılmasından asılı olmayaraq, hər hansı regionda bir dövlətə qarşı olan terror belə gözlənilmədən beynəlxalq təsirə malik ola bilər. Buna görə də siyasi şüurun dərinliklərində belə bir fikir oyandı: terror bütün forma və məzmununda beynəlxalq xarakterlidir, ona görə də onunla mübarizə də beynəlxalq səviyyədə olmalıdır!

Bu məqamda Türkiyə və Azərbaycanın terrorla mübarizə strategiyaları ortaq məqsəddə eyni istiqamətə yönəldi. Lakin Türkiyənin terrorla mübarizə tarixçəsi Azərbaycandan bir sıra məqamlarda fərqlənirdi, təməldə isə onlar eyni xüsusiyyətlərə malik olmuşlar. Faktlar bunu sübut edir.

Türkiyə təcrübəsi

Türkiyənin terrorla üzləşməsi Osmanlıdan miras qalmışdır. Hələ XVII-XVIII əsrlərdə əsasən Qərb imperilaist dairələri Osmanlını daxildən parçalamaq üçün yavaş-yavaş cəmiyyətdə bir sıra imperiya təbəələrində radikal əhval-ruhiyyə yaratmağa başladılar. Bunu başlıca olaraq dini emissarlar xətti ilə edirdilər. Təbliğatın əsas məqsədi belə bir təsəvvür yaratmaq idi: “xristianlar cahil müsəlmanların hakimiyyəti altında yaşamamalıdırlar və onlar silahlı mübarizə ilə Osmanlıdan ayrılıb müstəqil dövlət yaratmalıdırlar”.

Təəssüf ki, Osmanlı bu qərəzli təbliğatın qarşısını ala bilmədi və artıq qısa müddətdə onun ərazisində başlıca olaraq ermənilərdən ibarət radikal qruplaşmalar formalaşmağa başladı. XVIII-XIX əsrlərdə bu proses çox genişləndi və imperiya üçün ciddi problemə çevrildi. O dövrdə fransız filosofu Qaston Başlyar yazırdı ki, Avropa erməni təbliğatının eyforiyası ilə şizofrenik olmağa başlamışdır. Çünki qəribədir ki, kimlərinsə təşkil etdiyi qondarma rəsmlər Avropanı türklərin vəhşi olduqlarına inandırmışdı. Məsələn, rəsmlərdə guya türklər ermənilərin başlarını kəsib, onlarla futbol oynadıqları yer alırdı. Bu prosesə Rusiya İmperiyası da qoşulandan sonra Osmanlı daxilində radikal qrupların terror aksiyalarına başlamasına əlavə təkan verdi.

Beləliklə, Osmanlı daxildən terror atəşinə tutuldu. Bu prosesdə məqsəd türk mədəniyyətini, kimliyini, demoqrafik xüsusiyyətlərini və dövlətçiliyini məhv etməklə yerində qondarma xristian dövlətini qurmaqdan ibarət idi. Əslində, Azərbaycana qarşı (o dövrdə Səfəviyə) terrorun da mahiyyətində vurğulanan məqamlar əsas təşkil etdiyindən, ümumi olaraq türklərə qarşı ortaq terror prosesindən danışa bilərik.

Deməli, 300 il bundan öncə indiki Türkiyə və indiki Azərbaycana qarşı terror faktiki olaraq təşkilati baxımdan beynəlxalq xarakterli idi, məqsəd isə bütövlükdə türk mədəniyyətini, kimliyini, demoqrafiyasını, coğrafiyasını və sonucda dövlətçiliyini məhv etməkdən ibarət idi. Bu ümumiliyin başlıca səbəbi hər iki dövlətin türk kökənli olması və İslamla bağlı idi. Bununla bütövlükdə türk milləti və ayrılıqda iki qardaş türk xalqı beynəlxalq terrorun hədəfinə gətirildi! Bu başlanğıcın sonrakı mərhələləri daha amansız əlamətlərlə xarakterizə olunur.

“Parçala, məhv et!”

XIX əsrin ikinci yarısında Osmanlı erməni terroruna qarşı mübarizəni gücləndirdi. İndiki Türkiyə ərazisində ciddi zərbələr alan erməni terror dəstələri Azərbaycan coğrafiyasına sıxışdılar və ya Osmanlı bilərəkdən ora istiqamətləndirdi. Hər halda XIX əsrin sonuncu onilliyindən ermənilərin terror qrupları (“Armenakan”, “Qnçak” və “Daşnaksütyun”) XX əsrin əvvəllərində Azərbaycan coğrafiyasında aksiyaları genişləndirdilər.

1905-1907-ci illər terror, deportasiya, soyqırımı hadisələrinin həmin mərhələdə meydana gəlməsi bütün bunlara görə təsadüfi deyildi. XX əsrin başlanğıcından 1920-ci ilə qədər elə bir il olmamışdır ki, erməni terror qrupları Osmanlı və Azərbaycana qarşı terror törətməsinlər. Artıq 1918-ci ilə erməni terroru Osmanlı ilə birbaşa Azərbaycan hədəflərini siyasi və geosiyasi-coğrafi olaraq fərqləndirməyə qəti qərar vermişdi.

Konkret olaraq: Azərbaycan ərazisində erməni dövləti yaratmaq və Osmanlıya qarşı terror mübarizəsini davam etdirib, ondan ala biləcəyi əraziləri genişləndirmək. Burada başlıca hədəfin məhz tarixi Azərbaycan ərazilərində erməni dövləti yaratmaqdan ibarət olması bütövlükdə bizə qarşı olan terror dalğalarının əsas məzmununa təsir etdi. Azərbaycanın terrorla mübarizəsi də tədricən həmin təməldə Osmanlının və sonra Türkiyənin mübarizəsindən fərqlənməyə başladı.

Burada beynəlxalq miqyasda bu proseslərə böyük dövlətlərin gerçək münasibəti ilə bağlı bir özəlliyi mütləq vurğulamaq lazımdır. Çünki beynəlxalq terrorla mübarizə kontekstində Azərbaycanın düşdüyü vəziyyətin gerçək tərəflərini onsuz tam anlamaq mümkün deyildir.

Vilson ssenariləri və erməni terrorunun təşviqçiləri

Birinci dünya müharibəsinin başa çatması ilə sülh müqaviləsinin layihəsini ABŞ-ın o dönəm prezidenti Vudro Vilson hazırlamışdır. 14 punktan ibarət olan layihəni V.Vilson 1918-ci il yanvarın 8-də Konqresə təqdim etmişdir. Bu proqramın bir hissəsi Versal Sülhünün əsasını təşkil etmişdir. Vilson prinsiplərində Millətlər Liqasının yaradılması da yer almışdı. Ona əsasən artıq 1919-cu ildə Liqa yarandı. Ondan əvvəl isə, böyük güclərin fəaliyyətində, Türkiyə və Azərbaycana aid olan, görün nələr baş vermişdir.

Böyük mənada Antanta və əks tərəf (“Üçlər İttifaqı”) I Dünya müharibəsinin nəticələrini rəsmiləşdirməyə girişmişdilər. Məhz bu mərhələyə ona görə xüsusi diqqət yetiririk ki, o dönəmdə geniş anlamda türk kimliyi, İslam dini, türk demoqrafiyası, mədəniyyəti və dövlətçiliyinə qarşı özlərini güclü və demokratik sayan bir qrup imperialist dövlətlər erməni terrorunu körükləmiş, qatı cinayətkar erməni təşkilatlarını hətta beynəlxalq miqyasda siyasi qurumlar kimi qəbul etmiş, onlara ayrıca dəstək saxlamışlar. Bunun fonunda isə Osmanlını parçalamış, artıq mövcud olmayan Səfəvi torpaqlarında, xüsusilə onun Azərbaycan coğrafiyasında qondarma erməni dövləti yaratmışlar. Hətta formal olaraq birtərəfli qaydada bir qrup erməni terrorçunun elan etdiyi “dövləti” (əslində süni və içi boş təbliğat alətini) I Dünya müharibəsinin iştirakçısı kimi ədəbiyyatlarda göstərməkdədirlər. Tarixi faktlara baxaq.

Birinci Dünya müharibəsi 1914-cü ilin 28 iyulunda başlamışdır. Onun rəsmi başa çatması tarixi kimi 11 noyabr 1918-ci ili göstərirlər. Birinci Ermənistan Respublikası dedikləri və Azərbaycan torpaqlarının bir qismi üzərində qondarılan saxta erməni dövləti de-fakto 1918-ci il mayın 28-də Tiflisdə elan edilmişdi. Bu, Zaqafqaziya demokratik Respublikasının dağılması sonrası olmuşdur (22 aprel 1918-ci il – 18 may 1918-ci il). Hələ özünün heç bir imkanı olmayan və özgə torpaqları üzərində terrorla qondarılan cırtdan bir süni ölkə böyük güclərin savaşdığı dünya müharibəsinin necə iştirakçısı ola bilərdi? Lakin terror baxımından ermənilərin havadarlarının bu hoqqasının konkret mənası vardır. “Ermənistan” adlandırdıqları qondarma dövlət üçün Osmanlı və Azərbaycandan yeni torpaqlar qoparmağın hüquqi-beynəlxalq əsasını yaratmalı idilər.

Bu o deməkdir ki, artıq 1918-ci ilin yayına imperialist dairələr erməni terroruna beynəlxalq hüquqa uyğunluq kimi cinayətkarcasına bir status vermişdilər. Məhz bu məqamın erməni terrorunun sonrakı 70 illik mərhələdə tüğyan etməsinə ciddi təkan verdiyini və indi də onun bəlasını çəkdiymizi qətiyyətlə deyə bilərik. Yəni burada hansısa “erməni zəkası” və ya “erməni mübarizliyi”ndən danışmaq gülməlidir. Əksinə, ermənilər o qədər zəif və cılız məxluqlardır ki, dünyanın güclü dövlətlərinin onlar üçün yaratdıqları şəraitdə belə, qalib ola bilmədilər. Türklərin terrorla mübarizə strategiyası onların və havadarlarının belini qırdı!

Başqa prizmadan baxış

İndi başqa prizmada XIX əsrin sonu XX əsrin 20-ci illərinə qədər olan müddətə baxaq. Qərb imperialist dairələri özlərindən “Ermənistan” uydurduqları dönəmdə Anadolu və Qafqazda erməni terroru tüğyan edirdi. Hər iki istiqamətdə sürətlə türkləri və ümumiyyətlə, müsəlmanları öz yurdlarından deportasiya edir, yaşadıqları məntəqələri xarabaya çevirir, süni inzibati bölgülər aparır, demoqrafik nisbəti dəyişir və dövlətçiliyi məhv edirdilər. Birinci dünya müharibəsi getdiyi müddətdə heç bir hüquqi statusu olmayan erməni quldur dəstələri azərbaycanlılara qarşı total soyqırımı törədir və onları öz yurdlarından (aborigen olduqları ərazilərdən) qovurdular. 1918-ci ildə bəşəriyyət dünya müharibəsini sonlandırmağın qayğısına qalanda erməni terrorçular havadarlarının dəstəyi və planı ilə misli görünməmiş 1918-1920-ci illər soyqırımı-deportasiyasını həyata keçirdirlər.

Təsəvvür edək, eyni müddətdə dünya müharibəsi çərçivəsində imperilasit dairələr erməni terror qruplarının azərbaycanlılara (ümumiyyətlə, türk müsəlmanlara) qarşı misli görünməmiş terror törətmələri üçün “hüquqi” baza yaratmaqla məşğul olmuşlar. Bu tezis ideoloji təbliğat deyildir. Konkret rəsmi sənədlərə və həmin dövrdə baş verən siyasi hadisələrə əsaslanaraq bu nəticəni çıxarırıq.

Faktlar göstərir ki, həmin dönəmdə rəsmi sənədlərdə bir dəfə də olsun “Azərbaycan” dövlət kimi yer almamışdır. Cəmi bir nəsələdə “böyüklər” Azərbaycana, Türkiyəyə, Gürcüstana və “Ermənistana” məsləhət görürlər ki, sərhədləri danışıqlar yolu ilə müəyyən etsinlər (həmin sənəd haqqında irəlidə bəhs edəcəyik). Bu da artıq faktiki olaraq terrorla zəbt edilmiş Azərbaycan torpaqlarının ermənilərin adına hüquqi “qeyd olunması” prosesini başa çatdırmaq demək idi.

Bütün bunlar beynəlxalq münasibətlərin Versal-Vaşinqton sisteminin formalaşdırılması çətiri altında baş verirdi. Həmin sistemin bir hissəsini V.Vilson prinsipləri təşkil etmişdir. O prinsiplərin ümumi sayı 14-dür. 12-ci prinsip belədir: “Osmanlı imperiyası türkləri müasir tərkibdə təmin olunmuş və möhkəm suverenlik almalıdırlar, ancaq digər milliyyətlərdən olanlar...muxtar inkişaf etmənin mütləq təminatını almalıdırlar”. Başqa heç bir məğlub olmuş dövlət üçün “başqa milliyyətdən olanlar mütləq muxtariyyat almalıdılar” punktu nəzərdə tutulmamışdı.

Polşa tam müstəqil dövlət olmalı, Almaniya zəbt etdiyi və özünə aid olmayan torpaqları tərk etməli idi. Yalnız Osmanlı tərkibində olan qeyri-müsəlmanlar üçün muxtariyyata icazə verilməli idi, yəni gələcəkdə onların müstəqil dövlət olması üçün hüquqi baza yaradılmalı idi. Sevr müqaviləsi göstərdi ki, V.Vilsonun bu prinsipi çox təhlükəli nəticələr verə bilər.

Bunun üçün Birinci Cahan Savaşından sonra dünya nizamının hüquqi bazasını təşkil etməli olan beynəlxalq münasibətlərin Versal-Vaşinqton sisteminin beş əsas sənədinə baxmaq lazımdır. Onlar aşağıdakılardır: Versal sülh müqaviləsi (1919), Sen-Jermen Sülh müqaviləsi (1919), Nyöyi-syür-Sen (frans. Neuilly-sur-Seine, Parisin şəhərətrafı qəsəbələrindən biri) Sülh müqaviləsi (1919), Trianon Sülh müqaviləsi (1920) və Sevr Sülh müqaviləsi (1920).

Diqqət edək: dünya düzəninin əsasını təşkil etməli olan həmin sənədlər 1919-1920-ci illərdə hazırlanmışdır. Bu illər bizim yaddaşda necə qalmışdır? Birmənalı olaraq azərbaycanlıların kütləvi qırğınlara, deportasiyalara məruz qaldığı illərdir. Bircə faktı yada salmaq kifayətdir. 31 Mart azərbaycanlıların soyqırımı 1918-ci ildə baş vermişdir. Əhatə dairəsi: Bakı, Bakı quberniyası, Göyçay, Şamaxı, Quba, Xaçmaz¸ Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Borçalı, Qarabağ, Naxçıvan və digər ərazilərimiz. Bu kütləvilikdə cinayət vurğulanan sənədlərdə yer almışdırmı?

(ardı var)

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət