2016-cı il 15 iyulda sınaqdan çıxan milli birlik daha da möhkəmlənir
Üstündən düz 9 il keçdi...Amma nə unutduq, nə də unutdurduq, əsla da unutmayacağıq. 2016-cı il 15 iyul gecəsi Türk milləti olaraq Cümhuriyyət tariximizin bəlkə də ən qaranlıq, eyni zamanda, ən işıqlı gecələrindən birini yaşadıq.
FETÖ adlanan xain təşkilat dövlətin ürəyinə sızaraq millətimizə silah tuşladı, üzərinə tanklar sürdü, hərbi təyyarələrlə xalqımıza və Türkiyə Böyük Millət Məclisinə bomba yağdırdı. O gecə vətənini imperialist güclərin əlaltılarına təslim etmək istəməyən 251 qəhrəman şəhid oldu, minlərlə insan qazilik zirvəsinə ucaldı. Elə buna görə də “15 İyul” tarixə bir dirçəlişin adı kimi düşdü.
O gecəni necə unuda bilərik?
Qadın, kişi, yaşlı, gənc demədən hər kəs, eynilə İstiqlal müharibəsində olduğu kimi, o gecə də Vətəninə və milli iradəsinə sahib çıxdı. Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışı ilə xalq küçələrə axışdı və xain çevriliş cəhdinə yol vermədi.
Türk milləti o gecə tankların, topların, silahların və bombaların qarşısına sinəsini sipər etdi. Ölkəsini və milli iradəni xain əllərə təslim etmədi.
Aradan 9 il keçməsinə baxmayaraq, mübarizə sona çatmayıb. Türkiyə dövləti FETÖ ilə mübarizəsini həm ölkə daxilində, həm də xaricdə qətiyyətlə davam etdirir. Dövlət qurumlarından mülki strukturlardan xeyli dərəcədə təmizlənmiş təşkilat üzvləri ədalət qarşısında cavab verib və verməyə davam edirlər.
FETÖ yalnız silahla çevriliş etmədi. Uzun illər “xidmət hərəkatı” adı altında beyinləri zəhərləyərək dini duyğuları istismar etdi, günahsız insanları toruna saldı. Təhsil pərdəsi altında xainlər yetişdirdi. Bu qurumla mübarizə təkcə hüquqi deyil, eyni zamanda, ideoloji və mədəni müstəvidə də davam edir.
Bəs FETÖ terror təşkilatı tamamilə yox olubmu? Əlbəttə ki, xeyr! Təşkilatın başçısı Fətullah Gülən uzun illər himayə olunduğu və yaşadığı ABŞ-da dünyasını dəyişdi və xidmət etdiyi ölkənin torpağına gömüldü. Gülənin ölümündən sonra təşkilat daxilində liderlik uğrunda çəkişmələr yaşansa da, dağılma və ya özünü buraxma ABŞ-ın maraqlarına uyğun olmadığından bir çox ölkələrdə zəifləsə də, fəaliyyətini hələ də davam etdirir. Türkiyədə ciddi dərəcədə gücdən düşsə də, qalıqları və “yuxuda olan hüceyrələri”nə qarşı dövlətin xüsusi əməliyyatları diqqətlə davam edir.
Xüsusən rəqəmsal mediada – sosial şəbəkələrdə təşkilatın trolları Türkiyə və hökumət üzvləri əleyhinə qarayaxma kampaniyasını davam etdirir. Türkiyə bu sahədə də təşkilatla effektiv mübarizə aparır.
FETÖ, xüsusilə türk dövlətləri və Afrika qitəsində məktəblər açaraq, şirkətlər qurmaqla qlobal maliyyə dairələrində də yer tutmağa çalışır. Bəzi dövlətlər bunun fərqində olmasa da, Türkiyədə olduğu kimi, bir çox ölkədə də FETÖ dövlət strukturlarına sızaraq fəaliyyətini davam etdirir.
Bu baxımdan, Türkiyə bu xainlərlə yalnız öz torpaqlarında deyil, onların fəal olduğu digər ölkələrdə də diplomatiyadan tutmuş kəşfiyyata qədər bütün sahələrdə əməkdaşlıq quraraq ciddi mübarizə aparır. Çünki biz bilirik ki, FETÖ yalnız dini xarakterli bir qurum deyil, xaricdən dəstəklənən qlobal miqyaslı bir təşkilatdır.
Buradan açıq çağırış edirik: FETÖ terror təşkilatına yalnız Türkiyənin daxili məsələsi kimi yanaşmaq böyük yanlışlıq olar. Qardaş və dost ölkələr bu mübarizədə Türkiyəni səmimi şəkildə dinləməli və öz daxilindəki xainləri təmizləməlidirlər. Əks halda, bir gün bizim yaşadığımız çevriliş cəhdindən daha dəhşətlisini özləri yaşaya bilərlər.
Nəticə etibarilə, 15 İyul xain çevriliş cəhdi Türkiyənin yaxın tarixində dönüş nöqtəsidir. FETÖ-nün dövlətin ən dərin strukturlarına necə sızdığı və bu vəziyyətin hansı təhlükələrə yol aça biləcəyi aydın şəkildə ortaya çıxdı. Türkiyə bu və bənzər təhdidlər qarşısında əzmkar mövqe sərgilədi və milli iradəyə sahib çıxdı. Bu hadisə təkcə Türkiyə üçün deyil, bütün dünya üçün ordu – sivil münasibətləri, dini qurumların dövlətlə əlaqələri və demokratiyanın kövrəkliyi baxımından mühüm dərslər ehtiva edir.
Bu gün 9 il keçib. Biz hələ də eyni yerdəyik. Şəhidlərimizin əmanətinə sahib çıxır, o gecəni hər zaman xatırlayırıq. Çünki bu, yalnız bir gecə deyil, nəsillər boyu davam edəcək bir mübarizədir.
Mövlüd YENİ,
Türkiyə Jurnalistlər Konfederasiyasının baş əlaqələndiricisi