Lider–dövlət–xalq

post-img

III MƏQALƏ

Milli ideya və siyasi təcrübə

Milli ideya müasir müstəqil dövlətçiliyin başlıca parametrlərindən biridir. O, təməldə milli özşüur təcrübəsinə əsaslanır. Milli ideya şüuri təcrübədən kənarda mövcud ola bilməz. Bu kateqoriyaya, əlbəttə, liderin siyasi təcrübəsi birbaşa aiddir. Lider cəmiyyətin aparıcısı və idarəedicisi kimi milyonları istiqamətləndirməlidir. Milli ideya dövrün tələblərinə uyğun olan milli maraqlardan və onların reallaşmasından qaynaqlanır. Deməli, liderin siyasi təcrübəsi faktiki olaraq gerçəkliklə milli ideya arasında bağlantı qurmağa imkan verən əsas faktordur.

Nümunə üçün Ulu öndər Heydər Əliyevin milli ideyanı müəyyən edəndə siyasi təcrübəsinin ciddi rol oynadığını göstərə bilərik. Məhz Heydər Əliyevin dərin biliyə sahib olması ilə yanaşı, zəngin siyasi təcrübəsi ərazi bütövlüyünün bərpası məsələsinin milli ideyanın əsas tezisi kimi müəyyən edilməsinə imkan verdi. Buradan birbaşa müasir mərhələdə Prezident İlham Əliyevin postmünaqişə mərhələsində siyasi təcrübəsi ilə milli ideyanın formalaşması arasındakı əlaqələrə suverenlik kontekstində keçid edə bilərik.

Burada əsas müəyyənedici faktor milli ideyanın yeni tarixi mərhələnin mahiyyətinə uyğunluğudur. Özlüyündə bu, ümumi bir yanaşmadır, ancaq tarixi mərhələnin strateji hədəfi müəyyən olunanda milli ideyanın məzmunu ilk olaraq siyasi liderin təcrübəsi işığında aydınlaşır. 2030-cu ilə qədər olan müddətdə strateji hədəf qüdrətli güclü dövlət və yüksək rifah cəmiyyətinin formalaşması kimi müəyyən edilmişdir.

Aydındır ki, bu səviyyədə strateji hədəfə çatmaq əsaslı ideya yanaşması, yəni dəqiq müəyyən edilmiş milli ideyanın formulə edilməsini tələb edir. Məhz bu məqamda liderin siyasi təcrübəsinin əsas komponentləri ilə milli ideya arasında məntiqi əlaqə məsələsi strateji fonda aktuallaşır. Bu prizmada İlham Əliyevin siyasi təcrübəsinin başlıca tərkib hissələrinə nəzər salaq.

Etibarlılıq, etimad, hüquq və coğrafiya

Bu parametrlərin postmünaqişə mərhələsi üçün özəl anlamları vardır. Etibarlılıq və etimad liderin xalqa bağlılığını ifadə edirlər. Hüquq beynəlxalq miqyasda dövlət identikliyinin təmsilçisi kimi liderin inklüziv legitimlik dərəcəsinin göstəricisidir. Burada “inklüzivlik” liderin beynəlxalq hüquqa əməl etməsinin dünya tərəfindən qəbul edilməsi səviyyəsini ifadə edir. Liderin fəaliyyətinin hüquqa əsaslandığını, məsələn, BMT-nin bütün üzvləri qəbul edirsə, inklüzivlikdir. Və ya hansısa başqa beynəlxalq təşkilatın tam üzvləri qəbul edirsə (məsələn, Qoşulmama Hərəkatı), bu da inklüzivlikdir, lakin BMT-dən fərqlidir.

Məsələ onunla əlaqəlidir ki, indi demək olar ki, hər bir lider beynəlxalq hüquqdan danışır, ancaq prakiki fəaliyyətində ona əməl etmir. Hətta ən güclü sayılan dövlətlərin liderlərinin fəaliyyətində bu ziddiyyəti açıq görmək olur. İlham Əliyevin siyasi təcrübəsi onların hər birinin təcrübəsindən bu məqamda daha çox fərqlənir.

Azərbaycan Prezidenti fəaliyyəti müddətində beynəlxalq hüququn normalarından zərrə qədər də kənara çıxmamışdır. Bu da İlham Əliyevin siyasi təcrübəsini həm legitim edir, həm də milli ləyaqətlə tarixi ədalətin bərpası arasında bağlantını praktiki təmin etmək şansı yaradır. Burada xalqın etibarını qazanıb onu siyasi müstəvidə etimad səviyyəsinə yüksəltmək prinsipial rol oynayır. Yeri gəlmişkən, müasir politologiyada bir sıra lideroloji məktəbələrdə “liderlik krediti” və “etibarlılıq krediti” anlayışlarından istifadə edilir. Bu anlayışlar hər şeydən öncə liderin tərəfdarlarının, steykholderlərin (ümumi halda, xalqın) etibarı və etimadı dərəcəsi ilə bağlıdır. Yüksək etibara və etimada malik lider beynəlxalq miqyasda sərbəst və hətta qeyri-standart addım ata bilir. O addımın səmərəsiz olması “etibarlılıq krediti”ni azaldır, müsbət nəticə isə etibarlılığı daha yüskək səviyyəyə qaldırır. Deməli, müasir mərhələdə liderin etibarlılıq və etimad göstəricisi birbaşa onun siyasi təcrübəsinin nüvəsini təşkil edir.

Buradan bir mühüm siyasi nəticə çıxara bilərik: xalqının etibarını qazanmış lider xalqın suverenliyindən çıxış edərək dövlətin suverenliyini təmin etmək şansına malikdir. Bu nəticə politoloji baxımdan İlham Əliyevin postmünaqişə mərhələsində liderliyinin uğurluluğunun vacib göstəricisi kimi qəbul edilməlidir. Səbəbini izah etmək olar.

Məsələ Azərbaycan dövlətçilik ənənəsinin baza şərtlərindən biri ilə bağlıdır. Biz öncəki məqalədə vurğulamışdıq ki, müasir Azərbaycan Respublikasının Konstitusiyasında xalqın suverenliyi dövlətçiliyin başlıca qaynağı kimi qeyd edilmişdir. Dövlət suverenliyi xalq suverenliyi üzərində bərqərar olur. Bu o deməkdir ki, Azərbaycanda uğurlu liderlik siyasi təcrübədə xalqın etibarı və etimadının üstünlük təşkil etməsi ilə bağlıdır.

Bu xoş niyyətli, milli maraqlara tam uyğun olan strateji fəaliyyət xəttini reallaşdırmaq isə başqa tələbi ortaya qoyur. Yəni lider praktiki və praqmatik fəaliyyət proqramına, onu motivə edə biləcək mənəvi faktora və dəqiq hədəfə malik olmalıdır.

Burada milli ideya ön sıraya çıxır. Çünki milli ideya lider-xalq birliyini məfkurəvi səviyyədə təmin edən başlıca faktordur. O, birbaşa milli özşüur, milli dünyaduyumu və özünüqiymətləndirmə ilə bağlı olduğundan, həyata keçməsi vurğulanan bütün özəllikləri qarşılıqlı əlaqədə görməyi tələb edir.

Bununla milli ideyanı xalq suverenliyini dövləti suverenliyin təmin edilməsi müstəvisinə çıxaran əsas mexanizm-ideya kimi təsəvvür etmək olar. Milli ideya həmin keyfiyyətdə liderin dövlətlə xalq birliyini təmin etməsinin başlıca vasitəsidir. Yeni tarixi mərhələdə lider-dövlət-xalq vəhdəti həm də bu prizmada yeni məzmun alır.

Nəhayət, burada coğrafiya faktorunun siyasi, geosiyasi və məfkurəvi funksiyasının suverenlikdə rolu məsələsi üzərində dayanmaq gərəkdir. Hər bir toplumun ölkənin ərazisi ilə bağlı təsəvvürü olur. Məsələn, Azərbaycanın bir bölgəsi vətəndaşın şüurunda ərazi kimi hansı obraza malikdir? “Bütöv Azərbaycan” ərazi olaraq necə təsəvvür edilir və s. Bu kimi fərdi təsəvvürlər yekunda ərazi haqqında ümumi obraz formalaşdırır ki, bu da insanın Vətənə, dövlətə, mənsub olduğu xalqa tarixi münasibətini yaradır.

Lider üçün bu məsələ daha məsuliyyətli və əhəmiyyətlidir. Lider başçısı olduğu dövlətin və ölkənin coğrafi ərazisi haqqında ümumi obraza malik olmaqla yanaşı, onun geosiyasi əhəmiyyətini düzgün müəyyən etməlidir.

Öncə Azərbaycan

Azərbaycan coğrafi ərazi kimi müstəqil və suveren ölkədirsə, bunun siyasi, geosiyasi, hüquqi, mədəni, iqtisadi təmini ayrıca vəzifə kimi qarşıya çıxır. İlham Əliyev Avrasiya məkanında yeganə liderdir ki, coğrafi faktoru vurğuladığımız kontekstdə suverenlik, müstəqillik və ərazi bütövlüyü ilə vəhdətdə dəyərləndirə bilmişdir. Daha konkret ifadə etsək, ərazi bütövlüyünün bərpasını geosiyasi müstəviyə uğurlu proyeksiya edərək bütövlükdə regional miqyasda geosiyasi mənzərəni dəyişmişdir. Azərbaycanın coğrafi faktor kimi əhəmiyyəti bu məqamdan qaynaqlanır. Onun başlıca əlaməti Azərbaycanın coğrafi yerləşim kimi regional miqyasla regionlararası miqyas arasında substantiv və kommunikativ bağlantı qurmaqdan ibarətdir. Müxtəlif layihələr vasitəsi ilə Azərbaycan coğrafiyası geniş geosiyasi məkan üçün açar rolunu oynamaqdadır. Azərbacyan Respublikasının ərazisi sabitlik, təhlükəsizlik, barış və əməkdaşlıq məkanı olaraq qəbul edilir. Azərbaycan geosiyasi anlamda Qərblə Şərq arasında əsas körpü rolunu uğurla yerinə yetirir. İlham Əliyevin siyasi təcrübəsi bu ümumi tezisin konkret məzmununu artıq müəyən etmişdir. Bu baxımdan Zəngəzur Dəhlizinin işə salınması növbəti tarixi-coğrafi və siyasi hadisə olacaqdır!

İndi siyasi təcrübənin bu anlamı işığında milli ideya və suverenliyin qarşılıqlı əlaqəsinin bir aspektinə nəzər salaq.

Milli ideya, suverenlik və xalqın birliyi

Prezident İlham Əliyev 2022-ci ilin altı ayının yekunlarına həsr olunan müşavirədə çıxışı zamanı vurğulamışdı: “Son vaxtlar Ermənistan rəhbərliyi yenə də hansısa status haqqında danışmağa başlayıb. Halbuki müharibəyə son qoyulanda, Ermənistan kapitulyasiya aktına məcburən imza atanda bizim - Azərbaycan, Rusiya, Ermənistanın rəhbərləri arasında şifahi razılaşma olmuşdur ki, status məsələsinə toxunulmur. Ermənistan müəyyən müddət buna əməl edirdi. Ancaq son zamanlar artıq bu, adi hala çevrilib. Gah onların baş naziri, gah xarici işlər naziri Qarabağın statusundan danışırlar. Status hara gedib və statusa nə olub, mən müharibədən sonra demişəm, təkrarlamaq istəmirəm. Əgər Ermənistanda bunu kimsə unudubsa, təkrarlaya bilərəm. Amma hesab edirəm ki, hələlik buna ehtiyac yoxdur. Ona görə status haqqında danışmaq Ermənistan üçün hesab edirəm ki, çox təhlükəli məsələdir. Çünki biz də status haqqında danışa bilərik, Zəngəzur üçün status tələb edə bilərik. O Zəngəzur ki, 1920-ci ilin noyabrında bizdən qoparıldı. Biz ki, danışmırıq, amma danışa bilərik, baxaq görək nəticəsi nə olacaq”.

Dövlət başçısının bu fikirlərində biz baxdığımız məsələnin bütün aspektləri yığcam ifadə olunmuşdur.

Birincisi, ərazi bütövlüyünün təmini dəyişilməyəcək reallıqdır. Yəni rəsmi İrəvan və onun havadarları praktiki olaraq unutmamalıdırlar ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasından geridönüş yoxdur və bununla bağlı heç bir şey müzakirə mövzusu deyildir.

İkincisi, ərazi bütövlüyünün bərpası milli ideyanın reallaşmasının birbaşa nəticəsidir və dövlət başçısı üçün bu, məfkurəvi mahiyyətli məsələdir. Milli ideyanın reallaşması növbəti mərhələyə keçmək üçün möhkəm təməl hazırlamışdır. Burada suverenliyin tam təmini aparıcı yer tutur. Doğurdan da 2023-cü ildə Azərbaycan ərazi bütövlüyünün bərpasına suverenliyin tam təminini əlavə etdi. Yəni bəzilərinin xülyalarının əksinə olaraq, Prezident İlham Əliyev milli ideyanın suverenlik aspektini də gerçəkliyə çevirdi.

Üçüncüsü, milli ideya və suverenliyin bu cür vəhdəti avtomatik olaraq xalqın birlik modelini müəyyən etdi. Azərbaycan xalqı müstəqilliyi, ərazi bütövlüyü və suverenliyinin tam təmini vəzifələrinin daim yerinə yetirilməsi üçün birdir, həmrəydir. Onun bu birliyi həmin səbəbdən əbədidir. Bu özəllik İlham Əliyevin postmünaqişə mərhələsində siyasi təcrübəsinin mahiyyətində əsas yer tutur.

Beləliklə, III Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin xarici siyasətin başlıca prinsipləri ilə bağlı ifadə etdiyi fikirlər yeni politoloji tədqiqatlara motivə edir. Azərbaycanda siyasi liderlik ənənəsi ilə müasir müstəqil dövlətçiliyin daxili bağlılığının siyasi-nəzəri tədqiqi burada mühüm yer tutmalıdır. Faktiki olaraq, Azərbaycanda yeni tarixi mərhələnin başlaması fonunda bu, özlüyündə milli ideya, suverenlik və güclü dövlət quruculuğu kimi məsələlərin fərqli kontekstdə nəzəri dərkini aktuallaşdırır. Bu məsuliyyəti dərk etmək vacib dövləti məsələdir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Siyasət