Yaxud “ayı xidməti”nə ehtiyac duyanlar haqqında nekroloq əvəzi
XX əsr Britaniya və dünya ədəbiyyatının görkəmli nümayəndəsi Corc Oruellin “Heyvanıstan” satirik-alleqorik romanında ədalətli cəmiyyət arzusunda olan bir qrup heyvan üsyana qalxır, lakin bərabərliyə və azadlığa qovuşub xoşbəxtlik tapa bilmir. Çünki ferma Napoleon adlı donuzun ixtiyarına keçir.
Donuz Napoleon əvvəl digər heyvanlarla birgə mübarizə aparıb. Yəni o da hamı kimidir. Sonradan isə bu donuz totalitarizmin və manipulyasiyanın rəmzinə çevrilir, “bütün heyvanlar bərabərdir, amma bəziləri daha bərabərdir” prinsipi ilə öz avtoritar hakimiyyətini möhkəmləndirir. Napoleon reallığın ciddi təhrifinə yol verir, hər uğursuzluğa daxili və xarici düşmən obrazı yaradaraq izah tapır.
Əslində, Oruellin “1984” romanındakı Böyük qardaş da mahiyyətcə Napoleon kimidir. Əlbəttə, teleekran və fikir cinayətkarlığının tərənnümünüə çevrilmiş Böyük qardaş 1984 rəqəminin özü kimi mistik-simvolik mahiyyətlidir. Ancaq dahi Şekspirin “Otello”sundakı Yaqo real obrazdır. O, intellektual manipulyasiya, nifaq yaratmaq yönümlü fəaliyyəti ilə müəyyən mənada həm Böyük qardaşın, həm də donuz Napoleonun sələfi statusunu daşıyır.
Hazırkı Rusiyanın efir məkanına diqqət yetirəndə adlarını çəkdiyimiz mənfi personajların hamısının bir “parlaq” xələfini görürük. Əslində, həmin mənfi personajları yada salmağımızın səbəbi də onun özüdür. Söhbət rusiyalı telejurnalist, Rusiyanın dövlət kanalında hər cür hoqqabazlıq edən Vladimir Solovyovdan gedir.
***
V.Solovyov cəmiyyətdə və beynəlxalq aləmdə baş verən hadisələrə sırf Kremlin narrativi çərçivəsində yanaşır. Əlbəttə, jurnalistin öz dövlətinin maraq və mənafelərini müdafiə etməsində qəbahət yoxdur. Sadəcə, peşəkarlıq mütləqdir. Hazırda Solovyov özünün “donuz napoleonluğu”, “böyük qardaşlığı” və “yaqoluğu” ilə jurnalistika prinsiplərinə “tüpürür”. Halbuki, “yuxarının” tapşırığını daha sivil formada yerinə yetirmək mümkündür. Solovyovda sivilliyin heç ilk “s” hərfi belə yoxdur. Ona görə onun üfunətli “tüpürcəyi”, istər-istəməz, Kremlin də yaxasına sıçrayır. Nə bilmək olar, bəlkə, elə norma budur.
...Solovyovun “ayı xidməti”ndən yararlananlar fərqində deyillər ki, bu ikrah doğuran personajı insanların evlərinə dürtməklə, bütövlükdə, rus cəmiyyəti adına böyük utanca imza atırlar. Axı nəticədə, Rusiya ictimai fikri məhz solovyovların dili ilə formalaşır. O dil ki, hiddət, qəzəb, nifrət və kin aşılayır və məsələ bununla da bitmir. Jurnalistika adına gerçək parodiyaya çevrilmiş bu məxluqa görə, Rusiyanın özünə də, yumşaq desək, pis münasibət formalaşır. Sual yaranır: Dostoyevski, Tolstoy və digər böyük, humanist dəyərlərin daşıyıcıları sayılan dahilərin vətəni Solovyov kimi düşüncə pozuqluğunun ümidinəmi qalıb? Yaxşı olar ki, ölkənin mütərəqqi insanları bu məsələ ətrafında düşünsünlər. Amma düşünməklə kifayətlənməsinlər. Çünki əsl məqsədi Rusiyanı “yerin dibinə soxmaq olan” Solovyov dayanmaq bilmir...
Bəli, qarşı tərəfin fikrini susdurmaqla, fərqli düşünənləri “xarici agent”, “satqın” və ya “Qərbin nökəri” adlandırmaqla, ictimai fikri istədiyi istiqamətə yönəltməyə çalışan Solovyov sülh və sabitlik adı altında avtoritar yanaşmanı legitimləşdirməyə çalışır, mütləq doğrunun “yeganə sahibi” kimi davranır. Onun bu “dəst-xəttinin” anti-Azərbaycan təmayülündən dəfələrlə yazmışıq və yazmaqdan bezməyəcəyik. Çünki bu manqurt ölkəmizi hədəfə almaqdan yorulmur.
***
Əlqərəz, həmyerlimiz Mixail Qusman ötən həftə Rusiyanın baş naziri Mixail Mişustinin sərəncamı ilə TASS-ın baş direktorunun birinci müavini vəzifəsindən azad edildi. Aydındır ki, səbəb onun iyulun 19–21-də keçirilmiş III Şuşa Qlobal Media Forumunda iştirakı ilə bağlıdır. O forumdakı ki, Prezident İlham Əliyev həmin toplantının iştirakçıları ilə Xankəndidə görüş keçirdi. Dövlətimizin başçısına sual ünvanlayanlardan biri də cənab Qusman oldu.
Qusmanın sualı özündə geniş və hansısa siyasi niyyət daşımışdı. Qocaman jurnalist Prezident İlham Əliyevdən ölkəmizin çoxvektorlu xarici siyasət kursunu dəyərləndirməsini xahiş etmişdi. Şübhəsiz, Qusmanın yanaşmasında incə subliminalizm nəzərə çarpmışdı. Məsələn, o, sual səsləndirərkən Azərbaycanla Rusiya arasındakı gərginliyə toxunmuşdu: “Bütün beynəlxalq azimutlarda, mən Rusiyadan başlayacağam, son zamanlar nə Rusiyada, nə də Azərbaycanda geniş ictimaiyyətin müsbət reaksiyasına səbəb olma ehtimalı az olan, mənim dediyim kimi, son zamanların “çalxalanmalarına” baxmayaraq, 2022-ci il fevralın 22-də Moskvada imzaladığınız müqavilənin əsasları heç bir şübhə doğurmur. Bu, aydındır”.
Əslində, cənab Qusman bu xatırlatması ilə bir çox mətləbləri dəqiqləşdirmişdi. O, Prezident İlham Əliyevlə Rusiya Prezidenti Vladimir Putin tərəfindən imzalanmış “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə”dən söz açmış və sənədin fundamental yükünü vurğulayaraq, Bakı – Moskva münasibətlərindəki hazırkı gərginliyin həmin fundamentallığa zərər vurmayacağına əminlik ifadə etmişdi. Təcrübəli jurnalist yanaşması ilə həm də Rusiya üçün vacib olan məqama aydınlıq gətirmişdi.
Diqqət yetirdinizsə, dövlətimizin başçısı cavabında sözügedən bəyannamənin üzərindən keçdi. Yəni, bilavasitə sənəddən söz açmadı. Halbuki, o, Rusiyadakı hazırkı anti-Azərbaycan ritorikasının tərəfdaşlığın ruhuna zidd olduğunu vurğulaya bilərdi. Prezident İlham Əliyev cavabı ilə bəyannamənin elan etdiyi bərabərtərəflilik, qarşılıqlılıq prinsiplərinin ölkəmizin dünyanın bütün qütbləri ilə münasibətlər trayektoriyasında mühüm əhəmiyyət daşıdığını vurğulamışdı. Yəni ki, Prezident Əliyev diplomatik tərzdə Rusiya ilə əlaqələrin gələcək strukturunu da vurğulamışdı. Yəni bəyannamənin açıqlandığı prinsiplər reallıqda da əksini tapmalıdır ki, əvvəlki axara qayıdılsın.
Belə bir durumda Qusman Rusiya üçün Azərbaycanla bağlı, bir növ, təminat alan ampluasındadır. Deməli, Kremlin bəzi başıpozuq təbliğat ünsürlərinin və ermənipərəstlərin iddialarının əksinə olaraq, Azərbaycan heç bir beynəlxalq mövqe dəyişdirmir, xarici aləmlə münasibətlərini özünün balanslı rasional kursu əsasında qurur. Görəsən, indiki durumda Rusiyada Azərbaycan Prezidentindən bu cavabı almağa müvəffəq ikinci jurnalist varmı? Əslində, cənab Qusmana Rusiyadan təşəkkür düşür. Amma...
***
Görünür, Rusiyaya bu cavab, daha doğrusu, Azərbaycanın mövqeyi sərf eləmir. Axı ölkənin siyasi isteblişmenti başqa dövlətləri aşağı pillələrdə təsəvvürə gətirir. Tam əminliklə demək olar ki, Qusman məhz bu baxışın qurbanı oldu. Halbuki, jurnalist hər zaman Bakı–Moskva əlaqələri naminə çalışıb, müstəsna xidmətlər göstərib. Belə bir yüksək səviyyəli şəxsi, əsl ziyalını, jurnalist peşəsinin həqiqi daşıyıcısını Solovyov kimi içindəki naqis yırtıcılığı efirə püskürməkdən həzz alan “timsahın” “ağzına” vermək haqsızlıq dolu rəzillikdir. Heç şübhəsiz, bütövlükdə, Rusiya ictimai rəyi bu rəzil rüsvayçılığın altını çəkəcək. Çox təəssüf.
Sən demə, Qusman Prezident İlham Əliyevdən Bakıda saxlanılan və adlarını jurnalist qoyan agentlər barədə soruşmalı imiş. Axı qocaman jurnalistin sualı və ona aldığı cavab Solovyov kimi əbləhin, loru dildə desək, başı üçün deyil. Onu da deyək ki, dövlətimizin başçısı, mahiyyətcə, Rusiya ilə münasibətlərdə heç nəyin itirilmədiyinin mesajını vermişdi. Bu mesaj azdırmı?
Prinsipial məqamı isə Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev alman nəşrinə bir neçə gün əvvəlki müsahibəsində açıq şəkildə bildirdi. Onun sözlərindən gəlinən qənaət budur ki, ölkəmizin Şimal qonşusundan gözləntisi var – məlum təyyarə olayına obyektiv münasibət, AZAL-a məxsus hava gəmisinə atəş açmaq əmri verənlərin cəzalandırılması, Moskvanın böyük insan tələfatına səbəb olmuş hadisəyə görə üzr istəməsi və təzminat ödəməsi. Əslində, Prezident İlham Əliyev də III Şuşa Qlobal Forumu zamanı Qusmanın deyil, digər iştirakçıların suallarını cavablandırarkən, eyni mövqeni bölüşmüşdü. Mövzuya dair ünvanlayacağımız böyük sual isə budur: Rusiya niyə ölkəmizin haqlı tələbini yerinə yetirmir?
Suala cavab yoxdur, əvəzində Solovyov dövlət televiziyasının efirindən təkcə cənab Qusmanı yox, habelə Azərbaycanın təşkil etdiyi mötəbər tədbirin iştirakçısı olmuş digər rusiyalı nümayəndələri hədəfə alır, onları, az qala, xalq düşməni adlandırır. Görəsən, nə vaxtdan Azərbaycandan səfər dəvətini qəbul etmək Rusiyada düşmənçilik sayılır? Bunu Solovyov uydurubsa, kimsə çıxıb bu nataraz beyin sahibinin hərəkətinə izah versin?
İndi nə düşünək? Düşünək ki, Rusiya rəsmilərinin Azərbaycanla münasibətlərin önəminə dair verdiyi pozitiv notlu açıqlamalar yalnız quru diplomatik səciyyə daşıyır və səmimiyyətdən uzaqdır? Axı Rusiya (dövlət) teleməkanını özünün iyrənc söz ifrazı üçün plasdarma çevirmiş Solovyov pis ağzını açmaqdan çəkinmir. Bəlkə, Kremldə kimlərsə ondan qorxur? Bəlkə, vazkeçilməz istedad sahibidir? Nədir də bu zəncantropun önəmi ki, ona efiri murdarlamaq imkanı yaradılır?!
***
Sonda onu da deyək ki, əvvəldə haqqında söz açdığımız bədii əsərlərin hər birinin mənfi personajları üçün faciə mahiyyəti daşıyan sonluq var. Məsələn, “Heyvanıstan”dakı donuz Napoleon yekunda artıq insanlarla bərabər masa arxasında oturur, bu isə idealist heyvanlar üçün xəyanətdir.
Bir zamanlar jurnalistikanın prinsiplərini müdafiə etdiyini deyən Solovyov da hazırda tamamilə iyrənc siyasi təbliğatın ruporuna çevrilməklə eyni ampluadadır. Ancaq Solovyovun Oruellin “donuzun”dan fərqi var. İkinci insanlarla bir masada oturmaq üçün ideyalarını satmışdısa, Solovyov hərəkət və davranışları ilə insanlığını satıb heyvanlaşır. Güman edirik ki, əlavə şərhə ehtiyac yoxdur.
Ə.CAHANGİROĞLU
XQ