Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında” Sərəncamının icrası ilə əlaqədar olaraq Milli Elmlər Akademiyasında müxtəlif tədbirlər həyata keçirilir, kitablar nəşr olunur. Milli Elmlər Akademiyasının “Elm” nəşriyyatı Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə akademik Nizami Cəfərovun “Türklər Birinci Türkoloji Qurultayda” adlı monoqrafiyasını çapdan buraxmışdır.
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda isə 2024-cü ildə yeni qəbul edilmiş ortaq türk əlifbası ilə hazırlanmış ilk poeziya antologiyası işıq üzü görüb.
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda ortaq türk əlifbası əsasında hazırlanmış ilk kitab nəşr olunub. “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” adlı antologiyada Azərbaycan və Türk dünyası arasında tarixi və müasir ədəbi əlaqələr poeziya nümunələri vasitəsilə ortaq əlifbada təqdim edilib.
Qeyd edək ki, nəşrdə istifadə olunan latın qrafikalı 34 hərfli ortaq türk əlifbası Beynəlxalq Türk Akademiyasının rəhbərlik etdiyi Türk Dünyası Ortaq Əlifba Komissiyası tərəfindən 2024-cü ildə Bakı şəhərində keçirilmiş toplantıda qəbul edilmiş yekun qərara əsaslanır. Antologiyada çap olunan hər bir türk xalqına aid bədii nümunələr əvvəlcə orijinalda, yəni yazıldığı dildə, sonra isə ortaq əlifbaya uyğunlaşdırılmış şəkildə verilib.
Nəşrdə Azərbaycan şairlərinin Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan, Şimali Kipr, Tatarıstan, Başqırdıstan və İraq-türkmanları haqqında şeirləri Azərbaycan dilində, həmin türk ellərindən olan müəlliflərin Azərbaycan mövzusunda yazdıqları şeirlər onların öz türkcələrində yer alıb.
“Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası AMEA-nın prezidenti, akademik İsa Həbibbəylinin ideya müəllifliyi ilə hazırlanıb və “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözü ilə nəşr edilib. Kitabın tərtibçisi və redaktoru filologiya elmləri doktoru Mehman Həsənlidir. Kitabın tərtibatı üzərində Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun əməkdaşı Pərvanə Kərimova, mətnlərin ortaq əlifbaya uyğunlaşdırılmasında isə Nəsimi adına Dilçilik İnstitutunun əməkdaşı, filologiya elmləri doktoru Qətibə Quliyeva çalışıb. Kitabdakı şeirlərin bir çoxu Türk respublikalarının kitabxana fondlarından, digər resurslarından toplanmışdır və ilk dəfədir ki, bir kitabda nəşr edilir.
Antologiya AMEA-nın “Elm” nəşriyyatında çap olunub.
Nəşr Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı ilə başlayır.
Akademik İsa Həbibbəylinin “Türkoloji qurultayın dərsləri və zəfəri” adlı ön sözündə Birinci Türkoloji Qurultayın tarixi əhəmiyyəti, son yüz ildə türkologiyanın inkişaf yolu və perspektivləri şərh olunur, latın qrafikasına keçid haqqında qəbul edilmiş qərarın əhəmiyyətindən danışılır.
Antologiyanın ədəbi mətn hissəsi Azərbaycanın xalq şairi Səməd Vurğunun “Azərbaycan” şeiri ilə açılır. Nəşrin Azərbaycan-Türkiyə bölməsində Bəxtiyar Vahabzadənin “Azərbaycan-Türkiyə” və Yavuz Bülent Bakilərin “Azərbaycan ürəyimdə bir şahdamardır” şeirləri verilmişdir. Azərbaycan-Özbəkistan bölməsində Xəlil Rza Ulutürkün “Özbəkistan” və özbək şairi Abdulla Aripovun “Azərbaycan” şeirləri yer almışdır. Antologiyanın Azərbaycan-Qazaxıstan bölməsində Zəlimxan Yaqubun “Əhməd Yəsəviyə Zəlimxan Salamı” və qazax şairi Ədilkərim Əhmədovun “Salam, Azərbaycan!”, Azərbaycan-Qırğızıstan bölməsində Xəlil Rza Ulutürkün “Azərbaycan–Türk Salamı” və qırğız şairi Alıkul Osmanovun “Paravoz”, Azərbaycan-Türkmənistan bölməsində Süleyman Rüstəmin “Aşqabad” və türkmənlərdən İtalmaz Nuriyevin “Azərbaycan” şeirləri oxuculara təqdim olunmuşdur. İlk dəfə olaraq Azərbaycan-Şimali Kipr bölməsində xalq şairi Qabilin “Kipr” və Kiprdən Mahmut İslamoğlunun “Hazar” şeiri diqqətə çatdırılır. Azərbaycan-Tatarıstan bölməsində Bəxtiyar Vahabzadənin “Abdulla Tukay” və qarşı tərəfdən Məhəmməd Mirzənin “Bakı-Kubarık Jil”, Azərbaycan–Başqırdıstan bölməsində Əli Nəcəfxanlının “Başqırdıstana” və Başqırdıstanın xalq şairi Mustay Kərimin “Xuş Kildeqez!”, Azərbaycan-Altay bölməsində Sabir Rüstəmxanlının “Oxu, Altay Gözəli” və Altaylardan Pasley Samıkın “Azerbaycan poeti Fikret Gocağa” şeirləri oxuculara çatdırılır.
Azərbaycan-İraq-Türkman bölməsində isə xalq şairi Nəriman Həsənzadənin “Kərkük yaylağı” və Fevzi Əkrəm Tərzinin “Azerbaycan Destanı” şeirləri yer alıb.
Kitabda Azərbaycan və Türk dünyasından hər ölkənin səhifəsində həmin respublikanın tarixi memarlıq irsini əks etdirən foto-kollajlar da təqdim olunub.
Milli Elmlər Akademiyasının nəşr etdiyi “Azərbaycan və Türk dünyası: ortaq əlifbada poeziya” antologiyası Azərbaycanda yeni ortaq latın qrafikası ilə nəşr olunmuş ilk kitab kimi Birinci Türkoloji Qurultayın 100 illiyinə elmi töhfədir.
XQ

