İzmir şəhərində fəaliyyət göstərən Qaradənizlilər Konfederasiyasının başqanı Xızır
Murtəzaoğlu, eləcə də izmirli ziyalılar Fərid Rəsmi və Osman Çiçəkli Bakıda
Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyinin sədri Arzu Bağırova
ilə görüşüblər.
Təşkilat rəhbərləri bu görüşü Azərbaycan–Türkiyə əlaqələrinin vətəndaş cəmiyyəti
müstəvisində daha da möhkəmlənməsi baxımından əlamətdar hadisə kimi
dəyərləndirib, qarşılıqlı səfərlərin və birgə təşəbbüslərin davamlı xarakter
almasının vacibliyini vurğulayıblar.
Görüşdən sonra qonaqların şərəfinə şam yeməyi təşkil olunub. Səmimi və dostluq
mühitində keçən süfrə arxasında maraqlı və aktual mövzular ətrafında fikir
mübadiləsi aparılıb.
Şam yeməyinə dəvət edilən Milli Məclisin İctimai birliklər və dini qurumlar
komitəsinin sədri Fazil Mustafa qardaş ölkə ziyalıları ilə qarşılıqlı maraq doğuran
məsələlər ətrafında müzakirələr aparıb. O, iki qardaş ölkə arasında münasibətlərin
yalnız siyasi və diplomatik çərçivə ilə məhdudlaşmadığını, ortaq tarix, mədəniyyət
və mənəvi dəyərlər üzərində yüksəldiyini xüsusi vurğulayıb. Komitə sədri yeni
üçcildliyini qonaqlar üçün imzalayıb.
Beynəlxalq “Alaş” Ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalı və Dünya Gənc Türk
Yazarlar Birliyinin başqanı İntiqam Yaşar da ictimai-mədəni əməkdaşlığın
dərinləşdirilməsi, Türk dünyasında yaradıcı və ədəbi mübadilənin
genişləndirilməsi, gənclər arasında ortaq layihələrin təşviqi istiqamətində fikirlərini
bölüşüblər.
Müzakirələr zamanı İzmirlə Bakının qardaşlaşmış şəhərlər olmasının 40-cı, eləcə
də “Şuşa Bəyannaməsi”nin 5-ci ildönümü kimi əlamətdar tarixlər də xatırlanıb.
Bəyannamənin Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin siyasi-hüquqi əsasını
daha da möhkəmləndirdiyi qeyd edilib.
Səmimi və qarşılıqlı etimada əsaslanan mühitdə keçən görüşdə
Azərbaycan–Türkiyə qardaşlığının ictimai müstəvidə daha da möhkəmləndirilməsi,
qeyri-hökumət təşkilatları arasında əməkdaşlığın dərinləşdirilməsi, hüquqi və
iqtisadi maarifləndirmə sahəsində ortaq təşəbbüslərin dəstəklənməsi, eləcə də
gələcək birgə forum və layihələrin təşkili ətrafında geniş fikir mübadiləsi aparılıb.
Görüş qardaş ölkələrimiz arasında strateji tərəfdaşlığın dayanıqlı və sistemli
inkişafında vətəndaş cəmiyyəti institutlarının mühüm rol oynadığını bir daha
nümayiş etdirib.
Arzu Bağırova qonaqlara təşəkkür edərək qurulan əlaqələrin davamlı və uğurlu
əməkdaşlığa çevriləcəyinə, ortaq təşəbbüslərin yaxın gələcəkdə konkret layihələrlə
nəticələnəcəyinə inandığını bildirib. Sonda qarşılıqlı xatirə hədiyyələri təqdim
olunub.
Zərifə BƏŞİRQIZI
XQ


