Yaxud İlham Əliyev liderliyi və Sülh Şurasında təmsilçilik məqsədləri
Prezident İlham Əliyevin ABŞ Prezidenti Donald Tramp tərəfindən Sülh Şurasının fevralın 19-da Vaşinqtonda keçirilmiş ilk iclasına dəvət olunması Azərbaycanın beynəlxalq miqyasda barış təşəbbüslərinə qoşulmaq əzminə verilən dəyərin növbəti parlaq göstəricisidir. Nəzərə alaq ki, sülh təşəbbüslərində iştirakçılığın əməli iş təzahürü olmalıdır. Bu mənada ölkəmiz nümunədir, çünki barış yaradıb. Belə nümunəvilik ayrıca yüksək statusdur.
Bəli, barış naminə fəaliyyətin əməli iş trayektoriyası Azərbaycanın Sülh Şurasında iştirakçılığına mənəvi haqq qazandırır. Mənəvi haqqı doğuran amillərə gəlincə, bildirməliyik ki, ölkəmiz beynəlxalq müstəvidə fəal siyasət yürüdür, xüsusi inkişaf modeli irəli sürür, strateji sabitliyini qoruyur və çoxtərəfli diplomatiyaya töhfələr verir. Mövcud fəaliyyət dəst-xəttinin nəticəsidir ki, Azərbaycan qarşı duran qütblər arasında öz vasitəçilik missiyasını təklif edir və bu missiya müsbət qiymətləndirilir.
Əlbəttə, Azərbaycanın sülhyaratma missiyasından söz açarkən, konkret olaraq, ölkəmizin Ermənistanla barış gündəliyinin irəliyə doğru aparılması istiqamətində ortaya qoyduğu nümunəvi model vurğulanmalıdır. Söhbət qarşılıqlı iqtisadi faydaya əsaslanmış modeldən gedir. Elə bir model ki, sülhü labüdləşdirmək, onu qaçılmaza çevirmək, mümkün konfrantasiyalardan uzaq durmaq və riskləri minimallaşdırmaq qəyəsini daşıyır. Nəzərə alaq ki, yaşadığımız regionda uzun illər davam etmiş münaqişə məhz İlham Əliyev şəxsiyyətindəki böyük liderlik keyfiyyəti sayəsində həllini tapıb.
***
Sülh Şurası üçün dünyada qəbulolunma mühüm faktordur. Hazırkı durum bu mənada pozitiv düşünməyə əsas verir. Çünki qısa müddətdir yaradıldığına baxmayaraq, Şuraya 28 dövlət qoşulub. Rəsmi Vaşinqton isə Trampın təşəbbüsünü alternativ deyil, legitim platforma kimi təqdim etməyə çalışır. Bu yanaşma hazırkı beynəlxalq institutlarla, məsələn, BMT tipli strukturlarla rəqabət ehtimalını gündəmə gətirsə də, paralel mexanizm qismində faydalı nəticələrin əldə olunması mümkündür. Deməli, 28 rəqəminin artması istisna deyil. Üzv sayının artacağına dair pozitiv gözlənti, eyni zamanda, Sülh Şurası xüsusunda siyasi momentumun mövcudluğundan irəli gəlir. Hər halda, Azərbaycan dövləti də ölkəmizin qoşulduğu strukturun daha legitim platforma kimi özünü təsdiqləməsində maraqlıdır. Bu maraq rəsmi Bakının regional və qlobal sülh təşəbbüslərində rolunu artırmaq xəttinə, xarici siyasətində Qərb platformaları ilə əməkdaşlığını gücləndirmək məramına söykənir. Amma digər məqamlar da var ki, onlar barədə sonda söz açacağıq.
Bəli, hazırkı durum onu deməyə əsas verir ki, Sülh Şurası uğurlu inkişaf yolundadır. Qurum həm daxili auditoriyaya, həm də beynəlxalq tərəfdaşlara pozitiv siqnallar ötürür. Onun ilk iclası bu baxımdan yadda qaldı. Ən bariz pozitiv siqnal müəllifləri olan ölkələr sırasında Azərbaycan ön plandadır. Fikirimizi Trampın iclas zamanı bir neçə dəfə dövlətimizin başçısına xitab etməsi də təsdiqləyir.
Ümumən, Azərbaycanla yanaşı, Ermənistanın da Sülh Şurası gündəminə pozitiv siqnal verən tərəf olduğunu vurğulamalıyıq. Nəzərə alaq ki, tədbir çərçivəsində Prezident İlham Əliyev ölkənin baş naziri Nikol Paşinyanla görüşdü və onlar arasındakı əlsıxmanı Birləşmiş Ştatlar lideri də vurğuladı. Deməli, tərəflər Vaşinqtonda ötən ilin avqustunda imzaladıqları Birgə Bəyannamənin ruhuna və məntiqinə sadiqdirlər və görünən budur ki, onların sadiqlik xəttinin pozitiv səhnələrinin özü də Sülh Şurasının ali məramına xidmətdir.
***
Sülh Şurasının Vaşinqtondakı ilk iclasının gündəliyində dayanan məsələlərdən biri Qəzza ilə bağlı xüsusi maliyyə fondunun yaradılması, eləcə də bərpa-quruculuq işlərinin və humanitar missiyaların həyata keçirilməsi idi. Ümumən isə Şura Qəzzanın bərpası egidası altında yaradılıb. Yəni, söhbət orada barışın təmin olunması, idarəçilik, yenidənqurma və silahsızlaşdırma proseslərinin koordinasiyasından gedir. Prezident İlham Əliyev amerikalı həmkarına ölkəmizin Sülh Şurasında təmsilçilik razılığına dair məktubunda da vurğulamışdı ki, “Azərbaycan Respublikası Sülh Şurasına qoşularaq, onun Qəzzadakı münaqişənin sonlandırılması və uzunmüddətli münaqişədən əziyyət çəkən bütün tərəflərə daha təhlükəsiz və rifahlı gələcək qurulması kimi nəcib missiyasını paylaşacaq”.
Onu da deyək ki, Birləşmiş Ştatlar administrasiyası Sülh Şurasını, ümumən, beynəlxalq münaqişələrin həllində rol oynaya biləcək platforma kimi təqdim və təbliğ edir. Qurumun BMT-nin və digər ənənəvi multilateral institutların roluna alternativ və ya tamamlayıcı struktura çevriləcəyinə dair düşüncələr də eyni təbliğatdan qaynaqlanır. Nəzərə alaq ki, Tramp Şuranı BMT Təhlükəsizlik Şurasından fərqli olaraq, daha çevik və ABŞ liderliyindəki bir orqanizm kimi gördüyünü açıqlayıb.
Aydındır ki, BMT-nin təhlükəsizlik təminatlarının bir o qədər işləmədiyi hazırkı dönəmdə çevikliyə ehtiyac var. Amma mövcud istiqamətdə həssas davranılması şərtdir və Azərbaycan bu məqamı ciddi şəkildə nəzərə alır. Başqa sözlə desək, Sülh Şurası ölkəmiz üçün hansısa qlobal konfrantasiyalar baxımından qütbləşmə platforması deyil. Ona görə də Prezident İlham Əliyev haqqında söz açdığımız məktubunda vurğulamışdı: “İnanıram ki, Sülh Şurası səmərəli beynəlxalq təşkilat olub, öz missiyasını uğurla yerinə yetirəcək. Sizin müdrik liderliyinizə və sülh quruculuğu səylərinizə səmimi təqdirimi qəbul edin. Sizə Sülh Şurasının Sədri vəzifənizdə uğurlar arzu edirəm”.
***
O da məlumdur ki, Sülh Şurasının Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyası var. Bu ideya ilk dəfə Şarm əl-Şeyxdə ABŞ Prezidenti tərəfindən irəli sürülüb və Qəzza probleminin hərtərəfli həllinə yönəlmiş 20 maddəlik planın tərkib hissəsidir. Prezident İlham Əliyev isə bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibədə Azərbaycanın Qəzzada yaradılması nəzərdə tutulan Sabitləşdirmə Qüvvələrinin tərkibinə qoşulmaq niyyətində olmadığını bəyan edib. Bu, barəsində söz açdığımız ölkəmizin Şuranı qlobal konfrantasiyalarda qütbləşmə platforması kimi görməmək məramının ifadəsidir.
Dövlətimizin başçısının müsahibəsində bildirdikləri, habelə onun Sülh Şurasının humanitar təmayüllü qurum missiyasına verdiyi önəmi əsaslandırması özünəməxsusdur: “Qəzza sektorunda vəziyyətə gəldikdə, zənnimizcə, kimin mandat verəcəyi və onun necə olacağı indiyədək aydın deyil. Bu, sülhməramlı əməliyyatlar, yaxud sülhün bərqərar olması - ingiliscə deyildiyi kimi, “peacekeeping” və ya “peace enforcement” olacaq. Bunlar iki ayrı-ayrı məfhumlardır. Təbii ki, biz ikinciyə hazır deyilik və hətta heç vaxt öz iştirakımızı nəzərdə tutmamışıq”.
Rəsmi Bakı Sülh Şurasının Qəzzada Sabitləşdirmə Qüvvələrinin yaradılması ideyasına həm də ona görə dəstək vermək niyyətində deyil ki, ölkəmiz müharibədən yeni çıxıb və hərbi kontingentin başqa bir münaqişə zonasına göndərilməsi həssas məsələdir: “Amerikalı tərəfdaşlarımızın diqqətinə çatdırdığımız ikinci amil ondan ibarət idi ki, mənim ölkəm təcavüzdən zərər görüb, Birinci Qarabağ müharibəsində böyük qurbanlar verib. Bununla belə, az olmasına baxmayaraq, İkinci Qarabağ müharibəsində də qurbanlar olub. Azərbaycanın hər bir vətəndaşı bizim üçün qiymətlidir. Biz kiminsə naminə azərbaycanlıların həyatını və sağlamlığını riskə atmaq niyyətində deyilik”.
Azərbaycan dövləti Sülh Şurasına münasibət zəminində regional prioritetlərin qorunmasını da vacib sayır və bu zaman mənəvi amillərə əsaslanır, indiyədək keçilmiş yola, daha doğrusu, həmin yolun ibrət paradiqmasına söykənir. Ölkəmizin yanaşmasındakı bütün amillər bir-birini tamamlayan sturuktura malikdir və bunu Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər də təsdiqləyir: “Bizim başımız bəlada olanda öz taleyimizin hökmünə buraxılmışdıq. Heç kim bizi müdafiə etmirdi. O cümlədən Fələstinə bütün hörmətimə və dərdlərinə şərik olmağıma rəğmən. Axı, Fələstin də bizi elə də müdafiə etmirdi. Bəli, İslam Əməkdaşlıq Təşkilatının hamının dəstəklədiyi qətnamələri var idi. Biz buna görə bütün ölkələrə minnətdarıq, eynilə Azərbaycan da həm BMT-də, həm Qoşulmama Hərəkatında, həm də İslam Əməkdaşlıq Təşkilatında həmişə Fələstini və Fələstin dövlətinin yaradılmasını dəstəkləyib. Azərbaycanda Fələstinin səfirliyi də fəaliyyət göstərir, həm də Azərbaycanın maliyyə yardımı sayəsində. Ona görə də mənim mövqeyim həmişə ondan ibarət olub ki, ərəb ölkələrinin məsələlərini ərəb dövlətlərinin özləri həll etməlidir. İndiyədək dərindən inanıram ki, qeyri-ərəb müsəlman ölkələr parovozun önündə qaçmamalıdır. Bu, heç bir yaxşı nəticə verməz. Ərəb Liqası var, Ərəb Liqasının mövqeyi mövcuddur, o, yetərincə aydındır və biz buna uyğun hərəkət edirik. İslam Əməkdaşlıq Təşkilatının qərarları var və biz də, o cümlədən bu qərarları qəbul etmişik və buna əməl edirik. Ona görə də lazımsız fəallıq göstərmək və yenə də parovozun önündə qaçmaq o qədər də yaxşı məşğuliyyət deyil”.
***
Sonda ümumiləşdirmə apararaq, əvvəldə anonsunu verdiyimiz məqama, yəni ölkəmizin Sülh Şurasında iştirak məqsədlərinə yenidən qayıdaq. Münaqişədən çıxmış Azərbaycan regional status-kvo yaradan dövlət ampluasındadır. Bu amplua beynəlxalq platformalarda ölkəmizin təhlükəsizlik istehsalçısı obrazını formalaşdırır. Şurada təmsilçilik isə Azərbaycanın postmünaqişə təcrübəsini ixrac oluna bilən siyasi kapitala çevirir. Yəni respublikamız regional məsələ ilə məhdudlaşan aktor statusundan çıxaraq, qlobal sülh müzakirələrinin iştirakçısı olur. Belə bir iştirakçılıq isə beynəlxalq miqyasda dövlətimizin çəkisini artıracaq və artırır.
Digər tərəfdən, Azərbaycanın Vaşinqtonun təşəbbüsü ilə yaradılmış Sülh Şurasında iştirakçılığı klassik ABŞ diplomatiyasından fərqli olaraq, daha çox lider mərkəzli, sürətli razılaşma və siyasi nəticəyönümlü Tramp adimistrasiyası ilə, belə demək mümkünsə, konqres–bürokratiya filtri olmadan birbaşa təmasları möhkəmləndirəcək. Bu, münasibətlərin institsionallaşdırılması nöqteyi-nəzərdən vacibdir. Nəzərə alaq ki, Azərbaycan–ABŞ dövlətlərarası əməkdaşlığındakı funksionallığın gücləndirilməsinə ehtiyac var.
Ə.CAHANGİROĞLU
XQ


