Azərbaycan qlobal sülh masasında

post-img

 “Vaşinqtonda keçirilən Sülh Şurasının ilk iclasında Prezident İlham Əliyevin iştirakı Azərbaycanın son illərdə həyata keçirdiyi ardıcıl və uzaqgörən xarici siyasət kursunun strateji məntiqini bir daha təsdiqlədi”. 

Bunu XQ-yə açıqlamasında Türkiyənin Yunus Əmrə İnstitutunun sabiq Bakı nümayəndəsi Səlçuk Karakılıç deyib. 

“ABŞ Prezidenti Donald Trampın dəvəti ilə baş tutan bu iştirak rəsmi Bakının beynəlxalq münasibətlər sistemində artan rolunun və nüfuzunun göstəricisi kimi tarixə düşdü. Bu, sadəcə diplomatik tədbirdə iştirak deyil, Azərbaycanın artıq qlobal qərarvermə platformalarında söz sahibi olan dövlətə çevrildiyinin nümayişidir. Qəzza ilə bağlı yaradılmış sülh platformasında Azərbaycanın yer almasının əsas mahiyyəti onun balanslaşdırıcı və etibarlı aktor kimi qəbul edilməsindədir. Müasir dünya siyasətində Qəzza məsələsi həm geosiyasi, həm humanitar, həm də ideoloji baxımdan ən həssas mövzulardandır. Belə mürəkkəb platformada Azərbaycanın iştirakı beynəlxalq ictimaiyyətin rəsmi Bakının mövqeyinə duyduğu etimadı əks etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yürüdülən siyasət beynəlxalq hüquqa, ədalətli sülh prinsipinə və humanitar məsuliyyətə əsaslanır. Qəzzaya göstərilən humanitar yardım və mülki əhalinin müdafiəsi ilə bağlı çağırışlar Azərbaycanın sözlə əməl arasında vəhdət yaratdığını göstərir. Bu iştirak Azərbaycanın vasitəçilik potensialını da ön plana çıxarır. Son illərdə Bakı müxtəlif beynəlxalq platformalarda dialoq məkanı kimi çıxış edib. Azərbaycanın həm İslam dünyası ilə dərin mədəni və siyasi bağlara malik olması, həm də Qərb institutları ilə sıx əməkdaşlıq etməsi onu nadir balans mərkəzinə çevirir. Qəzza Sülh Şurasında yer almaq Azərbaycanın gələcəkdə daha genişmiqyaslı vasitəçilik təşəbbüslərində rol ala biləcəyini göstərir. Bu, təkcə nüfuz məsələsi deyil, həm də geosiyasi çəkidir. ABŞ-Azərbaycan münasibətləri bu kontekstdə yeni mərhələyə daxil olur. Enerji əməkdaşlığı ilə başlayan tərəfdaşlıq artıq təhlükəsizlik, hərbi koordinasiya, regional sabitlik və nəqliyyat-logistika layihələrini əhatə edən geniş strateji çərçivəyə çevrilib. Azərbaycan Cənubi Qafqazda sabitliyin əsas təminatçısıdır, Xəzər hövzəsində balans yaradır və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Orta Dəhliz layihəsi vasitəsilə Asiya ilə Avropanı birləşdirən yeni iqtisadi xəritədə Azərbaycanın mövqeyi daha da möhkəmlənir. ABŞ üçün Azərbaycan proqnozlaşdırıla bilən və etibarlı tərəfdaşdır, Azərbaycan üçün isə ABŞ ilə strateji əməkdaşlıq təhlükəsizlik və iqtisadi inkişaf baxımından mühüm təminatdır”. 

S. Karakılıç bildirib ki, Prezident Donald Tramp ilə Prezident İlham Əliyev arasında formalaşmış işgüzar münasibətlər də bu strateji xəttə əlavə dinamika verir: “Hər iki lider milli maraqları əsas götürən, praqmatik və nəticəyönümlü siyasi yanaşma nümayiş etdirir. Liderlərarası birbaşa dialoq və qarşılıqlı hörmət dövlətlərarası münasibətlərin dərinləşməsinə xidmət edir. Bu əlaqə formal çərçivəni aşaraq real siyasi nəticələr doğuran əməkdaşlıq modelinə çevrilir. Prezident İlham Əliyevin xarici siyasət fəlsəfəsi milli maraqların qorunması ilə qlobal məsuliyyətin uzlaşdırılmasına əsaslanır. 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar fonunda Azərbaycan qalib dövlət kimi sülh təşəbbüsləri ilə çıxış edir və əməkdaşlıq gündəmini önə çəkir. Bu gün Bakı yalnız regional deyil, qlobal gündəmin formalaşmasında iştirak edən aktordur. Vaşinqtondan Qəzzaya uzanan diplomatik xətt göstərir ki, Azərbaycan artıq hadisələrə reaksiya verən deyil, prosesləri formalaşdıran dövlətdir. Bu siyasət investisiya mühitinə etimadı artırır, beynəlxalq nüfuzu möhkəmləndirir və ölkəni qlobal geosiyasi sistemdə sabitlik və dialoq mərkəzinə çevirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji kurs Azərbaycanın XXI əsrin mürəkkəb beynəlxalq münasibətlər sistemində söz sahibi olan dövlətlər sırasında mövqeyini daha da gücləndirir. Azərbaycan bu gün qlobal sülh masasında yalnız iştirakçı deyil, təşəbbüskar tərəf kimi çıxış edir. Bu isə dövlətçilik iradəsinin, siyasi uzaqgörənliyin və strateji liderliyin nəticəsidir”.

Siyasət