III MƏQALƏ
Siyasi təcrübə, milli ideya və suverenlik
Vurğuladığımız kimi, ümumi olaraq liderin siyasi təcrübəsi ilə milli ideya və suverenliyin qarşılıqlı əlaqəsi şübhə doğurmur. Lakin məsələ konkret dövlətə aid olduqda nəzəri araşdırma üçün xeyli problemlər meydana çıxır. O cümlədən, hər hansı tarixi dönəmdə liderin siyasi təcrübəsi kontekstində milli ideya–suverenlik əlaqəsi mənzərəsinin dərki çox aktuallaşır. Henri Kissincerin gəldiyi qənaətə görə, bu məsələ dövlət üçün xüsusi keçid mərhələlərində başqalarından fərqli məzmun ala bilər. İkinci tezisin “Prezidentin siyasi təcrübəsi milli ideya-suverenlik qarşılıqlı əlaqəsinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsində başlıca faktor oldu” kimi ifadə edilməsi bu aspektdə olduqca əhəmiyyətlidir. Bu tezisi əsaslandirmaq üçün öncə H.Kissincerin məqalənin mövzusuna nəzəri olaraq ciddi aidiyyatı olan bir neçə fikrinə baxaq.
Henri Kssincer 2022-ci ildə qələmə aldığı “Altı dünya strategiyası” adlı əsərində yazırdı: elə liderlər vardır ki, “milli məqsədləri yenidən müəyyən edirlər”. Onlar adətən ölkənin hansısa ciddi böhrandan sonra yeni mərhələyə keçidi zamanı bunu həyata keçirirlər. Nümunə kimi H.Kissincer II Dünya müharibəsindən sonra Almaniya (K.Adenauer), Fransa (Ş.de Qoll), Böyük Britaniyanı (M.Tetçer) təhlil edir. Paralel olaraq ABŞ (R.Nikson), Misir (Ənvər Sadat), Sinqapur (Li Kuan Yu) nümunələrini araşdırır.
H.Kissincerin gəldiyi ümumi qənaət belədir ki, istənilən dövlət üçün çox ciddi taleyüklü mərhələdən sonra strateji məqsədləri yenidən düzgün müəyyən etməyə ehtiyac yaranır. Bu məqamda liderin siyasi təcrübəsi və şəxsi qabiliyyəti ön sıraya çıxır.
Məsələn, R.Nikson ABŞ üçün psixoloji cəhətdən xeyli ağrılı olan “balans strategiyası”nı Vyetnam müharibəsindən sonra qəbul etməli oldu. Və yaxud Ə.Sadat həyatı bahasına Misirin yeni milli ideyasını müəyyən etdi. Şarl de Qoll “iradə strategiyası”nı dünyaya qəbul etdirdi və s.
Başqa dövlətlərdə fərqli yeni milli məqsəd və ideya qəbul edilmişdir. Lakin onların hamısını birləşdirən bir geosiyasi faktoru H.Kissincer vurğulayır. Onu aşağıdakı kimi ifadə edir: həmin liderlər “yeni üfüqlər açmışlar və “keçid dönəmində olan dünya üçün yeni struktur töhfə vermişlər”. Etiraf edək ki, problemin bu tərəfi iki aspektdə mürəkkəb nəzəri mənzərə yaradır.
Birincisi, fəlsəfi və politoloji kontekstdə problemin nəzəri dərki mürəkkəbdir.
İkincisi, konkret Azərbaycanda yeni tarixi mərhələnin başlaması kontekstində fəlsəfi və politoloji təhlil çətin və məsuliyyətlidir. Burada son dərəcə kreativ təfəkkürə ehtiyac vardır. Çünki təəssüflər, Azərbaycanda vurğulanan anlamda tədqiqatlara rast gəlinmir. Biz yalnız bəzi məqamları araşdırmağa çalışacağıq. Bunun üçün üçüncü tezisi təməl ideya kimi götürürük: Prezidentin siyasi təcrübəsini yeni mərhələdə vahid prosesin iki mərhələsi kimi təsəvvür etsək, liderin siyasi təcrübəsinin eksklüziv olaraq milli ideyanın reallaşması–suverenliyin təmini bağlantısının müəyyənedici parametri kimi özünü təsdiq etdiyi qənaətini alarıq. Bu zaman baza prinsiplərin yenilənməsinin prinsipial əhəmiyyət kəsb etdiyini qəbul etməliyik.
Yenilənmiş baza prinsiplər
Vurğulamışıq ki, 2024-cü ildə yerli televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev 1993–2003-cü illərdə əldə edilən nəticələri aşağıdakı kimi ümumiləşdirmişdi: 1) dövlətçilik prinsipləri bərqərar olmuşdur; 2) Vətəndaş cəmiyyəti yaradılmışdır; 3) xalq-iqtidar birliyi təmin edilmişdir. Bu nəticələrin hər biri xüsusi nəzəri tədqiq edilməlidir.
Dövlətçilik prinsipləri, vətəndaş cəmiyyəti və cəmiyyət–hakimiyyət birliyi məsələləri müasir siyasi nəzəriyyələrdə və hətta fəlsəfədə müxtəlif aspektlərdə geniş araşdırılır. O cümlədən, liderlik, vətəndaş cəmiyyəti, milli ideya, milli maraqlar və suverenlik arasında bağlılığın fəlsəfi və siyasi-nəzəri tədqiqi aparılır. Lakin bu ümumi nəzəri qənaətlərin konkret olaraq Azərbaycana tətbiqi ayrıca aktual yaradıcı prosesdir. Onların prizmasında İlham Əliyevin siyasi təcrübəsinin milli ideyanın reallaşması və suverenliyin təminində yeri və rolu xüsusi araşdırılmalıdır.
Bu prinsipdən çıxış etsək, ilk sual belə ola blər: Ulu öndər Heydər Əliyevin 1993-2003-cü illərdə həyata keçirdiyi siyasətin məntiqi nəticəsi olan dövlətçilik prinsiplərinin bərqərar olması vətəndaş cəmiyyətinin yaradılması və xalq-iqtidar birliyinin təmini milli ideyanın reallaşdırılmasında (təsdiqi kimi ərazi bütövlüyünün təmini) və suverenliyin tam təminində (2023-cü il 23 saat 41 dəqiqəlik antiterror tədbirləri) müəyyənedici və istiqamətverici funksiyanı yerinə yetirdisə, yeni tarixi mərhələdə həmin nəticələr baza prinsipləri kimi götürülsə, siyasi təcrübə-milli ideya-suverenliyin qarşılıqlı münasibətlərinin nəzəri mənzərəsi necə ola bilər?
Yəni 2020-ci ildən sonrakı mərhələ üçün baza nəticələr rolunu ərazi bütövlüyünün bərpasi və tam suverenlik oynamalıdırlar. Bu yeniləşmiş kriteriyaların kontekstində liderin siyasi təcrübəsi ilə milli ideya və suverenliyin qarşılıqlı əlaqəsinin dinamikasını təhlil etmək aktuallaşır.
Burada faktiki olaraq yeni şərtlər daxilində fərqli sosial, mədəni, siyasi və geosiyasi mühitdə təhlükəsizliklə inkişafın sintezinə nail olmaq lazım gəlir. Həmin kontekstdə H.Kissincerin yuxarıda vurğuladığımız ümumnəzəri prinsiplərinə bir daha baxmaq zəruridir.
Milli ideya və yeni geosiyasi üfüqlər
H.Kissincerin prinsiplərində liderin yeni milli məqsədlər (və deməli, milli ideya) müəyyən etməsi dövlət, xalq və ölkə qarşısında yeni “geosiyasi üfüqlər” açmalıdır. Bunun nəticələrindən biri isə dünyanın yeni geosiyasi arxitekturasının formalaşmasına töhfə olmalıdır. Onu nəzərə almalıyıq ki, Azərbaycan üçün liderin uğurlu siyasi təcrübəsində ölkənin 2003-cü ildən bu yana keçdiyi yolda əldə edilən nəticələr mayak rolunu oynamalıdır. O cümlədən, milli ideya və suverenliyin postmünaqişə mərhələsində uğurlu təmini liderin siyasi təcrübəsinin məntiqinə tam uyğun olmalıdır. Çünki bu şərt pozulanda dövlətin davamlı və dayanıqlı inkişafı mümkün olmur. Bununla nəzəri olaraq liderin siyasi təcrübəsinin bütövlükdə yeni tarixi mərhələdə milli ideya ilə suverenliyin qarşılıqlı əlaqəsində istiqamətverici rol oynaması zərurəti aydın olur.
Həmin prosesdə məhz milli ideya liderin siyasi təcrübəsindən elə qaynaqlanmalıdır ki, bütövlükdə dövlət, millət və cəmiyyət qarşısında yeni üfüqlər açılsın. Həm də bu prosesin qlobal miqyasda təsiri hiss edilsin. Qlobal miqyasın problemin həllinə daxil edilməsi təsadüfi deyildir. Səbəb onunla bağlıdır ki, müasir mərhələdə bütün dövlətlər bir-biri ilə sıx münasibətdədirlər. Bu şərti nəzərə almadan heç bir ölkə davamlı və dayanıqlı uğurlu inkişaf edə bilməz.
Belə alınır ki, Azərbaycanın yeni tarixi mərhələdə uğurlu inkişafı məsələsi liderin siyasi təcrübəsinin yeni şərtlər kontekstində səmərəli olması ilə sıx bağlıdır. Bu kompleks şərtlər daxilində liderin yeni siyasi təcrübəsi necə formalaşa bilər? Axı, situasiya bütövlükdə çox mütəhərrik, riskli və çoxlu sayda faktorların nəzərə alınmasını tələb edir. Razılaşaq ki, bu cür şərtlər liderdən uğurlu olması üçün böyük məharət tələb edir.
Milli ideya və suverenliyin yeni sintezi
Prezident İlham Əliyevin siyasi təcrübəsinin zənginləşməsində milli ideya ilə suverenliyin sintezi həmişə aparıcı yer tutmuşdur. Yeni tarixi mərhələdə bu sintezin bir neçə başlıca istiqamətlərini müəyyən etmək lazım gəlir.
Birincisi, İlham Əliyevin yeni tarixi mərhələ üçün milli ideyanın formalaşmasında rolu dəqiq müəyyən edilmişdir. Prezident bu prosesdə aparıcı rol oynamaqdadır. Vətən müharibəsindən sonra müşahidə edilən proseslər göstərir ki, İlham Əliyev milli, regional, regionlararası və qlobal miqyaslarda Azərbaycan dövlətinin uğurlu fəaliyyəti üçün milli ideyanın məzmununu eksklüziv olaraq müəyyən edir. İndiki mərhələdə bu, liderliyin çox qiymətli təcrübəsidir. Onun əlamətləri bütöv bir sistemi təşkil edir. Onların sırasında Azərbaycan liderinin regional və qlobal təşkilatlarda həyata keçirdiyi siyasət, enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətinin daha geniş geosiyasi məkanda təmin edilməsi, dövlətin humanitar fəaliyyətinin genişlənməsi (artıq o, Afrika, Okeaniya, Suriya içərilərinə qədər nüfuz etmişdir), regional və qlobal təhlükəsizlik arxitekturasının formalaşmasında Azərbaycanın iştirakının yüksəlməsi, Türk Dövlətləri Təşkilatının (TDT) güclənməsində aparıcı rol oynaması və digər məqamlar mühüm yer tutur.
İkincisi, Prezident milli ideyanı Azərbaycanın strateji məqsədləri kontekstində müəyyən etməklə suverenliyin təminində yeni səhifə açmış olur. Bu, bir zərurətdir, çünki suverenliyin tam təmini dövlətə milli ideyasını reallaşdırmağa imkan yaradır. Suverenlik pozulduğu halda milli ideya reallaşa bilməz və eyni zamanda, milli ideya adekvat müəyyən eidlməyəndə suverenliyi təmin etmək imkansız olur. Bu da liderin daim Realpolitika çərçivəsində siyasi təcrübəsini zənginləşdirməsi tələbini meydana çıxarır.
Prezident İlham Əliyevin siyasi təcrübəsinin yeni tarixi mərhələdə vurğulanan aspektinə bir konkret misal göstərə bilərik. Məlumdur ki, Azərbaycanın 2030-cu ilə qədər olan strateji inkişaf kursunda qüdrətli dövlətlə yanaşı, yüksək rifah cəmiyyətinin yaradılması əsas məqsəd kimi müəyyən edilmişdir. Yüksək rifah cəmiyyəti mütləq sosial–iqtisadi tərəqqini tələb edir. Deməli, yeni tarixi mərhələdə milli ideya zəruri olaraq “iqtisadi çiçəklənməyə canatma”nı nəzərə almalıdır. Buna imkanı məhz dövlətin tam suverenliyi yarada bilir. Səbəbi sadədir – dövlətin və ölkənin iqtisadi çiçəklənməsinin milli maraqlara uyğun olması üçün ilk növbədə müstəqil siyasət olmalıdır. Müstəqil siyasət suverenliyin məhək daşıdır ki, çoxlu aspektləri ehtiva edir. Deməli, milli ideya yeni tarixi mərhələdə tam suverenliyə daha çox “ehtiyac duyur” – xarici təsirləri və təzyiqləri istisna edir.
Cəmiyyətin səfərbərliyi, milli ideya və suverenlik
İlham Əliyevin lider kimi siyasi təcrübəsində cəmiyyətin səfərbər edilməsi ayrıca aktuallıq kəsb etmişdir. Bu faktoru Prezident həmişə milli ideyanı səmərəli reallaşdırmaq kontekstində diqqətə almışdır. İlham Əliyev bu zaman əsasən üç istiqamətə üstünlük vermişdir:
– İqtisadi inkişaf;
– Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi;
– Müxtəlif sferlarda islahatların güclü dövlət quruculuğu çərçivəsində aparılması.
Azərbaycan Prezidentinin siyasi təcrübəsində bu üç mühüm istiqamətin cəmiyyətin səfərbərliyinə xidmət etməsi maraqlı və əhəmiyyətli özəllikdir. Bu xüsusiyyəti dövlət başçısı 2024-cü ildə yerli televiziya kanallarına verdiyi müsahibədə, özünün seçki proqramında və başqa tədbirlərdə ümumən aşağıdakı kimi formalaşdırmışdır: “Azərbaycanın inkişafı milli-mənəvi dəyərlərə əsaslanmalı, gənclər milli vətənpərvər ruhda tərbiyə olunmalıdırlar”.
Cəmiyyətin səfərbərliyi vurğulanan şərtlər daxilində birbaşa milli ideya kontekstinə tam uyğundur. Buradan isə Prezident İlham Əliyevin siyasi təcrübəsinin başqa çox əhəmiyyətli bir aspektinə məntiqi keçid etmək mümkündür. Həmin aspekt xarici siyasət istiqaməti ilə bağlıdır. Milli ideya kontekstində cəmiyyətin səfərbər olunması strateji inkişafı milli maraqlara uyğun xarici siyasətə peroyeksiya etməyin təməlini müəyyən edir. Yeni tarixi mərhələdə bu, xarici siyasətin suverenliyi gözləməkdə davamlılığı təmin etməyə imkan verir.
Bununla İlham Əliyevin yeni tarixi mərhələdə sosial-iqtisadi tərəqqi, milli ideya və suverenlik arasında vəhdətin yaranması reallaşır. Bu üç mühüm faktor isə eyni zamanda, liderin cəmiyyətdə və beynəlxalq miqyasda legitimliyini inklüzivləşdirir. Liderliyin inklüzivliyi ona olan etibar, inam və etimadın davamlı olmasını təmin edir.
Beləliklə, yeni tarixi mərhələdə Prezident İlham Əliyevin siyasi təcbrübəsi bir-biri ilə sıx bağlı olan bir neçə faktorun qarşılıqlı əlaqəsində formalaşmaqdadır. Əldə edilən nailiyyətlər bu mərhələdə də milli ideyanın reallaşacağına, Azərbaycanın qüdrətli dövlət və yüksək rifah cəmiyyəti məqsədinə tam çatacağına böyük əminlik yaradır!
Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru