Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması, aparılması və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşları Arayik Harutyunyan, Arkadi Qukasyan, Bako Sahakyan, Davit İşxanyan, David Babayan, Levon Mnatsakanyan və digərlərinin barəsində olan cinayət işləri üzrə açıq məhkəmə prosesinin baxış iclası iyulun 31-də davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Camal Ramazanovdan və Anar Rzayevdən ibarət tərkibdə (ehtiyat hakim Günel Səmədova) keçirilən məhkəmə iclasında zərərçəkmiş Emin Məmmədov 2021-ci il iyunun 4-də Susuzluq kəndində tankəleyhinə minanın partlaması nəticəsində AzTV-nin operatoru Sirac Abışovun, Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Məhərrəm İbrahimovun və Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndənin müavini Arif Əliyevin şəhid olduğunu, özü də daxil olmaqla 4 nəfərin bədən xəsarətləri aldığını söyləyib. Onunla eyni avtomobildə yaralanmış Şöhrət Cəfərov E.Məmmədovun söylədiklərini təsdiqləyib.
Zərərçəkmiş Ağarza Əmirov 2012-ci ildə Tərtər rayonunun Çaylı kəndində güllə yarası aldığını bildirib. Kamran Namazov isə deyib ki, 2021-ci il mayın 11-də Gədəbəydə minaya düşüb, ayağı amputasiya edilib. Zərərçəkmiş şəxs Səddam Nəsibov K.Namazovun dediklərini təsdiqləyib.
İlqar Həşimov 2020-ci il dekabrın 21-də Zəngilanda minaya düşərək xəsarət aldığını söyləyib. Ramazan Sindiyev 2016-cı ilin avqustun 4-dən 5-nə keçən gecə Lələtəpədə yaralandığını bildirib.
Əfqan Ələkbərli 2023-cü il avqustun 24-də Xocalının Sığnaq kəndində minaya düşərək yaralandığını, Sevda Bəşirova Vətən müharibəsi zamanı Beyləqan rayonunda qəlpə yaraları aldığını deyib. Fərid Əliyev 2021-ci ilin avqust ayında minatəmizləmə işləri zamanı Ağdamda xəsarətlər aldığını söyləyiblər.
İfadə verən Dəyanət Aslanov, Hacı Muradov, Toğrul Ağayev, Nahid İsfalyev, Müşfiq İbrahimli, Elnur Yusifov, Tərlan Quliyev, Mənsur Babayev, Şirin Abbasov 2020-ci ildə Vətən müharibəsi zamanı müxtəlif tarixlərdə Ermənistan silahlı qüvvələrinin açdığı atəşlər nəticəsində yaralandıqlarını bildiriblər.
Rafis Məmişov və Azad Muxtarov 2021-ci il fevralın 2-də mülki şəxs qismində Füzuli rayonunun işğaldan azad edilmiş hissəsində minaya düşərək xəsarət aldıqlarını deyiblər. Zərərçəkmiş İman Baxşəliyev 2021-ci il martın 13-də Ağdamda qoyun otararkən minaya düşərək sağ ayağını itirdiyini söyləyib.
Zərərçəkmiş Nurəddin Əzizli minatəmizləmə işləri apararkən xəsarətlər aldığını söyləyib. Rahil Dövlətov, Anar Dadaşzadə, Zabil Allahverdiyev, Tural İşiyev, Nicat Alıyev, Səbuhi Həsənov, Elnur Abbaszadə, Elnur Həşimov, Nəsrəddin Vəlicanov, Dəmir Şirinov və Ceyhun Əliyev da Ermənistan silahlı qüvvələrinin təxribatları nəticəsində müxtəlif tarixlərdə zərər çəkdiklərini deyiblər.
Zərərçəkmiş Ələkbər Musayevin atası Əlövsət Musayev oğlunun Vətən müharibəsi zamanı şəhid olduğunu, nəşinin 2021-ci il aprel ayında tapıldığını söyləyib. Asəf Məhərrəmovun atası Bəxtiyar Məhərrəmov övladının Vətən müharibəsində yaralandığını deyib.
Siyasət Allahverdiyev 2022-ci il dekabrın 14-də Kəlbəcərin Çıraq kəndində ekskavatorla işləyərkən mina partlayışı nəticəsində xəsarətlər aldığını söyləyib. Elmxan Baxşalıyev 1992-ci il dekabrın 10-da Zəngilanın Qazançı kəndində əsir götürüldüyünü bildirib. O, dəhşətli işgəncələrə və qeyri-insani rəftara məruz qalıb.
Dəyanət Zahidov 2015-ci ildə Tərtər-Ağdərə istiqamətində, Elxas İsrafilov 2022-ci ildə Laçında hərbi xidmət zamanı Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində xəsarət aldıqlarını bildiriblər. Çingiz Hacıyev söyləyib ki, 1991-ci ildə Xocalının Quşçular kəndində heyvan otaran zaman əlisilahlı ermənilər tərəfindən hücuma məruz qalıb və yaralanıb.
Xalid Dostalıyev 6 nəfər hərbçi ilə birlikdə Murovdağda əsir götürüldüklərini bildirib. Vəlizadə Alışanov 1992-ci il oktyabrın 21-də Sərsəng su anbarının yaxınlığında düşmən tərəfindən pusquya salınması nəticəsində yaralandığını deyib. Onun qardaşı Dağıstan Alışanov da zərərçəkmişin ifadəsini təsdiqləyən hadisə zamanı özünün də yaralandığını söyləyib.
Asif Əhmədov 2020-ci il noyabrın 15-də qardaşı Yasin Əhmədovla birlikdə minaya düşdüyünü bildirib. Onun digər qardaşı Yusif Əhmədov isə 2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun keçirdiyi antiterror tədbirləri zamanı şəhid olub.
Zərərçəkmişlər Məhəbbət Quliyev, Elməddin Abıyev, Elnur Kərimov, Maarif Ələskərov, Samir Əsədov, Vüsal Quliyev, Füzuli Məmmədov, Sahib Ağayev, Duman Atayev, Samir Bayramov, Nizami İbrahimov, Alman Abbasov, Ramil Kərəmov, Ələsgər Quliyev, Fərid Cəbrayıllı, Əli Şükürov, Mahir Mustafayev, Samir Gözəlov, Yadigar Şükürov, Nəcməddin Hüseynov, Vüqar Zülfüqarlı, Namaz Bayramov Şükür Tağıyev, Vasif Namazov, Məhərrəm Quliyev də başlarına gətirilən faciələr barədə ifadələr veriblər.
Zərərçəkmişlər təqsirləndirilən şəxslərin, onların və öz nümayəndələrinin suallarını da cavablandırıblar.
Məhkəmə prosesi avqustun 1-də davam etdiriləcək.
XQ