Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası ilə bağlı ajiotaj daxili auditoriyaya hesablanmış yalandır
Yalanı həqiqət libasına bürüyüb ictimai rəyə sırımaq hayların köhnə metodlarından biridir. Onlar şayiə və ziddiyyətli məlumatlarla manipulyasiyanı siyasi alətə çevirməyi çoxdan sınaqdan çıxarıblar.
Rusiyanın Ermənistan və Azərbaycanla münasibətlərindəki soyumanın fonunda Gümrüdəki 102 saylı hərbi bazanın aqibəti ilə bağlı mövzunun növbəti dəfə dövriyyəyə buraxılması heç də təsadüfi deyil.
“Hraparak” nəşrinin mənbəyini, guya, Ukrayna xüsusi xidmət orqanlarından götürdüyü ehtimal edilən informasiyasında Rusiyanın 102-ci bazanı gücləndirmək üçün yeni texnika və heyəti Gümrüyə gətirdiyi qeyd olunur. Bu feyk-informasiyanın məhz indi, Əbu-Dabidə Bakı ilə İrəvan arasında birbaşa danışıqlar və ABŞ-ın Zəngəzur dəhlizi üzrə planının müzakirə olunduğu məqamda ortaya atılması bir neçə məqsədə xidmət edir. Ermənistan hakimiyyəti dünənədək 102-ci baza ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirsə də, Ukrayna kəşfiyyatının ardınca rusiyayönlü dairələrin qərəzli mövqe nümayiş etdirdiyi Ermənistanın “Hraparak” qəzeti Gümrüyə silah və hərbi texnikanın intensiv şəkildə daşınması xəbərini manşetə çıxarıb. Nəşrin yazdığına görə, Rusiyanın bir neçə hərbi nəqliyyat təyyarəsi hər gün Şirak hava limanına (Gümrüdən beş kilometr aralıda yerləşir–red.) enir. Onlardan boşaldılan yüzlərlə tank, digər zirehli texnika və sursat 102-ci bazaya çatdırılır. Amma bu məlumata nə Ermənistan hökuməti, nə Müdafiə Nazirliyi, nə də Rusiya tərəfi rəsmi şərh verməyə tələsmir.
Ermənistan hakimiyyətinə bağlı olan “Baqramyan 26” Teleqram kanalı “Hraparak”ı saxta məlumat yaymaqda ittiham edib. Maraqlıdır ki, hətta Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri şübhə doğurmayan erməni bloger Mika Badalyan 102-ci bazaya “yüzlərlə tank”ın gətirilməsi xəbərlərini təkzib edib. Bu arada “Moskovski Komsomolets” qəzeti yazır ki, Gümrüdəki hərbi bazaya böyük miqdarda texnikanın ötürülməsi ilə bağlı şayiələr Ukrayna mənbələrindən gəlir: “Onlar hələ iyulun əvvəlində Ukrayna hərbi kəşfiyyatına istinad edərək, 102-ci bazanın gücləndirilməsi barədə rəvayətləri təbliğ etməyə başlayıblar”.
Fakt odur ki 102-ci bazaya silah-sursat və texnikanın verilməsinə dair heç bir sənəd-sübut ortaya qoyulmadan yayılan feyk-xəbərlər hay cəmiyyətində əməlli-başlı ajiotaj yaradıb. Ermənistanın iqtidaryönlü informasiya resursları qərbyönlü kursun tərəfdarlarının Rusiyanın Ermənistandakı hərbi mövcudluğuna qarşı və ölkənin KTMT-dən çıxmaq təşəbbüsünü dəstəkləyən hərəkətlərini açıqlayıb. Artıq cəmiyyətdə etiraz aksiyalarının başlanması barədə şayiələr dolaşmaqdadır. Etirazların avqustun 23-də, Ermənistanın müstəqilliyini bərpa etdiyi gün Gümrüdə keçirilməsi planlaşdırılır. Mitinqdə 102-ci bazanın Ermənistan ərazisindən çıxarılması ilə bağlı çağırışların səslənəcəyi gözlənilir.
***
Özünün kriminal keçmişi ilə tanınan və “Ermənistanın Rusiya ilə ittifaq dövlətinə birləşdirilməsinin” tərəfdarı olan Gümrü şəhərinin meri Vardan Qukasyanın mütəmadi olaraq 102-ci bazanın komandanlığı ilə görüşdüyü və məsləhətləşdiyi də yayılan informasiyalarda yer alır. Hətta onu da yazırlar ki, iyunun ortalarında Gümrüyə güclü yağış və dolu düşəndən sonra hərbi hissənin komandiri, general Aleksandr Bezborodov vitse-mer Qaqik Manukyana zəng vurub kömək təklif edib.
Baş verənlərə Nikol Paşinyanın reaksiyası maraq doğurur. İyulun 28-də Gümrü meriyasının binası qarşısında Vardan Qukasyanın şəhər meri seçilməsinin 100-cü gününə həsr olunmuş toplantı keçirilib. Üç gün əvvəl isə sosial şəbəkələrdə həmin toplantının videosu yayılıb. Videogörüntülərdən məlum olur ki, ətrafına yüzlərlə insanın toplaşdığı şəhərin mərkəzindəki musiqili fəvvarənin üzərində sovet dövrünün məşhur kriminal şansonu “Oğruların payı” («Доля воровская») səsləndirilib.
Sovetlərin kriminal aləminin “mədəniyyətini” kimin təbliğ etdiyi hələ də sirr olaraq qalır. Amma baş nazir Nikol Paşinyan iyulun 28-də “Facebook” səhifəsində insidentə birmənalı şəkildə cavab verib: “Oğru həbsxanada oturmalıdır, fəvvarə ilə oynamamalıdır! Dünya III Dünya müharibəsinin astanasındadır, onlar isə “Oğruların payı”nı müzakirə edirlər”.
Aydın məsələdir ki, Paşinyan bu açıqlaması ilə Qukasyanın kriminal keçmişinə və onun oğru mühitlə əlaqələrinə eyham vurub. Müxalifət dairələri belə bir versiya irəli sürüblər ki, Paşinyan Qukasyanı həbs etmək üçün hansısa plan hazırlayır. Baxmayaraq ki, ruspərəst mer mətbuat konfransında kriminal şansonu “hakim partiya”nın maxinasiyası və eyhamı kimi izah edib. Mika Badalyan da daxil olmaqla, rusiyayönlü bloqerlər dərhal Vardan Qukasyanın müdafiəsinə qalxıblar.
Ekspertlər bildirirlər ki, Rusiyanın Gümrüdəki hərbi bazasına qarşı kampaniya geniş vüsət alır və “Ermənistanın baş naziri Nikol Paşinyan da şəxsən ona qoşulub”. Hadisələrin hansı ssenari üzrə inkişaf edəcəyini söyləmək çətin olsa da, Ermənistanın KTMT-dən çıxmasının qaçılmaz prosesə çevrildiyini deyə bilərik. Bununla belə, Ermənistan hakimiyyəti 102-ci baza ilə bağlı ehtiyatlı mövqe nümayiş etdirməkdə davam edir. Doğrudur, hərdən hökumət dairələrində bu bazanın ölkədən çıxarılması ilə bağlı çağırışlar səslənir, amma hakimiyyət bu məsələnin gündəmdə olmadığını və müzakirə olunmadığını vurğulayır.
***
Məlum həqiqət isə ondan ibarətdir ki, gələn ilin yayında keçiriləcək parlament seçkiləri fonunda Ermənistan hakimiyyəti rusiyapərəst qüvvələri, eksləri təqib etməyə, o cümlədən erməni kilsəsinin institutlarına hücumları kəskinləşdirməyə başlayıb. Kremlin yaxın dostu milyarder-oliqarx Samvel Karapetyan İrəvanda həbs edilib, silahlı qiyam hazırlamaqda ittiham olunan bir sıra din xadimləri və bir çox rusiyapərəst şəxslər içəri salınıb. Həbsxanada da dinc durmayan Karapetyan hərəkat yaratdığını elan edib və onun rusiyayönlü qüvvələrin alyansının yeni lideri ola biləcəyi ilə bağlı müzakirələr gedir.
Sözün qısası, daxili və xarici siyasi təzyiq və təlatümlərlə üz-üzə qalmış Ermənistan hakimiyyəti vəziyyətdən çıxmaq, qarşıdakı seçkiləri qazanmaq üçün bütün mümkün üsullardan istifadə etməyə qərar verib. Bu zaman, o, cəmiyyətdə təşviş və ajiotaj yaratmaqdan belə çəkinmir...
Arzu NAĞIYEV,
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri
– Son günlər Rusiya Federasiyasının Ermənistanın Gümrü şəhərində yerləşən 102 saylı hərbi bazası ətrafında müxtəlif xarakterli məlumatlar yayılır. Əsas məqam odur ki, bu bazaya Rusiyadan hərbi texnikanın gətirilməsi və kontingentin artırılması ilə bağlı xəbərlər tirajlanmaqdadır. Məlumdur ki, 1995-ci ildən Gümrüdə düslokasiya edilmiş bu hərbi baza Ermənistan ərazisində tam fəaliyyətdədir. Bazanın saxlanılmasında əsas məqsədin, guya, Cənubi Qafqazda cərəyan edən hərbi hərəkətlərə nəzarət etmək, həm də Ermənistan–Türkiyə sərhədinə Rusiya–NATO sərhədi kimi baxıldığına görə, bu ərazidə hərbi kontingentin olmasının vacibliyidir. Maraqlıdır ki, bu xarakterli xəbərləri hökumətə yaxın “Hraparak” qəzeti yayır. Elə məlum ajiotajı yaradan da bu tip mətbu nəşrlərdir. Aydın məsələdir ki, bunlar təbliğat məqsədilə yayılan feyk-informasiyalardır. Buna görə onlara bir neçə aspektdən yanaşmaq lazımdır. Rusiyadan 102 saylı bazaya hərbi texnikanın gətirildiyini hansısa ekspertin təsdiqləyici məlumatına rast gəlinmir. Diqqəti çəkən digər məsələ bu xəbərlərin Ukrayna resursları və Ermənistan hökumətinə bağlı mənbələr tərəfindən yayılmasıdır. Bu mənbələr müəyyən maraqları güdürlər. Eyni zamanda, süni ajiotaj Ermənistan daxilində siyasi mübarizənin görüntüsü ola bilər. Parlament seçkiləri yaxınlaşdıqca avropapərəst qüvvələr daha da fəallaşır və bu kontesktdə hərbi baza ətrafında qaldırılan səs-küyün rusmeyilli seçicilərə təsir mexanizmi kimi də düşünülə bilər. Təbii ki, bu, diskussiyaya səbəb olan məsələdir. Gümrüdə avqustun 23-nə planlaşdırılan mitinqdə, çox güman ki, 102 saylı bazanın Ermənistan ərazisindən çıxarılması tələbi də qoyulacaq. Bir daha qeyd etmək istərdim ki, bu bazaya əlavə sursat və canlı qüvvənin gətirilməsi nə peyk nəzarəti sistemləri, nə də digər mənbə vasitəsilə təsdiqlənir. Bu zaman Rusiyanın Ermənistanı Azərbaycanla yeni müharibəyə hazırladığı barədə deyilənlər də feyk-xəbərlər, ehtimallardır. Belə taktikadan informasiya savaşında, hibrid mübarizədə istifadə olunur. Bu isə Ermənistan daxilində gedən siyasi proseslərə təsir etmək üçün düşünülüb.
Azərbaycan özünün müstəqil xarici siyasətini yürüdür. Ölkəmizin ərazi bütövlüyünə və suverenliyinə qarşı ola biləcək təhdidlərin qarşısının alınması istiqamətində hər cür təhlil və analizlər aparılır. Ermənistanda Qərbə meyilli qüvvələrin yaratdığı ajiotajın isə avqustun sonunda başa çatacağını düşünürük.
Fuad ABDULLAYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi
– Əvvəlcə onu demək istərdik ki, 102 saylı hərbi baza məsələsi daha çox Ermənistanın daxilində baş verən proseslər və İrəvanın xarici siyasəti ilə bağlıdır. Rusiyanın Gümrüdəki hərbi kontingentinin ölkədən çıxarılması mövzusu, adətən, daxildə müxalif qüvvələrin fəallaşması fonunda baş verir. Bu məsələ Qərbə meyilli dairələr və hakimiyyətə yaxın ekspert cameəsi tərəfindən gündəmə gətirilir. Sonuncu dəfə cari ilin iyununda aktiv müzakirəsi başlanılan bu mövzunun Rusiyadan bazaya silahların daşınmasına qədər genişləndirilməsi heç də təsadüfi deyil. Avqustun 23-də Gümrüdə etiraz aksiyası keçirməyə hazırlaşan Respublika Naminə Partiyası iyunun əvvəlində həmin bazanın Ermənistan ərazisindən çıxarılması barədə imzatoplama təşəbbüsü ilə çıxış edib.
Hazırda təşəbbüs internet platformasında həyata keçirilir. Rəsmi İrəvana qarşı müxtəlif tələblərin yer aldığı təşəbbüsdə 102 saylı hərbi bazanın mərhələli şəkildə ölkədən çıxarılması təklifi də var. Eləcə də Rusiyanın Ermənistanda hüquqi mövcudluğunu təmin edən müqavilələrə yenidən baxılması da tələb olunur. Yəni, ölkənin gələcəyinin öz gücünə qurulması strategiyası irəli sürülür. Respublika Naminə partiyasının sədr müavini Ruben Mehrabyan bəyan edib ki, Rusiyanın hərbi mövcudluğu Ermənistan üçün birbaşa təhlükə yaratdığına görə, bu hərbi qüvvələr ölkədən çıxarılmalıdır. O, həmçinin, bu kontingentin hələ də ölkə ərazisində qalmasının Ermənistanın beynəlxalq imicinə ciddi zərər vurduğunu bildirib.
Ermənistanın Avropa İttifaqına qəbulu ilə bağlı 2024-cü il sentyabrın 16-da başlanan imzatoplama təşəbbüsü də məhz qərbyönümlü qüvvələr tərəfindən irəli sürülüb və həyata keçirilir. İstisna edilmir ki, rəsmi İrəvan Bakı ilə sülh müqaviləsinin imzalanacağı və sərhədlərin açılacağı ehtimalını nəzərə alaraq, Rusiya hərbi bazasının ölkədən çıxarılmasına dair ictimai rəyi öyrənmək niyyətindədir. Bu fikri bəzi erməni ekspertlər də paylaşırlar. Bütün bu kampaniyanı 2026-ci ildə keçiriləcək parlament seçkilərinə hazırlıq mərhələsi kimi qəbul edənlər də var. O ki qaldı Rusiyadan Gümrüyə silah daşınmasına, bunun rəsmi təsdiqi yoxdur. Əgər bu versiya təsdiqini taparsa, təbii ki, bunu regionda sülhə yönəlik prosesə narahatlıq yaradan amil kimi qiymətləndirmək olar.
İmran BƏDİRXANLI
XQ