Ağ evin Azərbaycan qərarı

post-img

Qlobal gücün regional planı

Cənubi Qafqazın dəyişən siyasi konfiqurasiyası fonunda Bakı–Vaşinqton xəttinin sürətlə aktuallaşması bölgədə yeni siyasi reallığın formalaşmaqda olduğuna işarə edir. Əgər bir neçə il öncə ABŞ-ın Qafqaz siyasətində qeyri-müəyyənlik, selektiv maraq və passiv müşahidəçilik ön planda idisə, bu gün artıq proseslərə aktiv və sistemli şəkildə müdaxilə edən, yeni regional düzən formalaşdırmaq istəyən Vaşinqtonla qarşı-qarşıyayıq. Və bu konfiqurasiya daxilində Birləşmiş Ştatların əsas strateji dayanacaq nöqtəsi – heç şübhəsiz, Azərbaycandır.

ABŞ-ın bu seçimi nə geosiyasi təsadüfdür, nə də təcrid olunmuş diplomatik addım. Seçim Vaşinqtonun son illər beynəlxalq münasibətlər sistemində baş verən struktur dəyişikliklərə verdiyi sistemli cavabın bir hissəsidir. Geosiyasi reallıqlar dəyişir – Rusiya zəifləsə də, təsir imkanlarını qorumağa çalışır, İran sərhədyanı siyasətdə dəyişkən mövqe tutur, Çin isə Mərkəzi Asiyadan Qafqaza qədər uzanan yeni iqtisadi və logistik təsir sahələri qurur. Belə bir fonda ABŞ üçün etibarlı, çevik və müstəqil qərarvermə qabiliyyətinə malik aktorlarla yeni ittifaqlar qurmaq zərurətə çevrilir. Azərbaycan bu kontekstdə ABŞ üçün təkcə mümkün tərəfdaş deyil, həm də zəruri siyasi seçimdir.

Azərbaycanın belə gündəmə gəlməsi, əslində, ABŞ-ın bu ölkəyə qarşı əvvəlki münasibətindən prinsipial şəkildə fərqlənir. Xatırladaq ki, 1992-ci ildə qəbul edilmiş Azadlığı Müdafiə Aktının 907-ci düzəlişi ABŞ-ın Azərbaycana birbaşa yardımını qadağan edirdi. Düzəliş Ermənistanın təzyiqləri nəticəsində Konqresdə qəbul olunmuşdu və Azərbaycanın ABŞla təhlükəsizlik və iqtisadi əməkdaşlığını uzun illər boyu məhdudlaşdırmışdı. 907-ci düzəlişin mahiyyəti, əslində, Vaşinqtonun Azərbaycanla münasibətlərinə ideoloji və birtərəfli yanaşmasının göstəricisi idi. Həmin dövrdə ABŞ-ın Qafqaz siyasəti əsasən erməni diasporasının maraqlarını əks etdirirdi və Azərbaycan bu prosesdə uzun müddət “kənar müşahidəçi” mövqeyində saxlanılmışdı.

Lakin 11 sentyabr 2001 hadisələrindən sonra dünya siyasətində baş verən dönüş ABŞ-ın Cənubi Qafqaz siyasətinə də təsir göstərdi. Terrora qarşı qlobal mübarizənin əsas komponentinə çevrilən regionlarda ABŞ özünə yeni strateji tərəfdaşlar axtarmağa başladı. Elə bu mərhələdə 907-ci düzəlişin icrası təxirə salındı və Azərbaycanla Vaşinqton arasında ilk real təhlükəsizlik əməkdaşlığı müstəvisində təmaslar quruldu. Bakı ABŞ üçün strateji tranzit nöqtəsi, logistik platforma və enerji təhlükəsizliyində alternativ təminatçı rolunu oynamağa başladı. Bütün bunlar Vaşinqtonun yanaşmasında geosiyasi rasionalizmin emosional və diaspor yönümlü siyasət üzərində üstünlük qazanmasına gətirib çıxardı.

Bugünkü vəziyyət isə bu keçidin artıq tamamlanmış mərhələyə daxil olduğunu göstərir. ABŞ artıq Azərbaycanla münasibətləri yalnız regional təhlükəsizlik konteksində deyil, qlobal balans siyasətinin ayrılmaz parçası kimi qiymətləndirir. Vaşinqton Azərbaycanın həm Rusiya ilə ehtiyatlı balansını, həm İranla nəzarətli münasibətlərini, həm də İsraillə açıq və dərin əməkdaşlığını strateji baxımdan kompleks güc balansı yaratmaq üçün unikal resurs kimi dəyərləndirir. Məhz bu baxımdan, Azərbaycan indi ABŞ üçün Cənubi Qafqazda sadəcə tərəfdaş deyil – siyasi yöndən əsas dayaqlardan biridir.

Vaşinqtonun bu strateji yanaşması, şübhəsiz ki, geoiqtisadi və hərbi-siyasi qarşılıqlı maraqlara əsaslanır. Azərbaycan nəinki enerji resurslarının Qərbə təhlükəsiz çatdırılması üçün əsas dəhlizdir, həm də Şərq–Qərb və Şimal–Cənub tranzit marşrutlarının qovşağında yerləşən, bir çox regional layihənin siyasi və texniki lokomotividir. Hazırda ABŞ bu imkanları yalnız enerji müstəvisində deyil, həm də təhlükəsizlik, rəqəmsal infrastruktur və regiondaxili sabitliyin təminatı sahəsində istifadə etməyə çalışır.

Azərbaycanın müstəqil qərarvermə bacarığı və öz maraqlarına əsaslanan xarici siyasəti ABŞ-ın bu ölkəyə yönəlmiş strateji yanaşmasının əsasında dayanır. Çünki Vaşinqton üçün etibarlı tərəfdaş olmaq, ilk növbədə, öz maraqlarını başa düşən və onları açıq müdafiə edən siyasi liderlik deməkdir. Elə bu baxımdan Prezident İlham Əliyevin balanslı, rasional və prinsipial siyasəti ABŞ-da yalnız real təhlükəsizlik partnyoru kimi yox, həm də regionda institusional sabitlik daşıyıcısı kimi qəbul edilir.

ABŞ-ın Cənubi Qafqaz və daha geniş mənada Avrasiya siyasətindəki təməl hədəflər günümüzün çoxqütblü dünya sistemində yeni balans mərkəzləri yaratmaqla bağlıdır. Rusiya Federasiyasının öz təsir sahəsini bərpa etməyə çalışdığı, İranın regionda şaxələndirilmiş təsir mexanizmləri qurduğu, Çinin isə “Bir kəmər, bir yol” təşəbbüsü ilə Avrasiyanın dərinliklərinə iqtisadi nüfuz etməyə başladığı bir vaxtda, Vaşinqton bu üç güc mərkəzinin qarşısında tənzimləyici, balansyaradıcı və sabitləşdirici qüvvə kimi çıxış edə biləcək tərəfdaşlara ehtiyac duyur.

Azərbaycan bu funksiyanı yerinə yetirmək üçün institusional, strateji və siyasi kapital baxımından uyğun aktordur. Bakı regionda öz siyasi iradəsi və dövlətçilik institutları ilə sabitlik təmin edən, eyni zamanda, çoxvektorlu diplomatiya vasitəsilə ziddiyyətli maraqları eyni platformada cəmləşdirə bilən nadir dövlət nümunəsidir.

Son aylarda ABŞ ilə Azərbaycan arasında gedən danışıqların strukturlaşmış və konkret nəticələrə yönəlmiş format alması da bu strateji yanaşmanın real təzahürüdür. Tramp Administrasiyası dövründə daha aydın şəkildə cızılmış bu xətt, xüsusən Stiv Uitkoffun Bakıya səfəri ilə praktik məcraya keçdi. ABŞ daha əvvəl öz geosiyasi təsirini bölgədə əsasən beynəlxalq QHT-lər və diplomatik hesabatçılıq vasitəsilə icra edirdisə, bu gün artıq, o, lokal və regional güclərlə birbaşa əməkdaşlıq əsaslı modelə keçir – və bu modelin mərkəzində Azərbaycan durur.

Azərbaycanın seçilməsi yalnız siyasi stabilikliklə izah olunmur. Bakı uzun illərdir ki, İsraillə yüksək səviyyəli, çoxşaxəli və dərin strateji münasibətlər qurub. ABŞ-ın Yaxın Şərqdəki əsas müttəfiqi olan İsrailə bağlı yeni geosiyasi konstruksiyalarda Azərbaycanın iştirakı artıq təbii zərurət kimi görünür. Bakı bu üçbucaqda – Vaşinqton–Təl-Əviv–Bakı oxunda – dinamik, təşəbbüskar və dayanıqlı oyunçu kimi dəyərləndirilir.

Azərbaycanın əlavə bir üstünlüyü isə onun beynəlxalq sistemdə özünü identifikasiya etmə üsulundadır. Bakı özünü nə “Qərbin forpostu”, nə də “Şərqin müdafiəçisi” kimi təqdim edir. Azərbaycan öz suveren qərarvermə modelinə və balanslaşdırılmış diplomatiyasına əsaslanan milli maraq prioritetlərini önə çıxaran ölkədir. Bütün bunlar ABŞ-ın yeni xarici siyasət doktrinasında mühüm yer tutan “reallıq əsaslı tərəfdaşlıq” prinsipi ilə üst-üstə düşür.

Vaşinqton bu dəfə özünə yalnız loyal və itaətkar tərəfdaş axtarmır. O, özünəməxsus geosiyasi kimliyə malik, lakin ABŞ-la maraqları kəsişən ölkələrlə sabit və qarşılıqlı faydalı münasibətlər qurmaq istəyir. Bu mərhələdə Azərbaycanın üstünlüyü onun Yaxın Şərqlə Mərkəzi Asiya arasında əlaqələndirici körpü funksiyasını yerinə yetirməsi və bu körpünün hər iki tərəfində dayanıqlı əlaqələrə malik olmasıdır. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Bəhreyn kimi ölkələrlə paralel şəkildə həm siyasi, həm iqtisadi əməkdaşlıq mexanizmləri, həm də humanitar və mədəni kanallar aktivləşib. Mərkəzi Asiya ilə isə Azərbaycanın enerji, nəqliyyat və ticarət sahəsində qurduğu əməkdaşlıq artıq inteqrativ xarakter alır. Bütün bunlar Azərbaycanın regional lider funksiyasını möhkəmləndirir. ABŞ bu liderliyi dəstəkləməklə, əslində, öz strateji niyyətlərini dolayısı ilə həyata keçirməyə çalışır.

Vaşinqton üçün Azərbaycanla tərəfdaşlıq, eyni zamanda, regional təhlükəsizlik sisteminin yenidən dizaynı baxımından da önəmlidir. ABŞ yeni regional nizam qurmaq üçün güvənə biləcəyi sabit dayaqlara ehtiyac duyur. NATO-nun bilavasitə iştirakı mümkün olmayan coğrafiyada Azərbaycan kimi aktorların rolunu gücləndirmək, həmçinin enerji və hərbi-texniki əməkdaşlıq sahəsində bu ölkələri çevik şəkildə inteqrasiya etmək Ağ Evin strateji planlarında mərkəzi yer tutur.

Azərbaycanın bu sistemə qoşulması, yaxud bu sistemin onun ətrafında qurulması artıq texniki detal məsələsidir. Söhbət ABŞ-ın Cənubi Qafqazda uzunmüddətli “təhlükəsizlik dayağı”ndan gedir – və bu dayağın adı Bakıdır.

Məhz bu prizmadan baxanda, son zamanlar gündəmə gətirilən “İbrahim müqavilələri” nin genişləndirilməsi ideyası da yalnız diplomatik və simvolik səciyyə daşıyır. Azərbaycan üçün İsraillə münasibətlər artıq çoxdan formallaşıb, əməkdaşlıq hərbi və iqtisadi sferalarda dərinləşib. Bu baxımdan “İbrahim sazişinə qoşulmaq” yalnız mövcud münasibətlərin beynəlxalq hüquqi konstruksiyada tanınması olardı.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət