DTX, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA birgə məlumat yayıb

post-img

Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) birgə məlumat yayıb.

XQ xəbər verir ki, birgə məlumatda deyilir: “Dekabrın 3-də Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihələri üzrə ümumilikdə 627 mənzilin “Elektron hökumət” portalı (www.e-gov.az) üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı zamanı Dövlət Təhlükəsizliyi Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və MİDA tərəfindən tətbiq edilən informasiya təhlükəsizliyi mexanizmləri ilə sistemin təhlükəsiz fəaliyyəti nəzarətdə saxlanılıb və təmin edilib.

Mənzil seçimi prosesinə nəzarət və informasiya təhlükəsizliyi tədbirləri həyata keçirilərkən müxtəlif kiberhücum cəhdləri müşahidə edilib və operativ şəkildə aşkarlanaraq neytrallaşdırılıb.

Qeydə alınan müvafiq faktlarla bağlı DTX-də cinayət işi başlanılıb.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının vətəndaşları - C.Süleymanlı və T.Abdulov onlara müraciət etmiş müxtəlif vətəndaşların güzəştli şərtlərlə mənzil əldə etmək prosesini sürətləndirmək, bu prosesdə həmin vətəndaşlara qanunsuz üstünlük qazandırmaq məqsədilə əvvəlcədən əldə etdikləri və informasiya texnologiyaları sahəsində xüsusi texniki imkanlardan istifadə edərək uyğunlaşdırdıqları xüsusi proqram təminatını MİDA-nın “Güzəştli mənzil” informasiya sistemində mənzil seçimi prosesini təmin edən istifadəçi səhifəsinə və ona inteqrasiya edilmiş mühafizə mexanizminə qanunsuz tətbiq etməklə, 2025-ci il dekabrın 3-ü saat 11:00-da kompüter infrastrukturunun normal fəaliyyətinə qəsdən ciddi maneə yaratmağa yönələn hərəkətlər ediblər.

Onlar DTX tərəfindən Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (kompüter sisteminə qanunsuz müdaxilə - hüququ olmadan kompüter məlumatlarını qəsdən daxil etmə yolu ilə kompüter sisteminin işləməsinə təkrar qəsdən maneə törətməyə yönələn hərəkətlər) maddələri ilə cinayət məsuliyyətinə cəlb ediliblər.

Hazırda əlaqəli xüsusatlarla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”.

Sosial həyat