ABŞ prezidenti Donald Tramp Ağ Evdə çıxışı zamanı texnoloji sektor üçün radikal bəyanatla çıxış edib. Tramp bildirib ki, ABŞ xaricində istehsal olunan mikrosxemlər və yarımkeçiricilər üçün 100%-lik idxal rüsumu tətbiq edəcək. “Əgər siz bu məhsulları ABŞ-da istehsal edirsinizsə, rüsum ödəməyəcəksiniz. Əgər isə istehsal etdiyinizi iddia edirsiniz, amma əslində etmirsinizsə, biz bunu yoxlayacaq və cərimə tətbiq edəcəyik”, – deyə Tramp vurğulayıb.
Trampın bu bəyanatı Apple şirkətinin növbəti illərdə ABŞ iqtisadiyyatına 600 milyard dollarlıq sərmayə qoymaq planı fonunda səsləndirilib. Analitiklər bu addımı təkcə iqtisadi təşviq deyil, Çinə qarşı strateji təzyiq vasitəsi kimi dəyərləndirirlər.
2018-ci ildən bəri davam edən ABŞ-Çin ticarət qarşıdurması artıq yeni mərhələyə qədəm qoyub. Mikroelektronika, xüsusilə də yarımkeçiricilər XXI əsrin "nefti" kimi qiymətləndirilir. ABŞ bu sahədə öz mövqelərini qorumaq, Çinlə texnoloji asılılığını azaltmaq və daxili istehsalı gücləndirmək üçün sərt tədbirlərə əl atır.
Tramp administrasiyasının yürütdüyü rüsum siyasəti hazırda texnoloji suverenliyin təmin olunması ilə əsaslandırılır. Bu istiqamətdə əsas hədəflər ABŞ şirkətlərini daxildə istehsala təşviq etmək, Çindən idxal asılılığını minimuma endirmək və qlobal tədarük zəncirlərini yenidən qurmaqdır. Yarımkeçirici bazarında belə yüksək rüsumlar qiymət artımı, təchizat qıtlığı və istehsal xərclərinin yüksəlməsi ilə nəticələnə bilər. Bu, yalnız Çin üçün deyil, ABŞ texnoloji sənayesindəki oyunçular üçün də sınaq olacaq.
Bəzi analitiklərin fikrincə, Trampın bu bəyanatı Tayvan, Vyetnam və Hindistan kimi ölkələr üçün fürsət pəncərəsi açır – bu ölkələr artıq uzun müddətdir ki, “Çinə alternativ texnoloji istehsal mərkəzləri” kimi nəzərdən keçirilir.
Trampın çıxışında xüsusi yer alan Apple şirkəti son illərdə istehsalının bir qismini Hindistana və Vyetnama yönəltmişdi. Lakin şirkətin ABŞ-a bu həcmdə sərmayə yatırmaq niyyəti Trampın siyasəti ilə paralel irəliləyən bir strategiyanın göstəricisi kimi qiymətləndirilir. Bu investisiya planı həm də Trampın seçkiqabağı kampaniyasında “Amerikanın iqtisadi dirçəlişi” narrativini dəstəkləyən əsas sütunlardan biridir.
Ekspertlər hesab edirlər ki, Trampın bəyanatı ABŞ-Çin arasında texnoloji soyuq müharibənin daha da kəskinləşəcəyinə işarədir. Mikroçiplər həm mülki, həm də hərbi texnologiyaların əsasını təşkil etdiyindən, bu sahədəki qarşıdurma yalnız iqtisadi deyil, həm də strateji təhlükəsizlik məsələdir. Birləşmiş Ştatlar bu sahədə dominantlığını qorumaq istəyir, Çin də “Made in China 2025” proqramı çərçivəsində texnoloji özünütəminatlılığa can atır.
Mütəxəssislərin sözlərinə görə, Donald Trampın 100%-lik rüsum təklifi ABŞ-ın texnoloji sektorda özünüqoruma və üstünlük iddiasının ifadəsidir. Bəs bu bəyanat ABŞ-Çin münasibətlərini daha da gərginləşdirə, dünya texnoloji bazarında isə yeni dinamikalar formalaşdıra bilərmi? Sual açıq qalır. "Texnologiyada qlobal liderlik uğrunda mübarizənin qalibi kim olacaq?" sualına da cavab vermək getdikcə çətinləşir.
Səbuhi MƏMMƏDOV
XQ