İflasdan dərs almayanlar

post-img

Ermənistanın suverenlik imtahanı və Azərbaycanın sarsılmaz iradəsi

Cənubi Qafqaz regionu tarixinin bəlkə də ən həlledici dövrünü yaşamaqdadır ki, 2020-ci il Vətən müharibəsində əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Respublikası suverenliyini və ərazi bütövlüyünü tam bərpa etmiş, regionda yeni geosiyasi reallıq formalaşdırmışdır. Lakin postmüharibə dövrünün dinamikası, sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar, diplomatik təmasların intensivliyi fonunda Ermənistanın və onun havadarlarının sərgilədiyi davranış gizli revanşizm, siyasi manipulyasiya cəhdlərini xatırladır. Rəsmi İrəvan ritorikada sülhdən danışmasına baxmayaraq, əməldə beynəlxalq hüquqa və tarixi ədalətə zidd olan, regionu yenidən qeyri-sabitlik girdabına sürükləməyi hədəfləyən sistemli fəaliyyət proqramı icra etməkdədir. Qarşı tərəfin atdığı addımlar xaotik xarakter daşımır, əksinə, vahid mərkəzdən idarə olunan, Qərbdəki ermənipərəst dairələrin, lobbi qruplarının və korrupsiyalaşmış siyasətçilərin iştirakı ilə koordinasiya edilən qlobal hibrid müharibənin tərkib hissəsidir. Ermənistanın və onun xaricdəki havadarlarının hazırkı mərhələdə istifadə etdiyi ən təhlükəli təbliğat tezislərindən biri Azərbaycanda ədalət mühakiməsi qarşısında cavab verən hərbi cinayətkarların, separatçı rejimin rəhbərlərinin və terrorçuların hərbi əsir kimi qələmə verilməsidir.

Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, Cenevrə konvensiyalarına ziddir. Bakıda istintaqı və məhkəmə prosesi davam edən şəxslər illər uzunu Azərbaycan ərazilərini işğal altında saxlayan, Xocalı soyqırımı daxil olmaqla dinc əhaliyə qarşı kütləvi qırğınlar törədən, etnik təmizləmə siyasətinə rəhbərlik edən və terroru dövlət siyasəti səviyyəsinə qaldıran fiqurlardır.

Amma ədalət mühakiməsi siyasi alver predmeti ola bilməz. Hərbi cinayətlər, insanlıq əleyhinə cinayətlər və terrorçuluq beynəlxalq yurisdiksiyada ən ağır suçlar hesab edilir. Azərbaycanın hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər beynəlxalq öhdəliklərə tam uyğundur və heç bir kənar təzyiq rəsmi Bakını ədaləti bərpa etmək yolundan döndərmək iqtidarında deyil.

2023-cü ilin antiterror tədbirlərindən sonra bölgəni tərk edən erməni əhalisinin seçimi tamamilə fərdi xarakter daşıyıb, Azərbaycan dövlətinin onlara təqdim etdiyi reinteqrasiya planından, vətəndaşlıq hüququndan və təhlükəsizlik təminatından imtina əsasında baş verib. Beynəlxalq müşahidəçilərin, o cümlədən BMT missiyalarının təsdiq etdiyi kimi mülki əhaliyə qarşı heç bir zorakılıq halı qeydə alınmamış, onların təhlükəsiz çıxışı təmin edilmişdir. Buna baxmayaraq, bəzi Qərb dairələrinin, xüsusilə Fransa və Avropa Parlamentindəki qrupların “etnik təmizləmə”, “məcburi köçkünlük” və “qovulma kimi ”ifadələrdən istifadə etməsi faktların kobud şəkildə təhrif edilməsinin təzahürüdür. Ermənilərin geri qayıtmasının beynəlxalq zəmanət altında təmin olunması tələbi mahiyyətcə Azərbaycanın suverenliyinə qəsd cəhdidir. Sözügedən tələb Azərbaycanın konstitusiya quruluşu çərçivəsində yaşamaq istəməyən, lakin ərazidə imtiyazlı statusa malik olmağı arzulayan kütlənin vasitəsilə gələcəkdə yenidən separatizm ocağı yaratmaq planının tərkib hissəsidir. Heç bir xarici qüvvə Azərbaycanın ərazisində nəzarətsiz, statusu bəlli olmayan və potensial təhlükə mənbəyi sayılan anklavların yaranmasına nail ola bilməyəcək.

Qərbi Azərbaycandan qovulmuş yüz minlərlə azərbaycanlının qayıdış hüququnu görməzdən gələn, amma Qarabağdan könüllü gedən ermənilər üçün xüsusi imtiyazlar tələb edən dairələrin mövqeyi ikili standartların göstəricisidir. Beynəlxalq hüquq müdafiəçisi və ya prokuror cildinə girərək Azərbaycana qarşı qərəzli hesabatlar hazırlayan, soyqırımı iftiraları atan Luis Moreno Okampo kimi şəxslərin keçmişi onların hansı maraqlara xidmət etdiyini göstərir. Beynəlxalq Cinayət Məhkəməsinin keçmiş prokuroru Okampo vaxtilə korrupsiya qalmaqallarında, etik davranış qaydalarının pozulmasında və ofşor hesablarla bağlı şübhəli əməliyyatlarda ittiham olunmuş, nüfuzunu itirmiş bir fiqurdur. Belə bir şəxsin erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə hazırladığı hesabatların obyektivlikdən uzaq olduğu, siyasi sifariş yerinə yetirdiyi şübhə doğurmur. Bu, çirkli pulların və lobbi maraqlarının diktə etdiyi fəaliyyətdir. Eyni ssenari ABŞ Konqresində də müşahidə olunur və illər uzunu Senatın xarici əlaqələr komitəsinə rəhbərlik edən, Azərbaycana və Türkiyəyə qarşı sərt sanksiyaların təşəbbüskarı olan Bob Menendesin rüşvətxorluq, xarici dövlətlərin maraqlarını qorumaq, korrupsiya əməllərində ifşa olunması erməni lobbisinin dostlarının əsl simasını ortaya qoydu.

Regionda sülh və sabitliyə ən böyük təhdidlərdən biri də Avropa İttifaqının Ermənistandakı müşahidə missiyasının fəaliyyətidir. İlk mərhələdə qısamüddətli və mülki xarakter daşıyacağı vəd edilən, lakin sonradan müddəti uzadılan, tərkibi genişləndirilən missiya, faktiki olaraq, kəşfiyyat xarakterli funksiyaları yerinə yetirir. “Binokl diplomatiyası” adlandırılan fəaliyyət sərhəddə gərginliyin artmasına və Ermənistanın revanşist dairələrinin cəsarətlənməsinə xidmət edir. Missiyanın tərkibində Avropa ölkələrinin xüsusi xidmət orqanlarına və hərbi strukturlarına bağlı şəxslərin yer alması, həmçinin Kanada kimi regiona yad dövlətin nümayəndələrinin ora daxil edilməsi Brüsselin əsl niyyətinin regionda geosiyasi möhkəmlənmək olduğunu sübut edir. Yuxarıda sadalanan bütün faktlar, yəni cinayətkarların müdafiəsi, qayıdış şousu, korrupsioner lobbiçilik və hərbiləşmiş müşahidə missiyası vahid strategiyanın tərkib hissələridir. Ermənistanın havadarları regionda dayanıqlı sülhün bərqərar olmasında maraqlı deyillər. Çünki sülh onların regiona təsir imkanlarını məhdudlaşdıracaq və manipulyasiya alətlərini əllərindən alacaqdır.

Lakin həmin siyasət, ilk növbədə, Ermənistanın özü üçün fəlakətli nəticələr vəd edir. Tarix sübut edir ki, xarici vədlərə aldanaraq qonşularına qarşı ərazi iddiaları irəli sürən və revanşizm yolunu tutan dövlətlər sonda öz müstəqilliklərini itirmək təhlükəsi ilə üzləşirlər. Bütün təzyiqlərə, ikili standartlara və hibrid təhdidlərə baxmayaraq, Azərbaycan Respublikası prinsipial mövqeyindən geri çəkilmir. Rəsmi Bakı sülh gündəliyinə sadiqliyini nümayiş etdirməklə yanaşı, milli maraqlarını, suverenliyini və təhlükəsizliyini qorumaq üçün bütün zəruri addımları atır. Ermənistanın və onun tərəfdaşlarının apardığı oyunlar Azərbaycanın iradəsini qırmağa, ölkəmizi haqq yolundan döndərməyə qadir deyildir. Bu mürəkkəb geosiyasi arenada Ermənistanın oynadığı rol sadəcə piyada funksiyasını yerinə yetirməkdən ibarətdir. Dövlətimiz isə strateji səbri və qətiyyəti ilə bu dumanı dağıtmağa, regionu işıqlı gələcəyə aparmağa qadir yeganə güc mərkəzidir.

Yusif ŞƏRİFZADƏ
XQ

Siyasət